"Ötən il 15 avqust tarixdə bütün provayderlər dövlət provayderi və təbii inhisarçı olan Aztelekom –un təşəbbüsü ilə EYNİ ANDA internet xidmətləri üçün minimal tarifləri qaldırıblar.
Bundan dərhal sonra Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidməti Aztelekom-un bu addımını “kartel sövdələşməsi və vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirərək araşdırma başladıb".
Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspertin bildirib ki, indiyədək bunun nəticəsi haqqında məlumat verilməyib:
"Elə bilirdim ki, Antiinhisar bu işləri tam unudub. Baxıram ki, qurum Aztelekom-a qarşı əlavə işlər də qaldırıbmış.
Antiinhisarın saytından görsənir ki, qurum Aztelekom-la bağlı təbii inhisarçının fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti çərçivəsində bir deyil, bir neçə iş qaldırıb".
Osman Gündüz bildirib ki, qurumun rəsmi saytından görünür ki, bu qaldırılan işlərlə bağlı da araşdırmalar davam edir:
"Düşündüm ki, provayderlərin “15 Avqust Tarif Şoku” daha çox ictimai əhəmiyyət kəsb etdiyindən Antiinhisara kömək ola biləcək məqamları qeyd edim.
“15 Avqust Tarif Şoku” ilə bağlı Rəqabət Məcəlləsinin konkret hansı maddələrinin pozulmasını araşdırdım.
Araşdırmanın nəticələrini təqdim edirəm".
Təbii inhisarçı olan Aztelekom Rəqabət Məcəlləsinin hansı tələblərini pozub:
1. Razılıq almadan tarif artırmaq
Maddə 39.3 və 39.6-ya görə, təbii inhisar subyekti (Aztelekom) qiymətlərin dəyişdirilməsi ilə bağlı rəqabət orqanından əvvəlcədən razılıq almalıdır. Antiinhisarın açıqlamasından belə qənaətə gəlmək olar ki , belə razılıq alınmayıb – bu, birbaşa pozuntudur.
2. Müştərinin seçim imkanını məhdudlaşdırmaq
Aztelekom yalnız 25 manatlıq tarif qoymaqla, aşağı tarif seçimi imkanı tanımayıb. Bu, Maddə 40.5.7 və 40.5.8-ə ziddir:
• 40.5.7. – “müştərinin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə keçidə mane olan hərəkətlərə yol vermək qadağandır.”
• 40.5.8. – “müştərilərə münasibətdə rəqabət qanunvericiliyinə uyğun olmayan aktlar qəbul etmək və tətbiq etmək qadağandır.”
3. Ədalətsiz qiymət tətbiqi
Maddə 39.4.1 və 39.4.3 açıq şəkildə göstərir ki, əgər qiymət artımı “mövcud qiymətlərin artmasına səbəb olur və müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərirsə”, rəqabət orqanı buna razılıq verməməlidir. Aztelekom isə razılıq almadan minimal qiyməti 40% qaldıraraq vətəndaşların maraqlarını pozub.
4. Artıq ödənişin geri qaytarılması öhdəliyi
Əgər tarif artımı qanunsuz hesab edilirsə, Maddə 40.4.5-ə əsasən, müştərilərdən əsassız və ya artıq alınmış ödənişlər geri qaytarılmalıdır.
Nəticədə hazırda AZCON Holding tərkibində fəaliyyət göstərən Aztelekom təbii inhisarçı olaraq "15 Avqust" hərəkətilə digər provayderləri də bu addımı atmağa vadar etməklə, Rəqabət Məcəlləsinin ən azı 7 Maddəsinin tələblərini pozub - deyə sonda ekspert bildirib.