“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015 / 11:50

Son zamanlar mobil operatorların təklif etdiyi xidmətlərin qiymətləri və keyfiyyətində, yeni texnologiyaların tətbiqində irəliləyişlər olsa da, problemlər hələ də qalmaqdadır. Vaxtaşırı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də mobil operatorların xidmətlərindəki problemlərlə bağlı açıqlamalar verir və monitorinqlər aparır.

Maraqlıdır ki, nazirlik yalnız bu monitorinqlərin keçiriləcəyi ilə bağlı məlumatlar verir, onun nəticələri isə adətən ictimaiyyətə açıqlanmır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a mobil operatorların xidmətlərinin keyfiyyəti və bu sahədə aparılan monitorinqlərin nəticələri ilə bağlı münasibət bildirib.

Osman Gündüz bildirib ki, RYTN tərəfindən mobil operatorların təklif etdiyi xidmətlərin monitorinqi aparılır. Monitorinq prosesində mobil İnternet, mobil danışıq xidmətinin keyfiyyəti, şəbəkənin dayanıqlığı yoxlanılır və yalnız bu monitorinqin baş tutması ilə bağlı məlumatlar verilir. Monitorinqin nəticələri elan olunmur və nazirliyin saytında yerləşdirilmir. Forum rəhbəri hesab edir ki, nazirlik tərəfindən bu monitorinqlərin aparılması çox düzgündür, lakin nəticələrin elan olunmaması anlaşılan deyil.

“Vətəndaş üçün gərəkli olan ondan ibarətdir ki, dövlət qurumunun apardığı monitorinqin nəticəsi əlçatan olsun. Belə vəziyyətdə vətəndaş həmin informasiyaya baxıb ölkədə fəaliyyət göstərən mobil operatorların keyfiyyəti haqqında məlumatlana bilər, seçim imkanlarından yararlanar. Ümumiyyətlə isə düşünürəm ki, bu tip informasiyalar ictimai əhəmiyyət kəsb edən informasiyalardır və qanunvericiliyin tələblərinə görə də açıqlanmalıdır. Bu informasiyalar nazirliyin saytında yerləşdirilməlidir”.

Osman Gündüz mobil operatorların xidmətlərinin indiki vəziyyətinə də münasibət bildirib:

“Azərbaycanda son dövrlərdə mobil operatorların qiymətlərində müəyyən endirimlər olsa da, yeni şəbəkələrin qurulmasına, 4G infrastrukturuna başlanılsa da, keyfiyyəti və eləcə də mövcud qiymətləri qənaətbəxş hesab etmək olmaz. Qeyd edim ki, qiymətlərlə bağlı endirimlər üçün əsaslar var. Xüsusən də mobil İnternetlə bağlı problemlər daha çoxdur”.

Osman Gündüz RYTN tərəfindən də bu istiqamətdə bir neçə dəfə açıqlamalar verildiyini, lakin hələlik mobil tariflər sahəsində, eləcə də qiymət endirimində ciddi dəyişikliklər olmadığını diqqətə çatdırıb.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə