Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə ötən gün keçirilən geniş tərkibdə görüşü çərçivəsində texnologiyalar sahəsində də iki mühüm sənəd imzalanıb:
1. Elm və Təhsil Nazirliyi ilə “Presight” şirkəti arasında təhsildə süni intellektin istifadəsinin artırılması sahəsində Anlaşma Memorandumu
2. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Presight” şirkəti arasında 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu.
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspert qeyd edib ki, hər iki nazir – Emin Əmrulayev və Rəşad Nəbiyev bundan əvvəl BƏƏ-də “Presight” şirkətinin CEO-su Tomas Pramotedham ilə görüşmüşdülər.
Elm və Təhsil Nazirliyi artıq bir müddətdir süni intellekt əsaslı texnoloji həllərlə ciddi maraqlanır:
"Nazirlik bir müddət öncə Dubayda “Microsoft”un regional komandası ilə birlikdə təhsilə uyğunlaşdırılmış Böyük Dil Modelini - EduAzGPT modelini qurmaq ideyasını müzakirə etmişdi.
Bütün bunların əsasında duran əsas məqsəd isə “Rəqəmsal Məktəb” platformasında AI həlləri tətbiq edərək şagirdlərə fərdi öyrənmə təcrübəsi, müəllimlərə dərs planı və qiymətləndirmədə dəstək, idarəçilərə isə data əsaslı qərar imkanları təqdim etməkdir.
Digər tərəfdən, 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşısında ciddi öhdəliklər qoyulub. Görünür ki, Nazirlik bu hədəflərin icrası üçün qlobal miqyasda tanınan “Presight” şirkəti ilə daha sıx əməkdaşlığa başlayır.
Xatırladıram ki, bir müddət öncə SOCAR və BƏƏ-nin Presight AI və Esyasoft Holding şirkətlərinin birgə müəssisəsi olan IntelliGrid arasında da 13 illik əməkdaşlıq çərçivəsində yeni müqavilə imzalanmışdı.
Müqavilə çərçivəsində Azərbaycanda süni intellekt əsasında Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin yaradılamsını, şəbəkənin modernləşdirilməsini, texnologiyaların tətbiqi ilə qaz itkilərinin və emissiyaların azaldımasını nəzərdə tutulur".
Osman Gündüzün sözlərinə görə, görünən odur ki, süni intellekt sahəsində qlobalda yetərincə tanınan və oturuşmuş şirkəti olan BƏƏ-nin Presight şirkəti Azərbaycannın süni intellekt ekosistemində əhəmiyyətli rol oynayacaq:
"Düşünürəm ki, bu imzalanan sənədlər Azərbaycanda süni intellekt sahəsinin, təhsilimizin keyfiyyətinin, həm də ölkənin texnoloji gücünün yeni mərhələyə keçməsində mühüm rol oynayacaq".