“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28-11-2016 / 17:26

2010-cu ildə Azercell-in dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Uşaq Qaynar Xətt Xidmətinin mobil əlavəsinin təqdimatı keçirilib.

Mərasimdə İnsan hüquqları üzrə müvəkkil professor Elmira Süleymanova, QHT, dövlət və özəl sektorun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində məlumat üçün bidirilib ki, “Uşaq Qaynar Xətti” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir.

Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 - ə yaxın müraciət daxil olub. Yönləndirilən zənglərin əksəriyyəti psixoloji və emosional problemlər, ailədaxili münaqişələr, münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi ehtiyaclar və s. ilə bağlı olub.

Azərbaycan “Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tam hüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidmətləri daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.

Mərasimdə eyni zamanda Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri  “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatının növbəti qalibləri açıqlanıb.

Bu mükafat hər il uşaq hüquqları sahəsində geniş fəaliyyət göstərən şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Mükafatın məqsədi müxtəlif sahələrdə uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində çalışan, həmin sahədə inkişafa, yaxşılığa doğru dəyişikliyə və islahatlara nail olmuş təşkilatlar və şəxslərin fəaliyyətini qiymətləndirməkdir.

 Bu il mükafat əldə edənlər sırasında UNİCEF, Milli Məclis, Azercell Telekom MMC və s. kimi dövlət və qeyri-dövlət təşkilatları oldu. Məlumat üçün bildirək ki, Azercell sözügedən mükafata 2006, 2007 və 2009-cu illərdə də layiq görülüb. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələrindən, eləcə də fiziki məhdudiyyətli uşaqlardan ibarət musiqi qruplarının nömrələri izlənilib.

Qeyd edək ki, Azercell fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün məlumatlandırma kampaniyaları hayata keçirib, habelə ictimaiyyətin bu sahədə fikir formalaşdırılmasına dəstək olub. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır. "Uşaq Qaynar Xətti", Mobil Diş Klinikası, Mobil Göz Klinikası, I və II Uşaq Paralimpiya İdman Oyunları, "De! Dildən-dilə, eldən-elə" şer və hekayə müsabiqəsi, "Çək!" asfalt üzərində rəsm müsabiqəsi, "Hər uşağın ailəyə ehtiyacı var", "Onlar da hədiyyə gözləyirlər..."və s. Azercell-in uşaqların rifahına yönəldilmiş layihələridir. 

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə