“Media rəhbərləri jurnalistlərdən şikayət edir” – Müsahibə

16-01-2015 / 13:17

“Jurnalistikanın tədrisində nəzəriyyədən çox praktikaya üstünlük verilməlidir”

Müsahibim Lalə Dilanova Tovuzda anadan olub. Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbini bitirib. Jurnalistika üzrə bakalavriat və magistratura təhsilini Türkiyə Respublikasının Qazi Universitetində alıb. Hazırda həmin universitetin doktorantıdır.

Türkiyənin Ankara şəhərində TESK FM, Radio Anadolu, “Dünya” qəzeti, Anadolu Mətbuat Mərkəzi, “Küresel ana haber” qəzeti kimi mətbuat qurumlarında çalışıb. 2009-cu ildən Azərbaycan Universitetinin müəllimidir.

- Junalistikanın tədrisində yeni medianın rolu nədən ibarətdir?

- Yeni kommunikasiya mühiti öncəliklə bizim tədris planımızı dəyişdirdi. Jurnalistika tələbələri yeni media vərdişlərinə yiyələnməlidirlər. Azərbaycan universitetlərində jurnalistika ixtisasının tədrisi rəsmi sənəd olan dövlət standartı əsasında aparılır. Tədris planının dəyişdirilməsi və yeni mediaya hesablanması bir zərurət olaraq ortaya çıxanda standart 2009-cu ildə qəbul olunmuşdu və günün tələblərini qarşılamırdı. Jurnalistikanın tədrisinə dair dövlət standartı ixtisasın ümumi xarakteristikasını, hazırlıq və bilik səviyyəsinə qoyulan minimum tələbləri və təhsil proqramının strukturunu, tədris olunacaq məcburi fənlərin adlarını və məzmunu müəyyənləşdirir. Universitetlərin işçi tədris planları bu standarta əsasən hazırlanır. İşçi tədris planlarında tələbələrə hansı semestrdə hansı fənlər, hansı kreditlə tədris olunacağı, prerekvizit, korekvizit fənlər yer alır. Standartın belə bir əsnəkliyi var ki, peşə hazırlığının seçmə fənlərinin müəyyənləşdirilməsi universitetin ixtiyarına buraxılır. Biz məhz bu əsnəklikdən istifadə edərək Azərbaycan Universitetində işçi tədris planında yer alan bəzi seçmə fənlər ləğv edərək, yeni tələblərə hesablanan, jurnalist materiallarının rəqəmsal texnologiyalara əsaslanan metodlarla çatdırılmasını tədris edən yeni fənlər daxil etdik. 2014-cü ildə isə yeni standart hazırlanıb və Təhsil Nazirliyi tərəfindən universitetlərə göndərilib. Özəl universitetlərə artıq 4 ildir ki, qəbul aparılmır və biz bu il axırıncı Jurnalistika tələbələrimizi məzun edirik. Bu səbəbdən mən yeni standarta tanış deyiləm, amma hesab edirəm ki, yeni standartda jurnalistika təhsilinin ədəbiyyatdan uzaqlaşdırılması zəruriliyi nəzərə alınmış və yeni tələblərə hesablanıb.

-Yeni medianı nə vaxtdan tədris edirsiniz?

- Yeni mediaya dair fənləri 2011-ci ildən tədris edirəm. İşçi tədris planına daxil etdiyimiz yeni fənlər “Yeni mediaya giriş”, “Onlayn jurnalistika” və “Multimedia jurnalistika” fənləridir.  “Yeni mediaya giriş” yeni kommunikasiya mühiti ilə bağlı əsas anlayışları təqdim edir. “Onlayn jurnalistika” fənnində tələbələr hazırladıqları materialları onlayn rejimdə təqdim etmənin  forma və metodlarını, “Multimedia junalistika” fənnində  isə multimedia məhsullarının hazırlanması yollarını öyrənirlər. Ümumilikdə isə bu kurslarda tədris olunan mövzuların Jurnalistikanın kurrikulumuna hopdurulmasının tərəfdarıyam. Çünki, məsələn, biz həm tələbələrə “Jurnalist etikası” fənnini tədris edirik, həm də “Yeni mediaya giriş” fənnində yeni kommunikasiya mühitinin formalaşması ilə ortaya çıxan etik problemlər və həll yollarından danışırıq. Yeni media-köhnə media anlayışlarından xilas olmaq lazımdır, qaydalar eynidir, fərq odur ki, informasiya artıq fərqli platformada, rəqəmsal texnologiyalarla və yeni vərdişlərlə çatdırılır.

- Daha çox nəzəriyyə yoxsa praktikaya üstünlük verirsiniz?

- Azərbaycanda jurnalistikanın tədrisi gündəmə gələndə ikisi arasındakı nisbətin necə olacağı hər zaman müzakirə predmetidir. Media rəhbərləri də işə yeni başlayan gənc jurnalistlərin praktik vərdişlərinin olmamasından şikayət edirlər. İşçi tədris planında jurnalistika tələbələri üçün ümumilikdə 10 həftəlik istehsalat təcrübəsi nəzərdə tutulur və çox vaxt özünü doğrultmur. Mən belə bir fikirdən çıxış edirəm, madəm jurnalistika həm də peşədir, o zaman tələbələr əsasən peşə vərdişlərinə yiyələnməlidirlər və praktika ilə nəzəriyyə nisbətində praktikaya üstünlük verilməlidir.  Hətta tələbələr artıq çoxvərdişliliyə yiyələnməlidirlər. 

- Lalə xanım, bəs bu praktikalar tələbənin öz müstəqil seçimi əsasında həyata keçirilirmi?

- İstehsalat təcrübəsi öncəsi tələbələrin fikirlərini öyrənirik. Medianın hansı qolunda, ya da konkret olaraq hansı media qurumunda təcrübə keçmək istədiklərini müəyyənləşdirirk. Amma nəticədə qərarı biz veririk. Onların fikirlərini nəzərə almaqla yanaşı, ölkənin aparıcı, peşəkar media qurumları ilə əlaqələr qurmağa səy göstəririk. Bununla yanaşı, az əvvəl qeyd etdiyim kimi iki yaxud dörd həftəlik istehsalat təcrübəsi kifayət etmir. Məsələn, tələbə mediasının formalaşdırılması,  yaxud sonuncu tədris ilinin ikinci semestrinin bütövlükdə təcrübəyə ayrılması bu problemi həll edə bilər. Biz Azərbaycan Universitetində tələbə mediasının formalaşdırılması istiqamətində müəyyən addımlar atmışıq. Önümüzdəki qəbul dövründə Jurnalistika ixtisasına tələbə qəbulumuz mümkün olsa, əlbəttə işçi tədris planımızı təkrar nəzərdən keçirəcəyik.

- Tələbələri tədrisə cəlb etmək üçün hansı veb texnologiyalardan istifadə edirsiniz?

- Etiraf edək ki, bu gün adi vətəndaşın mobil telefon ilə etdiklərini 20 il bundan əvvəl peşəkar media qurumları edə bilmirdi. Dərslərdə sosial medianın imkanlarından əlbəttə ki, istifadə edir, sosial media alətlərindən praktik istifadəyə şərait yaradıram. “Yeni mediaya giriş” fənnində iştirak edən tələbələrin özlərinə aid bloqu olmalı, hazırladıqları materialları buraya yükləməlidirlər. Semesterin sonunda bloqlar həm texniki, həm də məzmun olaraq qiymətləndirilir. Hər fənnin tvitter həştəqi vardır və hər mühazirə sonrasında həştəq onlara xatırladılır və fikirlərini tvit etmələri təklif olunur. Hətta bəzən dərsdə belə bir mənzərə yaranır. “Bu mövzu sizin üçün çox faydalıdır, amma mobil telefonu yenə əlinizdədir” deyəndə, “Müəllimə, dediklərinizi telefona yazıram, ya tvit atıram” kimi cavablar verirlər.  

- Universitetin texniki imkanları yeni medianın tədrisinə şərait yaradırmı?

- Azərbaycan Universitetində jurnalistikanın tədrisi üçün texniki imkanlarımız kifayət qədərdir. Amma jurnalistikanın bu gün gəldiyi nöqtədən baxanda, veb 2 texnologiyaları əslində texniki yetersizlik problemini də aradan qaldırır, tələbələr tərəfindən həm materialların hazırlanması, həm də yayılmasını asanlaşdırır.

-Yeni media üzrə təhsil alan tələbələr sonradan iş tapa bilirmi?

- Biz ümumi jurnalistika təhsili veririk. Tədris planımızı da müəyyən dərəcədə yeni tələblərə uyğunlaşdırmağa çalışdıq. Hesab edirəm ki, məzunlarımız təkcə jurnalistkada deyil, kommunikasiyanın digər sahələrində də özlərinə iş tapa bilərlər. Azərbaycan Universitetində jurnalistikanın tədrisi 2008-ci ildən aparılır. Sayı o qədər çox olmasa da, yeni media sahəsində işləyən məzunlarımız var. Önümüzdəki illərdə statistikanın daha da netləşəcəyini təxmin edirəm.

- Tələbələr bloqunuzdan (dilanova.wordpress.com) yararlana bilirmi?

- Bloqu mən əslində tələbələrə nümunə olmaq üçün açmışam. Əgər onlardan bloq tələb edirəmsə, demək ki, öncə mənim bloqum olmalıdır fikri ilə yola çıxdım. Bloqda həm tədris etdiyim fənlərin mühazirələrini yerləşdirirəm, həm də bəzən gündəlik həyata, ölkədə və dünyada baş verən hadisələrə dair qələmə aldığım yazıları paylaşıram. Düzdür, bəzi mühazirələr şifrəlidir, yalnız öz tələbələrim oxuya bilir, müəllif hüquqlarının qoruna bilməsi üçün bu yola müraciət etdim. Amma tez-tez başqa universitetlərin tələbələri də mail yazaraq, şifrənin onlara verilməsini xahiş edirlər. Çünki, yeni medianın tədrisində əsas problemlərdən biri mövzuya dair ədəbiyyatın olmamasıdır. Mən böyük məmnuniyyətlə şifrəni onlara da verirəm. Təkcə Azərbaycan Universitetinin tələbələri deyil, digər universitetlərin tələbələri də bloqdan yeni media resursu kimi istifadə edir. Özəlliklə, imtahan dövründə bloqun statistikası olduqca yüksək olur. 

 

Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə