“Dövlət və özəl sektor sosial medianın imkanlarını hələ ki, dəyərləndirə bilmir”

08-09-2011 / 13:36

Daha öncə də məlumat verdiyimiz kimi 2-4 Sentyabr tarixləri arasında Nabranda Bloqosfer 2011 Forumu baş tutub.

Xəbərlər-in verdiyi məlumata görə, forumda 150-dən çox bloqçu və yeni media mütəxəssisi Azərbaycanın İnternet media mühitini müzakirə etmək üçün  bir araya gəlib. Foruma bloqçular, yeni media mütəxəssisləri ilə yanaşı bu sahənin inkişafında maraqlı olan dövlət, biznes, QHT, beynəlxalq təşkilat nümayəndələri də qatılıb. Tədbir artıq arxada qaldı. Tədbirin yekunları ilə bağlı Forumun təşkilatçılarından olan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün fikirlərini öyrəndik.

-Osman müəllim, bu gün Azərbaycanda bloqçuluğun inkişafını necə qiymətləndirirsiniz?


-Fikrimcə, hazırda Azərbaycan İnternetinin ən dinamik inkişaf edən sahələrindən biri də məhz bloqosfera, sosial media sahəsidir. 2006-cı ildə barmaqla sayılan bloqçular artıq bütün ölkə üzrə ciddi bir cəmiyyət – bloqosfera formalaşdırıblar. Əgər iki–üç il bundan öncə bloqçu dedikdə ancaq siyasi bir yazar göz onünə gəlirdisə, artıq bu cür yanaşmalar arxada qalıb. Ümumiyyətlə, qeyd edim ki, digər ölkələrdə də ilkin dövrlərdə bloqçuluğun siyasi xətti üstünlük təşkil edib.  İndi bizdə siyasi bloqçularla yanaşı müəllim də, biznesmen də, jurnalist də, həkim də və hətta dövlət məmuru da bloqdan korporativ , fərdi və ictimai məqsədlər üçün effektiv istifadə etməkdədir. Hazırda xəbər yönümlü bloqlar üstünlük təşkil edir.  Bloqosferanın yeni bir sahəsi mikrobloqlar hazırda Azərbaycanda daha sürətlə inkişaf etməkdədir. Təkcə son bir ildə üç min nəfər Twitterdə öz mikrobloqlarını  yaradıb. Bununla belə fikrimcə, peşəkar bloqçuluq istiqamətində, yeni medianın imkanlarından ictimai maraqlar üçün daha səmərəli istifadə edilməsi sahəsində   görüləcək işlər hələ qabaqdadır.  Müxtəlif peşə sahiblərinin, dövlət qurumlarının bloqlardan və sosial şəbəkələrdən istifadə etməklə informasiya münasibətlərini qurması xeyli faydalı olardı. Müxtəlif ictimai qurumların,  yerli və beynəlxalq donorların bloqosferanın inkişafı istiqamətindəki müsbət fəaliyyətlərini də qeyd etmək yerinə düşərdi.   

 -Bloqosfer 2011 forumu haqda ümumi təəssüratlarınız?


-Düşünürəm ki, uğurla başa çatdı. Ölkənin müxtəlif bölgələrini təmsil edən Forum iştirakçıları kifayət qədər ciddi məslələri gündəmə gətirirdilər. Çıxışlarda adi bloqçunun Azərbaycan İnternetinin inkişafl üçün məsuliyyət daşıması müşahidə olunurdu. İştirakçılar Azərbaycanda İKT sahəsində real vəziyyət , problemlər və onların aradan qaldırılması istiqamətində   yetərincə informasiya əldə etdilər və fikir mübadiləsi apardılar.  Xeyli səmərəli təkliflər irəli sürüldü . Ən maraqlı və qaynar müzakirələr Qruplarda gerçəkləşdi. Azərbaycan İnternetinin problemləri, Yeni Mediada peşəkarlıq və biznes istiqamətlərində xeyli səmərəli diskusiyalar aparıldı.  Bloqosferanın problemləri ilə bağlı müzakirələr olduqca canlı keçdi. Ən maraqlısı o idi ki , müxtəlif siyasi baxışlara malik insanlar qruplarda müzakirə-mübahisə aparanda tam unutmuşdular ki, hansı siyasi baxışları daşıyırlar. Onları yalnız Azərbaycan İnternetinin, o cümlədən də bloqosferanın inkişafı maraqlandırırdı. Bloqosfer  Forumunun da əsas məqsədi məhz tərəfsiz, sırf infrastruktur və özünütənzimləmə problemlərini , kontent problemini qabartmaq, hökumət və cəmiyyətə  bu istiqmətdə mesajlar vermək idi. Məlumat üçün bildirim ki, irəli sürülən təkliflər ümumiləşdirilərək ictimaiyyətə  və aidiyyatı qurumlara çatdırılcaq.

Bu ilki forumun yadda qalan məqamlarından biri də Azərbaycan İnternet Forumunun  sosial media sahəsində fərqlənənləri xüsusi diplomlarla və hədiyyələrlə təltif etməsi oldu. Bu zəruriyyət haradan meydana çıxdı və bunda əsas məqsəd nə idi?


-Bilirsiniz ki, AİF uzun müddətdən bəri Azərbaycan İnternetinin inkişafı istiqamətində sistemli və ciddi fəaliyyət göstərməkdədir. Azərbaycan İnternetinin inkişafı istiqamətində məsuliyyətini  dərk edəcək  biz yeni  media mütəxəssislərini və bloqçuları , bu sahədə layihələri dəyərləndirməyi məqsədə uyğun hesab etdik. Məqsəd , bu istiqməti önə çəkmək, digərlərinə nümunə göstərmək,  bu istiqmaətdə inkişafı və fəaliyyəti stimullaşdırmaq, həvəsləndirmək idi. Təsadüfi deyil ki, qaliblər arasında yeni medianın müxtəlif növləri, müxtəlif platformalar üzərində yaradılan bloqlar və bloqçular, hətta dövlət sektorunun layihələri var idi. Biz hesab edirik ki , dövlət qurumlarının sosial şəbəklər üzərindən vətəndaşlarla informasiya münasibətləri qurmasının ancaq və ancaq faydası ola bilər. Yeri gəlmişkən, qeyd edim ki , qaliblər AİF- in ekspertlərinin qiymətləndirilməsi əsasında müəyyən olunublar. Biz bu istiqamətdəki fəaliyyətimizi gələcəkdə daha effektiv formada davam etdirmək niyyətindəyik. Eyni zamanda, qeyd edim ki, AİF adından təqdim olunan bu  mükafatların, bəzi bloqlarda və media vasitələrində qeyd olunduğu kimi, Milli Net mükafatı ilə hər hansı bir əlaqəsi yoxdur.
Fürsətdən istifadə edib bildirim ki, elə Forumda da elan olundu ki Milli İnternet Mükafatı –Milli Net 2011 Müsabiqəsinə 15 sentyabr tarixindən start veriləcək.

-Bloqosfer 2011 həm də ətrafında yaranan söz-söhbətlərlə yaddaqalan oldu. Bu barədə nə deyə bilərsiniz?

- Elə də önəm veriləcək bir hadisə olmadı. Sadəcə Forumun gedişi ilə bağlı sosial şəbəkələrdə bir ictimai qurumu təmsil edən forum iştirakçısı tərəfindən yazılan, bir qədər etik qaydalara uyğun olmayan mesajdan sonra müəyəyn anlaşılmazlıq yarandı. Düzdü, bəzi Forum iştirakçıları yazılan mesajla bağlı açıqlama əldə edə bilmədiklərindən forumun gedişində bu məsləni bir qədər dramatikləşdirdilər. Sonradan məlum oldu ki, bu mesaj  bütövlükdə Foruma aid olmayıb. Hesab etmək olar ki, həm baş verən hadisə, həm də ondan sonrakılar  bir dostluq şarjları, dostluq video şarjları idi. Amma qeyd edim ki, bütün bunlar Forumun müzakirə atmosferinə təsir etmədi . Həm adını çəkdiyim ictimai qurumun üzvləri olan iştirakçılar , həm də digər iştirakçılar çox peşəkarcasına qrup  müzakirələrdə iştirak edirdilər. Bütün xırda problemlərə baxmayaraq forum məhz müxtəlif təmayüllü  qrupların, insanların , siyasi və ictimai xadimlərin iştirakı ilə gözəl idi. Bu cür anlaşılmaz situasiyaların təkraralnamaması üçün informasiya yayımı ilə məşğul olan  hər bir kəs, xüsusən də ictimai yük daşıyan insanlar həm real, həm də virtual dünyadakı fəaliyyətlərində ciddi olmalıdırlar.

-Fikrinizcə, niyə görə müvafiq dövlət strukturları və bir çox biznes qurumları bu tip tədbirlərə dəstək göstərməkdə tərəddüd edirlər?

-Çox təəssüflə bildirmək istəyirəm ki, dövlət və biznes sektoru tədbirdə demək olar ki, iştirak etmirdi. Beynəlxaq təcrübəyə nəzər salsaq görərik ki , məhz dövlət və özəl sektor  bu tip tədbirlərin nəinki iştirakçısı , əslində elə təşkilatçı və dəstək verənləridən olurlar. Dövlət və bizmes sektoru bu tip tədbirlərdə yeni imkanlar haqqında,  vətəndaşlarla daha effektiv informasiya münasibətləri qurmaq yolları haqqında olduqca əhəmiyyətli informasiyalar əldə edə bilərdilər. Həmçinin, biznes qurumları da özləri üçün yeni auditoriya  əldə etmək yollarını öyrənə bilərdilər. Bir daha çox təssüf ki , bu imkanlardan istifadəyə etinasızlıq bu qurumlarda hələ də davam edir. Görünür, bu qurumlar indiki zamanda bu cür imkanları qiymətləndirmək iqtidarında  deyillər. Amma tam əminəm ki, ölkənin və dünyanın inkişaf tendensiyası onları bu  istiqamətə üz çevirməyə vadar edəcək.

-Sizcə, gələcəkdə forumu daha effektiv etmək üçün  hansı əlavələri etmək mümkündür? Bu dəfə forumun gedişatına əngəl törədəcək hansısa pronblemlər yaşandımı?

-Əlbəttə, problemsiz ötüşmədi yenə. Ötən ilki kimi bu dəfə də tədbir iştirakçıları normal bir İnternet əldə edə bilmədilər. Bu isə məhz bununla bağlı təşçkilatçılığın yetərli olmaması ilə yanaşı,  həm də bir infrostruktur problemi idi. Ümumiyyətlə o cür nəhəng istirahət mərkəzində normal İnternet infrostrukturunun olmaması təəssüf doğurur. Eyni zamanda təcrübə göstərir ki , mövzuların konkret və az olması keyfiyyətə təsir edən ciddi amillərdəndir. Əlbəttə bu tip Forumlarda konkret bir mövzu ilə bağlı peşəkar bir müzakirə aparıb yekun qərara gəlmək çətin olur.  Gələcəkdə mövzular daha da konkretləşsə effekt xeyli çox olar.  Forumun uğurunu artırmaq üçün biznes  və dövlət qurumlarından da  təşkilatçı qismində nümayəndələr dəvət olunması  səmərəli ola bilər. Forum bütün iştitrakçıların kollektiv əməyinin məhsulu olaraq gerçəkləşsə də , vaxtdan səmərəli istifadə üçün zəruruidir ki, gedişatla bağlı  konkret məsul şəxslər öncədən müəyyənləşdirilsin. Eyni zamanda düşünürəm ki, növbəti illərdə Forumun Bakıda , məsələn, Novxanıda və ya digər  bu kimi yerlərdə keçirilməsi daha səmərəli ola bilər.

-Bu forumun Azərbaycanda bloqqerliyin inkişafında nə dərəcədə əhəmiyyətli  olacaq?

- Təbii ki, bu Forum da  ölkədə Bloqosferanın inkişafına müsbət təsir göstərəcək.  Fikrimcə müxtəlif peşə sahiblərinin, dövlət  sektorunun bu sahəyə diqqəti daha da artacaq. Təsadüfi deyil ki , Prezidentin rəsmi internet xidmətinin,  digər dövlət qurumlarının artıq bu istiqamətdə xeyli müsbət təcrübələri  var. Təhsil nazirliyi tərəfindən artıq ikinci ildir ki, ən yaxşı müəllim bloqu ilə bağlı müsabiqələr keçirilir. Fikrimcə, bu sahədə peşəkarlıq  daha da yüksələcək.  Ənənəvi medianın yeni media sahəsinə diqqəti artacaq və onlar bu sektorun gücündən,  imknalarından daha effektiv istifadə etməyə çalışacaqlar. Artıq bir  sıra qəzetlərin və agentliklərin də Twitterdə və Facebookda hesablarını görmək olar. Yeni auditoriya və effektiv imkanlar yaradan bu tendensiya qarşıdakı illərdə  xeyli sürətlənəcək.

 

Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə