Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.
Xeberler.az bildirir ki, Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Altı il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Həmin ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” ISO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Bundan başqa, bu il oktyabrın 25-də Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə “ISESCO-nun ASAN mükafatı” təsis olunub. Mükafat üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim ediləcək. Həmçinin “ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf Naminə İdarəetmə beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafının və idarə edilməsinin yüksəldilməsi məqsədilə xüsusi “ASAN xidmət” məhsullarının formalaşdırılması əməkdaşlıq proqramında nəzərdə tutulur. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var. Qeyd edək ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 25 milyona yaxındır.
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdilər. Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzidir. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri bu ilin oktyabrında başa çatdırılıb.
Dövlətimizin başçısı Şəki “ASAN Həyat” kompleksini işə saldı.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, bu kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək. Şəki “ASAN Həyat” kompleksində 11 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 300-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 190, könüllülərin sayı isə 50 nəfərdir. Şəki “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Şəki “ASAN Həyat” kompleksində də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan “ASAN Peşə” mərkəzi yaradılıb.
Dövlətimizin başçısı və birinci xanım “ASAN Peşə” mərkəzi ilə tanış oldular.
Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə tədris tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi istiqamətləri üzrə həyata keçiriləcək. Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi də yaradılıb.
Kompleksdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə var. Həmçinin burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” xidmətində bu günədək 800 mindən çox vətəndaş müraciəti qeydə alınıb.
Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış oldu.
Bildirildi ki, “E-Gate” xidməti sərhəd-buraxılış məntəqələrində ölkəyə gələn və ölkəni tərk edən şəxslərin sərhəd keçidinin sürətləndirilməsi və prosesin avtomatlaşdırılmasını təmin edir. Vətəndaş xüsusi qurğuya yaxınlaşaraq pasportun məlumatlarını “E-Gate” cihazında oxudur. Sonra qurğu vasitəsilə vətəndaşın şəkli çəkilir, biometrik göstəriciləri - üz tanıma və barmaq izi tanıma texnologiyası vasitəsilə eyniləşdirilir. Məlumatlarda hər hansı problem aşkar edilməzsə, avadanlıq avtomatik olaraq şəxsin keçidinə imkan verir. Əks halda, sərhəd məntəqəsinin əməkdaşına bu barədə bildiriş gedir və məsul əməkdaş dərhal yaxınlaşaraq problemlə tanış olur. Bu cihaz vasitəsilə bir nəfərin sərhəd nəzarətində yoxlanılma prosesi bir neçə saniyə ərzində yekunlaşır.
Digər bir yenilik isə Elektron etibarnamə sistemidir. Bu sistem vətəndaşlara məxsus daşınar və daşınmaz əmlaka, malik olduğu xidmətlərə dair hüquqların başqasına ötürülməsinə dair etibarnamələrin elektron mühitdə, elektron və mobil imza texnologiyalarından istifadə etməklə tamamilə avtomatlaşdırılmış platformada təqdim edildiyi bir sistemdir.
Dövlətimizin başçısına “ASAN Viza” sistemində yeniliklərin təqdimatı da oldu. Təqdimat “ASAN Viza” sisteminin hava limanlarında tətbiqi ilə bağlı məlumatı özündə əks etdirir. Eyni zamanda, “ASAN Viza” sığortası sistemi ilə bağlı məlumat mövcuddur ki, burada da Azərbaycana gəlmək üçün müraciət edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vizadan imtina edilməsi halında ödədiyi rüsumun sığorta şirkəti tərəfindən kompensasiyasını nəzərdə tutur. Bu sistem, eyni zamanda, xarici ölkədə olarkən baş verə biləcək hər hansı maddi itki və vətəndaşın səhhətində yaranan problemin aradan qaldırılmasını və xərclərin sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.
Yeni layihələrdən biri də “E-Qəza” sistemidir. Xüsusi avadanlıq və proqram təminatından ibarət olmaqla avtomobillərdə yerləşdirilən bu sistem qəza zamanı sürücü və qəzanın yeri barədə məlumatların avtomatlaşmış “E-Qəza” mərkəzinə ötürülməsi və lazımi təxirəsalınmaz xidmət əməkdaşlarının qəza yerinə göndərilməsini təmin edir. Sistem vasitəsilə sürücü ilə əks əlaqə yaratmaq və daha ətraflı məlumat əldə etmək imkanı da yaradılacaq.
“ASAN İnkişaf yolu” isə 2013-2018-ci illər ərzində “ASAN xidmət” mərkəzlərinin keçdiyi inkişaf yolu, həyata keçirilən layihələr və statistik nəticələri özündə ehtiva edir. Eyni zamanda, ASAN-ın beynəlxalq uğurları və qazandığı mükafatları da təqdimatda əhatə olunub.
Məlumat verildi ki, yeni “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlamamışdan öncə mərkəzdə çalışacaq əməkdaşlar müvafiq təlim kursundan keçirlər. Kurslarda onlara müasir idarəetmənin prinsipləri, “ASAN xidmət” dəyərləri, vətəndaş məmnunluğunun əsas şərtləri, nəzakətli və peşəkar xidmətin əsasları barədə məlumatlar verilir. İşləyən müddətdə isə onlar il ərzində bir neçə dəfə təlimlərə cəlb olunurlar. Bunun üçün “ASAN xidmət” mərkəzlərində əməkdaşların işdən ayrılmamaqla təlim və kurslara cəlb olunmaları üçün müvafiq təlim mərkəzləri yaradılır. Növbəti belə mərkəzlərdən biri də Şəki “ASAN xidmət” mərkəzində yaradılıb. Yetmişdən çox iştirakçı üçün nəzərdə tutulan bu mərkəz bütün lazımi təlim şəraiti və avadanlıqla təmin olunub.
Şəki “ASAN Həyat” kompleksində “CoWorking” mərkəzi də fəaliyyət göstərəcək. Mərkəz yeni başlayan bizneslərə -startaplara inkubasiya dövrü üçün nəzərdə tutulan ümumi iş yeridir. Bu modeldən frilanserlər və tək işləyənlər də istifadə edirlər. Ümumilikdə model dayanıqlıdır və iş yerlərini icarəyə verməklə dayanıqlılıq təmin edilir.
“ASAN Həyat” kompleksi üçün ayrılan 2,4 hektar ərazidə uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, yay kafesi və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.
Qeyd olundu ki, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin əməkdaşları ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri