Bizə qarşı informasiya müharibəsi aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bizə qarşı informasiya müharibəsi aparılır. ”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası
keçirilib.
İclasda çıxış edən Prezident İlham Əliyev ilin birinci rübünün
sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirib ki, 2012-ci il
uğurlu başlayıb.
Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin
genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da
gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət
qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verib.
Dövlət başçısı həmçinin bildirib ki, bu il texnoparkların yaradılması
istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı
üçün müasir texnologiyalar tətbiq olunmalıdır. " Bu il texnoparkların
yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır.
Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq
sahələri ayrıldı.
Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi
Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların
salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret
işlərə başlamalıyıq. Çünki bütün qanunvericilik, ondan sonra,
infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən
edilibdir.
Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail
olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə
yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə,
yerli istehsal daha da güclənəcəkdir. Qeyri-neft sənayemizdə artım indi
16,5 faizdir, daha da artacaqdır. Biz Azərbaycanda sözün əsl mənasında
çox güclü qeyri-neft sənayesi yaradacağıq.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu da hesab edirəm ki, indiki
zamanda çox aktualdır. İnformasiya təhlükəsizliyi. Biz enerji, ərzaq
təhlükəsizliyi haqqında geniş danışırıq. Bu, çox vacibdir. İnformasiya
təhlükəsizliyi də indiki dövrdə çox vacibdir.
Çünki mən hesab edirəm ki, bu sahədə hələ çox işlər görülməlidir.
Müxtəlif istiqamətlər üzrə işlər görülməlidir. Biz internet dövründə
yaşayırıq. Bu, reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan o
ölkələrdəndir ki, burada azad internet vardır. Bunu, bəzən bizi tənqid
etmək istəyənlər unutmasınlar.
İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz
indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin
çəkilməsinə çalışırıq və buna nail olacağıq. Əlbəttə, informasiya
təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır. Çünki qlobal
informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət
qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi,
yəni, gizli xarakter daşıyır.
Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam
əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin
aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı
ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq,
Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək
cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən
qaynaqlanır".
Sonda Prezident İlham Əliyev respublikada gedən uğurlu sosial-iqtisadi
islahatların ölkənin müstəqilliyini daha da gücləndirdiyini deyib və bu
siyasətin bundan sonra da davam etdiriləcəyini bildirib.