İnternetdə alış-veriş nədir, necə olur?
Onlayn alış-veriş internetdə satmaq və bu xidmətdən yararlanmaq deməkdir. Yəni, malı dükan-bazarda deyil, internet üzərindən sərgiləyirlər, sən də saytda rəsimlərini, haqqında məlumatlarını gördüyün hər hansı bir malı bəyənirsən və sifariş edirsən.
Hər gün bir qədər inkişaf edən texnologiya indi imkan verir ki, soyuq havada, günün qızmarında ehtiyacın olan əşyanı almaq üçün dükan-bazar gəzmək məcburiyyətində qalmayasan. Səndən tələb olunan sadəcə malı bəyənmən və online sifariş etməndir. Bəyəndiyini düz evinə qədər gətirirlər.
Onlayn alver anlayışı ilk dəfə 1990-cı ildə meydana çıxıb. İnternetin inkişafı ilə online alver anlamı da təbliğ olunmağa başlandı. Hər gün bir az da rahatlıq axtaran insanlar bu fürsətdən məmnunluqla yararlandılar. Sadəcə internet və kompyuter kifayət edirdi ki, özünü alış-veriş mərkəzində hiss edəsən.
İlk onlayn mağazalardan biri olan amazon.com bu sahədə ilk ciddi addımı atdı, onlayn alış-verişi populyarlaşdırdı. Adıçəkilən portal indi nəhəng elektron ticarət məkanı və hərracına çevrilib.
"Amazon"ı geridə qoyan da var. "eBay" onlayn hərrac sistemi artıq dünyanın ən böyük onlayn dükanına çevrilib.
Azərbaycan qanunları elekton ticarəti dəstəkləyir
Mövcud qanun bu sahədə fəaliyyət göstərən sahibkarın və bu xidmətdən yararlanan insanların hüququnu müdafiə edir. 10 may 2005-ci il tarixli “Elektron ticarət haqqında" Azərbaycan Respublikasının qanununda electron ticarətin təşkilini, həyata keçirilməsini, qanunvericiliyin şərtləri və bu şərtlərin pozulduğu halda sahibkarın daşıdığı məsuliyyətdən bəhs edilir.
Əgər onlayn alış-veriş zamanı mübahisəli bir məsələ yaranarsa, ödəmədə və malın keyfiyyətində bir narazılıq olarsa bu qanunla tənzimlənir. Elektron ticarət barədə qanunun 11 və 13-cü maddələrində bildirilir ki, sahibkar alıcıya və səlahiyyətli orqanlara yalnış məlumat verdiyinə görə qanunda nəzərdə tutulduğu formada məsuliyyət daşıyır. Yəni veb-alver deyib istədiyini edə bilməzsən, bu sahədə fəaliyyət göstərmək istəyirsənsə qanunlara əməl etməlisən.
Məhsulun ünvana çatdırılması zamanı yaranan hər hansı problemə görə məsuliyyəti sahibkar daşıyır. Əgər məhsul ünvana çatmazsa alıcının məhsul üçün öncədən ödədiyi məbləği sahibkar ödəyir. "A&E Magaza” (ae-magaza.com) veb-dükanının rəhbəri Elçin Bağırov bildirir ki, müştəri hər zaman haqlıdır: “Əgər öncədən alıcı məhsula görə pulu ödəyibsə və məhsulu ona çatdıranda bir problem yaranıbsa - bu məsələdə məsuliyyət sahibkara aiddir. Məhsul alıcıya çatmayıbsa, istəsə yenisini əldə edir, istəməsə pulunu geri ödəyirik”.
Veb-dükanlardan birinin sahibi Arzu Allahverdiyevin sözlərinə görə də məhsulun mənzil başına çatmasına qədər bütün məsuliyyət sahibkara aiddir: “Məhsul sığortalıdırsa, sığorta şirkəti məhsulun yox olma, itmə və ya məhv olma səbəblərini araşdırır, əgər qanunlar çərçivəsindən çıxılmayıbsa o məhsulun sığortası sığorta şirkəti tərəfindən ödənilir”.
Onlayn alış-veriş təhlükəlidirmi?
İndi bəzi insanlarda belə bir fikir formalaşıb ki, onlayn satış fırıldaqçı insanların uydurmasıdır və bu prosses zərərli, itkilidir. Əslində, bu cür düşünənlər haqsız da deyillər, belə hadisələr də olur. Normal alış-veriş saytı qismində bir ünvan deyirlər, sən də nəsə bəyənirsən, onlayn ödəmə edirsən, çatdırılan mal isə düşündüyündən və ödədiyin məbləğin qədərindən qat-qat az dəyərə sahib bir şey olur. Çox vaxt geri qaytarmaq və pulunu almaq kimi bir şansın da yoxdur.
Bəzən də onlayn ödəmə edirsən, amma mal gəlib çıxmır, saytda göstərilən ünvanlara yazırsan, zəng edirsən, cavab almırsan. Bir sözlə, aydın olur ki, lələ köçüb, yurdu qalıb. Yəni, it də gedir, ip də. Unutmaq lazım deyil ki, onlayn sifariş verərkən sifariş verdiyiniz e-mağazanın etibarlı olması ən əsas şərtlərdən biridir. Doğru, etibarlır, tanınmış və ən əsası - qanuni yolla fəaliyyət göstərən şirkətin saytını seçin ki, sonra peşman olmayasınız.
Qondarma saytlar yaradıb heç bir göstəriciyə əməl etmədən fəaliyyət göstərən fırıldaqçılar, bu cür işbazların tələsinə düşənlər də çoxdur. Adətən arıqlamaq üçün krem və dərmanlar, gözəllik vasitələri təklif edən bu cür saytların nə faktiki ünvanı bəllidir, nə də kimliyi.
Qondarma bir şirkət üzərində qeydiyyatda olan və qanunsuz fəaliyyətlə məşğul olan bu adamlar satdıqları malı bəh-bəhlə tərifləyirlər, bir-iki savadsız evdar qadına sırıyırlar və aradan çıxırlar. Bu məhsulların zərərləri barədə isə mütəxəssislər dəfələrlə danışıb. Həmin vasitələr allergik xəstəliklərdən tutmuş onkoloji xəstəliklərə qədər fəsadları olur.
Qeyd edək ki, bu cür saytlarda onlayn ödəmə sistemi olmur. Məhsulları evlərdə təqdim edirlər və yerində nağd ödəməyə üstünlük verirlər. Səbəb sadədir: bank hesabı vasitəsilə ələ keçmək ehtimalları çoxdur.
Bizə nə təklif olunur?
Məlumatı olmayanlar üçün bildirək ki, indi internetdən mətbəx əşyaları, mobil telefonlar, kosmetik vasitələrdən tutmuş, hər növ geyimlərə qədər sifariş etmək mümkündür. Təsəvvür edin ki, indi bir çox veb-dükanlarda tikinti materialları, evlər, maşınlar belə onlayn satılır. Eyni zamanda, uşaq arabaları, geyimləri, uşaq otağı mebelləri daha çox olan onlayn sifarişlər arasındadır.
Aparılan araşdırmalara görə, onlayn alış-veriş edənlərin ən çox satın aldığı məhsul qrupu 27.5%-lə təyyarə biletləri, tətil səyahətlər və otel rezervasiyalarıdır. Onlayn alış-verişdə sonrakı yerlərdə isə elektronik avadanlıqlar, eləcə də kompyuter və digər texnoloji avadanlıqlar gəlir.
Üçüncü yerdə isə geyim aksessuarları, kitab və kosmetika məhsulları qərarlaşıb. Amma internet üzərindən maşın, motosiklet və ev bəyənənlər də az deyil. Bizdə o qədər də inkişaf etməsə də, inkişaf etmiş ölkələrdə kirayə evlər belə internetlə tutulur.
Bizim veb-məkanda alış-veriş saytları arasında elələri də var ki, ixtisaslaşmış fəaliyyət göstərirlər. Belə ki, yalnız kişilər üçün (trendy.az), yalnız qadınlar üçün (9ay.az) və yaxud da yalnız uşaqlar (tutu.az) üçün fəaliyyət göstərən onlayn alış-veriş saytları da mövcuddur.
Azərbaycandakı alış-veriş saytları nə təklif edir?
Onlayn alış-veriş sistemi qurmaq firmalar üçün də sərfəlidir. Çünki bəhs etdiyimiz formada alış-veriş zamanı işçi qüvvəsinə ehtiyac duyulmadığı üçün firma işçilərə verilən maaşdan azad olmuş olur. Bu halda internet üzərindən təklif edilən mallara da müəyyən endirimlər tətbiq etmək də olur.
Tezbazar.az, bazarlıq.com, bazarolsun.com, bizimmarket.com, bookstore.com, ekskluziv.az, quqqu.com, eniqma.az, torg.az, florist.az, ae-magaza.com, shop.az, topshop.az, gerek.az, fulal.com və s bu kimi onlarla saytların səhifələrində müxtəlif növdə mallar təklif olunur.
Bu saytlarda təklif olunan mallar əsasən geyimlər, elektronika malları, ev əşyaları, mətbəx avadanlıqları, aksesuarlar, gəlinliklər, qızıl və gümüş əşyalar, şirniyyat, bəzi növ dərmanlar, məlhəmlər, ətirlər, kosmetika, kitablar, disklər, ev, maşın və daşınmaz əmlak, uşaq əşyaları, musiqi alətləri, velosiped və bu tipdən bir çox əşyalardır. Bəzi saytlarda (bazarolsun.com) hətta ev heyvanlarının alış-verişi də təklif olnur.
Bir çox elektron mağazalar malların bəyənilmədiyi halda geri qaytarılması məsələsi ilə razılaşmasa da, bəziləri bu məsələdə müştərilərə haqq verir. Belə ki, müştəri sayta baş çəkir, bəyənir, sifariş edir, baxır - əgər bəyənməsə, geri qaytarır.
Veb-dükanlar necə vergi ödəyir?
Belçikada hər “bit” üzrə verginin tətbiq edilməsi gündəmə gətirildi, yəni sayğaclara yazılan yüklənmiş “bit”lərə görə verginin alınması. Bu verginin dərəcəsi 1 ABŞ dolları müəyyən edildi, 100 meqabitə görə illik vergi daxilolmaları təxminən 10 milyard ABŞ dolları təşkil edə bilərdi. Lakin bu təklif Aİ tərəfindən dəstəklənmədi.
Fransada e-ticarətin vergiyə cəlb edilməsi üçün ticarət fəaliyyəti həyata keçirən internet-şirkətlərin məcburi dövlət sertifikasiyasından keçmələri məsələsi müzakirə edilir. Sinqapurda qanuna görə e-dükan öz xidmətini xaricə təklif edirsə o vergidən azaddır.
Hazırda e-ticarətin vergiyə cəlb edilməsi ilə bağlı dövlətlərin ümumi yanaşması belədir: əlavə və ya yeni vergilərin tətbiq edilməsi zəruri deyil, çünki e-ticarət əməliyyatlarının ümumi ənənəvi metodlarla vergiyə cəlb edilməsi mümkündür.
Bizim veb-dükanların rəhbərləri vergi və gəlirləri barədə verdiyimiz bütün suallardan hər vəchlə qaçdılar. Əminik ki, çoxusu online ticarətə görə vergi haqqında qanunun olmamasından xəbərsizdirlər, ona görə çəkindilər. ae-magaza.com veb-dükanının rəhbəri Elçin Bağırov isə bildirdi ki, bu barədə qanunun olmamasından xəbərdardır: “ Bizim e-dükanın online ödəmə sistemi var və alıcılarımız ödəmələrini bank kartları vasitəsi ilə edə bilirlər. Azercard-la ödəmə edən olduqda isə biz bu alış-verişə görə 4% vergi ödəyirik”
Mütəxəssislər deyir, satışdan verginin tutulması ilə bağlı əsas problem o zaman yaranır ki, sifariş edilmiş mal fiziki qaydada çatdırılmasın və yalnıza birbaşa olaraq internetdən yüklənilsin. Veb-kitablar, kompüter proqramları kimi məhsullar buna misaldır.
Veb-ticarətə vergi tətbiqi barədə qanun hazırlanır
Türkiyədə onlayn ticarətin həcmi ildə 20 milyard lirəyə (10 milyard dollar) çatır. Rusiyada isə bu rəqəm 4 milyard dollara bərabərdir. Azərbayanda müvafiq rəqəmi əldə etmək mümkün deyil. Bizdə hələ də e-mağazaların çoxu satışlarının həcmini ictimaiyyətdən və dövlətdən gizlətməklə məşğuldur. Amma mövcud ticarətinin təbliği kimi həm də veb-dükan sahibi olan sahibkarların illik gəliri məlumdur. Belə ki, sahibkar mövcud biznesinə görə - şirkət, firma, müəssisə üçün vergi ödəyirsə, veb-dükanı üçün də vergi ödəmiş olur.
Maliyyə Nazirliyindən bildirdilər ki, elektron dükanların illik gəlir həcmi barədə bir məlumatları yoxdur. E-ticarətə qanun tətbiq edildikdən sonra bu barədə statistik rəqəm əldə etmək mümkün olacaq.
Bu ildən Azərbaycanda elektron ticarətlə bağlı bəzi yeniliklər gözlənilir. Belə ki, Vergilər Nazirliyi elektron ticarətdə əlavə dəyər vergisinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılmasına hazırlaşır. Vergilər Nazirliyi Analitik İnformasiya Şöbəsindən aldığımız məlumata görə, nazirlik bu il ərzində məsələ ilə bağlı qanun layihəsini işləyib bitirəcək.
Yeni qanuna görə, onlayn ticarətə tətbiq edilən vergi məhsulların satışı ilə ələdə edilən illik gəlirə görə nəzərdə tutulub. Onlayn ödəməyə güvənərək vergi tətbiq etməyin mümkünlüyünə gəldikdə isə, şöbə rəsmisi bildirdi ki, bu o qədər də etibarlı üsul olmazdı: "Saytın idarəsi sahibkarın əlidədir, o istəsə sayğacda satış sayını azalda bilər. Bu sahədə mövcud bir qanun olmadığından boşluqlar hiss olunur, ona görə də konkret olaraq tədbir görmək və vergi tətbiq etmək olmaz. Hələlik isə veb-dükanların məxsus olduğu mağazalardan vergi alınır, dolayısı ilə veb alış-verişinə görə vergi ödənmiş olunur”.
E-mağaza niyə mediadan qaçır?
Çox maraqlıdır ki, araşdırma yazımızı hazırladığımız vaxt ərzində müraciət etdiyimiz saytlardan heç bir cavab ala bilmədik. Bəzi saytlarla telefon, bəziləri ilə isə e-poçt vasitəsi ilə əlaqə saxladıq. Bir çoxu telefona gəlməkdən imtina etdi, bəzisi özünü dandırdı, bəzisi bərk məşğul oldu. Təxminən 10-a yaxın sayta ünvanladığımız suallara cavab ala bilmədik. Bizi maraqlandıran sadəcə onlayn alış-veriş edənlərin sayı və təlabatın həcmi idi.
Topshop.az saytından məktubumuza belə bir cavab yazdılar: “Bizim sayta aid olan daxili məsələlərlə bağlı təəssuflər olsun ki, sizə bir məlumat verə bilmərik”. İsmət adlı bir xanımdan gələn bu mesajda hansı özəl və daxili məlumatlardan söhbət gedir, anlamadıq. Məgər xidməti bir saytın gündəlik nə qədər ziyarətçisinin olması bu qədər məxfidir?
Onlayn alış-veriş saytları arasında hələ yeni olan “A&E Magaza” saytının rəhbəri Elçin Bağırov bildirdi ki, cəmi 1 ay olar ki, fəaliyyət göstərirlər. Amma bununla belə, alış-veriş prosesi normaldır. Online sifarişlər arasında daha çox kitablar və elektronika malları sifariş edilir. Gündəlik ziyarətçi sayının 150-200 nəfər olduğunu deyən sayt nümayəndəsi bildirdi ki, hədəfləri 1500-2000 arasıdır.
Online alış-veriş sərfəlidirmi?
Bu sual həmişə öz aktuallığını qoruyub saxlayıb. İnsanları həmişə düşündürür ki, hansı seçim daha yaxşıdır: birbaşa mağaza və dükanlardan alış veriş, yoxsa online alış-veriş? Biz də mövzu ilə bağlı kiçik bir sorğu keçirdik. Kiminə görə online alış-veriş daha sərfəlidir, kiminə görə isə bu baha başa gəlir. Biz də kiçik bir araşdırma etdik, online mağazada təklif edilən malları normal, həmişə getdiyimiz mağazada təklif edilən məhsullarla qarşılaşdırdıq.
Veb-dükanların birində 11 manata təklif edilən “Gepaas” markalı sadə bir mikser adi alış-veriş mərkəzində də 10-11 manatdır. “Samsung ES70” 2 megapiksel rəqəmsal fotoaparat – normal dükanlarda 150 manata təklif edilən bu kamera veb-mağazada 154 manata təklif edilir.
Gül xidməti göstərən florist.az saytı isə xidmətə görə bir qədər çox ödəmə tələb edir. Məsələn, 25 qızılgülün vəhdətindən əmələ gələn “Bahar” adlı bir buketin qiyməti 150 AZN-dir. Normal şərtlərdə bu buketə ən çox 50-60 manat ödəmək olar.
Başqa bir saytda hədiyyəlik bir bağlamaya görə 149 manat ödəməlisən. Hədiyyə bağlaması deyəndə bir qədər dəbdəbəli səsləndi - bağlamaya daxil olan məhsullar o qədər də dəbdəbəli deyil. Bir ədəd sadə şampan şərabı, bir qutu adi şokalad, balaca bir dəstə gül. Əgər bu bağlamanı özün tərtib etmək istəsən, o zaman belə bir ödəmə etməli olacaqsan: 10 manat şərab, 10-15 manat şokolad, 20 manat gül, cəmi 45 manat.
Aldanmamaq üçün əsas bilgilər
Elekton ticarət xidmətlərindən bəhrələnmək vaxta qənatə etməklə yanaşı başqa üstünlükləri də var. Bir şərtlə ki, müəyyən təcrübən və bilgilərin olsun. Milli.az xəbər portalı fırıldaqçı e-ticarətdən qorunmağın yollarını təqdim edir:
Heç bir halda tanınmamış, adı duyulmamış, məhşur olmayan saytardan alış-veriş etməyin.
Onlayn ödəmə qaydası tətbiq edilməyən saytlardan uzaq olun.
Fırıldaqçı online alverçilər daha çox arıqlamaq üçün vasitələr, ucuz kosmetika və işlənmiş elektronika təklif edir.
Bir çox hallarda tanınmış firmaların mallarının saxtasını təklif edirlər.
Malı təslim edən şəxsdən kimliyini təsdiq edən sənədi tələb edin.
Saytın və təmsil etdiyi şirkətin faktiki ünvanını və telefonunu öyrənin.
Alacağınız malın haqqında təsnifatlı məlumat öyrənin, çünki malı bəyənmədiyiniz təqdirdə geri qaytarmaq üçün tutarlı əsaslarınız olmalır.
Saytda onlayn ödəmə edərkən bunlara diqqət edin:
Ödəmə etdiyiniz bölməni tıklayanda saytın üzərində deyil, kənardan əlavə səhifə açılırsa ödəmə etməyin.
Ödəmə səhifəsi dərhal açılmamalıdır, açılma prosesi saytın yüklənməsi prosesi kimi olmalıdır.
... Biz yazdıq, bilgiləndirməyə çalışdıq. Sonrası sizdən asılıdır. Amma qurunun oduna yaşı da yandırmayın. Normal, qaydalar çərçivəsində xidmət edən onlayn ticarət sistemləri də var. Ehtiyac yaranarsa, onlardan yararlanmaq mümkündür.
mənbə: milli.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri