Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq
O.Gündüz: yeni agentlik internet-resursları kiberhücumlardan müdafiə edəcək
İKT sahəsində ekspert, İnformasiya Texnologiyaları Mərkəzinin sədri Osman Gündüz Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması haqqında qərarı müsbət qiymətləndirilib. Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) nəzdində bu qurumun yaradılması haqqında prezident İlham Əliyevin müvafiq fərmanı dünən imzalanıb.
Bu qərarla bağlı Turan-a şərh verən Gündüz bildirib ki, XDMX-də əvvəllər də xüsusi rabitə və informasiya departamenti var idi, amma indi daha yüksək statusa və səlahiyyətlərə malik qurum yaradılır.
“Yeni agentliyin üzərinə bütün dövlət qurumlarının informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi qoyulur. Qurum monitorinq , audit keçirəcək, metodiki və texniki yardım göstərəcək, təhlükəsizlik proqramları tətbiq edəcək, təhlükələr barədə xəbərdarlıq edəcək”, deyə ekspert bildirib.
Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyinə gəlincə, bu sahədə işləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi koordinasiya edəcək.
Onun sözlərinə görə, Mərkəz informasiya resurslarının təhlükəsizliyi üzrə metodiki, texniki və informasiya dəstəyi göstərəcək.
Gündüz xaricdən kiberhücumların qarşısının alınması üzrə tədbirlər görülməsini və bu barədə yerli qurumlara məlumat verilməsini mühüm məqam adlandırıb.
Bununla yanaşı, Gündüz yeni orqanın strukturuna ekspertlərin, elmi dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələrinin daxil edilməsinin əhəmiyyətini nəzərə almaq zərurətini qeyd edib.
Bu addımlar dövlət orqanlarının, KİV-in və Azərbaycanın digər qurumlarının saytlarının müdafiəsinin gücləndirilməsinə şərait yaradacaq. (Turan)