“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025 / 18:19

2025-ci ilin birinci rübündə “Qadın Dəstək Xətti” xidmətinə ümumilikdə 537 müraciət daxil olub. Bu müraciətlərdən 109-u məişət zorakılığı, 57-si nikahın pozulması, 48-i sosial-maddi rifah, 44-ü hüquqi dəstək, 18-i sığınacaqla təmin olunma, 14-ü psixoloji yardım, 13-ü isə səhiyyə hüququ ilə bağlı məsələləri əhatə edib. 234 müraciət digər mövzularla bağlı olub.

Xeberler.az bildirir ki, müraciətlərin geniş spektri “Qadın Dəstək Xətti”nin çətin həyat şəraitində olan qadınlara çevik və peşəkar dəstək göstərmək baxımından mühüm sosial rol oynadığını bir daha nümayiş etdirib.

“Qadın Dəstək Xətti”nin əsas məqsədi – məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyi təşviq etmək, qadınlara hüquqi məsləhət verən QHT-lərə, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönəltməklə onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eyni zamanda, xidmətə müraciət edən qadınlara tibbi yardıma çıxış, məşğulluq imkanları barədə məlumatlandırma və sosial dəstək təklif olunur. Bu proseslər peşəkar psixoloqlar, hüquqşünaslar və sosial işçilər tərəfindən icra edilir. Müraciətlərin operativ həlli məqsədilə zəruri hallarda müvafiq dövlət qurumları, yerli idarəetmə orqanları və sosial xidmət müəssisələri ilə əməkdaşlıq həyata keçirilir.

“Qadın Dəstək Xətti” 2022-ci ilin iyul ayından etibarən “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə yaradılıb. Xidmət Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərir. Layihə çərçivəsində çətin həyat şəraiti və risk altında olan qadınlara 116111 qısa nömrəsi,  Facebook  və  Instagram  səhifələri vasitəsilə 24/7 rejimdə dayanıqlı və davamlı yardım göstərilir.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə