“Qoldenpey” şirkəti “Hesab.az” portalını Vahid Onlayn Xidmətlər portalına çevirir.
Bunu “Marja”ya “Qoldenpey” ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə bildirib. O deyib ki, “Qoldenpey”in səhmlərinin İlkin Kütləvi Təklifinə (İPO) hazırlaşması bunun ilə bağlıdır:
“Hesab.az” elektron ödəniş portalı olmaqla bərabər, sığorta şəhadətnamələrinin, kinoteatrlara biletlərin, aviabiletlərin satışı, “ebay” tipli alqı-satqı plaforması və s. xidmətləri də göstərəcəkdir. Biz istəyirik ki, portalda hazırda qeydiyyatdan keçmiş 110 minə yaxın istifadəçi digər xidmətlərdən də istifadə edərək haqqını nağdsız qaydada bizim sistem vasitəsilə ödəyərək onları əldə etmiş olsunlar”.
Fərid İsmayılzadə əlavə edib ki, artıq bir çox modulların hazırlanmasına başalanılıb: “IPO-dan gələcək pulla bu prosesi daha da sürətləndirmək, normalda 2-3 ilə görəcəyimiz işi 1-1,5 ilə bitirmək istəyirik. Hal-hazırda 110 minə yaxın istifadəçimiz var. Bu istifadəçilərimiz elektron vərdişlərə yiyələnmişlər. Hesab edirik ki, onlara yeni onlayn xidmətlərin verilməsinin vaxtı çatmışdır. Bu biznes modelini Azərbaycanda uğurla tətbiq etdikdən sonra digər ölkələrə də cıxmağı planlaşdırırıq”.
Fərid İsmayılzadə qeyd edib ki, portalda “ebay” tipli platformada əşyaların alqı-satqısı “elektron pul kisəsi” vasitəsilə reallaşdırıla bilinəcəkdir. Məsələn, işlənmiş televizoru alanın “elektron pul kisəsi”ndən vəsait televizoru satanın kisəsinə köçürüləcəkdir.
Şirkətin sədri söyləyib ki, “Qoldenpey” gəlirlərinin böyük hissəsini birbaşa elektron ödəniş sistemi üzrə deyil, digər xidmətlərin göstərilməsindən təmin etməyi hədəfləyir. Bu səbəbdən şirkətin rəqiblərinin onlayn bazara daxil olması onlarda narahatlıq doğurmur: “Bizim 3 il əvvəl fikirləşdiyimizi rəqiblər indi həyata keçirmək istəyir. Biz artıq, kommunal, rabitə, İnternet və s xidmətlərə görə həyata keçirilən nağdsız ödənişlərdən gəlir əldə etməyi ikinci plana keçirməyə niyyət edirik, diqqəti daha çox digər xidmətlərə yönəldəcəyik, bununla da portalımızın liderliyini davam etdirmək niyyətindəyik”.
Qeyd edək ki, “Goldenpey” şirkətinin hər birinin dəyəri 1 manat olan 571 min ədəd səhimi hal-hazırda Qiymətli Kağızlar Komitəsində qeydiyyata alınma prosesindədir. İlkin Kütləvi Təklif zamanı isə səhmlərin təxminən 10-15%-nin birja vasitəsilə təklif edilməsi nəzərdə tutulur. Hal-hazırda şirkətin KPMG audit şirkəti tərəfindən dəyərləndirilməsi prosesi yekunlaşmaq üzrədir. “Qoldenpey” şirkəti İlkin Kütləvi Təklif zamanı təxminən 1-1.5 million AZN məbləğində vəsait toplamaq niyyətindədir.(Marja.az)