Mobil cihazlar vasitəsilə internetdən istifadə artıq gündəlik həyatın bir hissəsi hesab olunur. İstifadə həcminə görə mobil internet mobil zəng və SMS rabitəsi ilə rəqabət apara bilir, hətta bəzi hallarda onları üstələyir. Təsadüfi deyil ki, hal-hazırda kompüterlə müqayisədə sosial şəbəkələrə, xəbər və musiqi portallarına daxil olan, eləcə də elektron poçt xidmətlərindən yararlanan istifadəçilər daha çox portativ qurğulara üstünlük verirlər.
Müasir tendensiyalara meyil edən və hər zaman yeniliklərə can atan “Nar Mobile” mobil cihazlar vasitəsilə internetdən istifadə edən istifadəçiləri sevindirməyə davam edir. Belə ki, şirkətin daha zəngin, çeşidli və əlverişli qiymətlərlə təklif etdiyi internet-paketlər keçən il ilə müqayisədə internet-paket istifadəçilərinin sayını 5 dəfə artırmışdı. “Nar Mobile” 2012-ci il ilə müqayisədə, internet istifadəçilərinin 116%-dan çox artdığını və hər istifadəçi üzrə internet trafikin də 18%-dən çox olduğunu bəyan etmişdir.
Bütün bu tendensiyaları nəzərə alaraq, “Nar Mobile” yeni abunəçilər üçün bir aylıq 100 MB hədiyyə paketi təklif edir. Sürətli internetlə mobil internetdən istifadənin daha rahat olacağından əmin ola bilərsiniz. (ictnews.az)