Bu gün Media Mərkəzində “Azərbaycanda məlumat almaq imkanları” adlı tok-şou keçirilib.
Tok-şouda hüquqşünas Ələsgər Məmmədli, müstəqil jurnalist Fərəh Sabirqızı, “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz iştirak edib.
Tok-şou “KİV nümayəndələrinin informasiya əldə etmə problemləri”ndən bəhs edən video süjetlə başlayıb. Ardınca iştirakçılar mövzuyla bağlı fikir mübadiləsi ediblər.
Azərbaycanda jurnalistlərin informasiya almaq probleminin olduğunu söyləyən Fərəh Sabirqızı jurnalistlər və informasiya daşıyıcısı olan məmurlar arasında müəyyən bir divarın olduğunu və bunu aşa bilmədiklərini söyləyib.
Natiq Cavadlı da informasiya almağın çətin olduğunu vurğulayıb: “Biz lazımi informasiyanı ala bilmirik. Xüsusilə, tənqidçi jurnalistlərin sualları hakimiyyəti və məmurları narahat edir. İnformasiyanın verilməsi və jurnalistlərlə işləmək bacarığı prezident səviyyəsində olmalıdır. Vaxtilə Heydər Əliyev hər zaman səfərlərində jurnalistlərin suallarını cavablandırardı. İndi artıq bu ənənə də yoxdur. Hakimiyyət sadəcə öz orqanlarına məlumat verir. Amma onlarda da doğru məlumat yoxdur və xalqı qane etmir. Məsələn, mən bir dövlət orqanına zəng edirəm. Mənə deyirlər ki, biz “Yeni Azərbaycan” qəzetinə məlumat veririk, sizə yox”
Natiq Cavadlıdan fərqli olaraq, Yunus Oğuz informasiya almağın hakimiyyət və məmurlarla bağlı olmadığını söyləyib. Onun sözlərinə görə, bəzən ictimai xadimlərdən belə informasiya almaq mümkün olmur: “İnformasiya almağı çətinləşdirən hakimiyyət və məmurlar yox insanların çəkinməsidir. Jurnalistlər isə çox zaman verilən sərbəstlikdən və şəffaflıqdan sui-istifadə edirlər. İnsanlar qanunu bilməli, əməl etməli və hüquqlarını müdafiə etməyi bacarmalıdırlar”.
Tok-şouda jurnalistlərin anonim mənbələrdən istifadə etməsi məsələsi də müzakirə edilib. Ələsgər Məmmədli anonim mənbələrdən istifadə etməyin hüquqi baxımdan düzgün olduğunu bildirib. Natiq Cavadlı isə jurnalistləri anonim mənbələrə istinad etməyə hakimiyyətin vadar etdiyini vurğulayıb. Jurnalistlərin çərçivələndiyini söyləyən Natiq Cavadlı dövlət orqanlarının jurnalistlərlə işləməyi bacarmaması ilə yanaşı onların məlumat saytlarının da fəaliyyətsiz olduğuna diqqəti çəkib.
Mövcud vəziyyətdən razılığını bildirən Yunus Oğuz həmsöhbətlərinə senzuranın olduğu vaxtları xatırladıb: “Biz 1998-ci ilin senzurasını yada salmalıyıq. Problemlər ola bilər, amma zamanla aradan qalxır. Bu gün müxalifət qəzetləri istədiyini yaza bilirsə, demək azadlıq verilib və belə də davam etməlidir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri