Yüksək Texnologiyalar Parkının yaranmasından 4 il ötür

07-11-2020 / 17:23

Yüksək texnologiyaların dinamik inkişafı bütün dünyada sosial-iqtisadi sferalarla yanaşı, elmi-texniki sferada da böyük nailiyyətlərin əldə olunmasına gətirib çıxarır. Ölkəmizdə də son illərdə yüksək texnologiyaların inkişafına prioritet sahələrdən biri
kimi xüsusi diqqət yetirilir.

Bu gün Azərbaycanda texnoparkların təşkili də İT sənayesinin əsas inkişaf istiqaməti kimi müəyyənləşdirilmişdir. İnnovasiya strukturunun əsas elementi hesab olunan texnoparklar və onların formalaşdırılması prosesinin sürətləndirilməsi, milli
iqtisadiyyatın neftdən asılılığının azaldılması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindəndir.

AMEA da son illərdə elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoymuşdur. Burada Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir.

Dövlət başçısının 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) yaradılması da elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul edilir və elmi, innovativ layihələrin dəstəklənməsini, elmin kommersiyalaşdırılmasını nəzərdə tutur. 20 hektardan çox sahəsi olan YT Park yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu və maddi-texniki bazanı təqdim edir. Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir. Həmçinin elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması YT Parkın strateji hədəfləri sırasındadır.

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə təyin olunduqdan sonra YT Parkın inkişafı və fəaliyyətinin genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirmişdir. Akademik kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli

iqtisadiyyatda elmin payını artırmağın vacibliyini vurğulamış, YT Parkın infrastrukturunun gücləndirilməsi və müasirləşdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Hazırda YT Parkda
yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, dünya standartlarına tam cavab verən məhsulların hazırlanması və innovativ investisiyalar üçün əlverişli şərait
formalaşdırılır.

4 il kiçik müddət olmasına baxmayaraq, bu illər ərzində AMEA-nın Yüksək Texnologiyalar Parkda bir çox nailiyyətlər əldə olunmuşdur. Park yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə  əlaqələr yaradaraq, innovativ ideyası olan gənc startapçılar və ali məktəblərlə birgə müxtəlif layihələr həyata keçirmiş, bu istiqamətdə işləri indi də intensiv şəkildə davam etdirməkdədir. Texnoparkda istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, rəqabətqabiliyyətli olduğu üçün dünya bazarına da ixrac olunur.

Müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Burada istehsal olunan məhsullar beynəlxalq standartlara cavab verir. Texnologiyalar Parkı öz ərazisində fəaliyyət göstərən rezidentlərə müvafiq imtiyazlar təqdim edir, özəl şirkətlərə stimullaşdırıcı şərait yaradır. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini (ƏDV) ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı ilə bağlı güzəştlər tətbiq olunur ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə, müəyyən kommunal ödəmələrdən azad olmalarına imkan yaradır.

Texnologiyalar Parkı bu qurumda öz innovativ potensiallarını effektiv şəkildə həyata keçirmək istəyən yerli sahibkarları Parkın rezidenti olmağa, burada elmi-tədqiqat və təcrübələrin sənayedə tətbiqi üçün yaradılmış geniş imkanlardan istifadə etməyə və birgə layihələr həyata keçirməyə dəvət edir.

Park Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazır məhsullara çevrilərək istehsalata tətbiq edilməsinə dəstək göstərir. Öz fəaliyyətində yerli və beynəlxalq əməkdaşlığa da geniş yer ayıran Texnologiyalar Parkı yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir. Texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları ilə sıx əlaqədədir.

Hazırda YT Parkın Rusiya, Çin, Koreya, İran, İsrail, Çexiya və digər ölkələrin özəl şirkətləri və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri mövcuddur və bu
istiqamətdə tədbirlər davam etdrilir. Əminik ki, AMEA Yüksək Texnologiyalar Parkı bundan sonra da öz fəaliyyətini Azərbaycanda yüksək texnologiyalar və texnoparkların inkişafı istiqamətində daha da genişləndirəcək, yeni nailiyyətlərə imza atacaq. Parkın peşəkar mütəxəssisləri və texnoloqları, eləcə də buraya cəlb olunan rezidentlər yüksək keyfiyyətli, ixrac potensiallı məhsullarla Azərbaycanı ölkənin hüdudlarından kənarda da təmsil edəcək, bu müəssisəni xarici investorlar üçün güclü platformaya çevirəcək.

Nərgiz Qəhrəmanova, AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə