Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025 / 12:08

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisi üzrə növbəti mərhələyə başlanılır. Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiq edilməsi haqqında sənəd imzalanıb. Sənədi “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov və “Kazakhtelecom” şirkətinin Direktorlar Şurasının sədri Bagdat Musin imzalayıblar.

Xeberler.az bildirir ki, region üçün strateji əhəmiyyət daşıyan Transxəzər Fiber Optik Kabel Xətti Layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu, çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək.

Tikinti prosesi sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksəkkeyfiyyətli, davamlı kabellərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək. “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

Transxəzər Fiber Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

“AzerTelecom” haqqında

“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkətidir, topdansatış operatoru səviyyəsində rabitə xidmətləri, eləcə də rəqəmsal və digər xidmətlər təqdim edir. “AzerTelecom” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Kazakhtelecom” haqqında

Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə