Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023 / 15:36

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycanla Orta Asiya ölkələri arasında əməkdaşlıq istiqamətində yeni imkanlar yaradır. Layihə regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir.

Bu rəqəmsal infrastruktur layihəsi bir müddət öncə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya Dövlətləri Başçılarının V Məşvərət Görüşündə də qeyd olunub.

Tədbirdə fəxri qonaq qismində iştirak etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında “Rəqəmsal İpək Yolu” layihəsini qeyd edib. "Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir", -deyə ölkə başçısı bildirib.

“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirəcək müasir fiber-optik tranzit xəttinin yaradılması məqsədi ilə həyata keçirilən innovativ rəqəmsal infrastruktur layihəsidir. Bu layihə NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun təşəbbüsü ilə onun törəmə şirkəti AzerTelecom tərəfindən həyata keçirilir.

Hazırda layihənin icrası, yerüstü və sualtı marşrutlar üzə fiber-optik kabel xətlərinin çəkilməsi istiqamətində işlər aparılır. Layihənin tamamlanmasından sonra yüksək sürətlə məlumatların ötürülməsinə imkan verəcək magistral rabitə xətləri Avropa və Asiya arasında rəqəmsal əlaqənin qurulmasını təmin edəcək. Layihənin Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşmanın inkişaf etdirilməsində və rabitənin daha geniş yayılmasında mühüm rol oynayacağı gözlənilir. Eyni zamanda, “Rəqəmsal İpək Yolu” layihəsi regionun “Google”, “Amazon”, “Netflix” və digər qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevrilməsinə imkan yaradır.

Layihənin vacib komponentlərindən biri məhz Xəzər dənizinin dibi ilə Azərbaycanla Orta Asiya ölkələri arasında fiber-optik kabel xətlərinin çəkilməsidir. Layihəni həyata keçirən AzerTelecom şirkəti Qazaxıstanda tərəfdaşı olan Kazakhtelecom şirkəti ilə bir sıra fəaliyyətləri uğurla başa çatdıraraq Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber Optik Kabel Xətti layihəsi çərçivəsində birgə müəssisə yaradıb.

Yeni yaradılan birgə müəssisə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olacaq. Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə gücü isə 400 terabit/s-ə qədər təşkil edəcək.

Bundan əvvəl isə AzerTelecom və Kazakhtelecom şirkətləri Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstan arasında fiber-optik rabitə xəttinin çəkilişi üçün tədbirlərin həyata keçirilməsini özündə əks etdirən əməkdaşlıq şərtləri haqqında saziş və birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsini imzalayıblar.

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində AzerTelecom şirkəti Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı istiqamətində də layihə həyata keçirir. Şirkət Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda dəmir yolu xətləri boyunca müxtəlif istiqamətlər üzrə magistral fiber-optik kabel xətlərinin çəkilişini həyata keçirir.

Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək, ölkə üzrə yeni dayanıqlı infrastruktur, genişzolaqlı fiber-optik kabel əlaqələri formalaşdıracaq və telekommunikasiya sektorunun inkişafına ciddi təkan verəcək.

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq və regional səviyyədə diqqət mərkəzindədir. Hazırda Türk Dövlətləri Təşkilatı tərəfindən layihəyə mühüm maraq vardır. Təşkilatın ötən ilin 11 noyabr tarixində Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub.

“Rəqəmsal İpək Yolu” layihəsi Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək region ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə