Jurnalistlərin məhkəmə prosesi başa çatıb

07-10-2009 / 14:04

Bu gün "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun iki jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi başa çatıb. Qaynar.info-nun verdiyi xəbərə görə, hakim Elmar Kərimovun sədrliyi ilə Nəsimi rayon Məhkəməsində keçirilən iclasda jurnalistlər qismən təqsirli bilinib.

Nəsimi rayon məhkəməsinin hakimi Elmar Kərimov Natiq Muxtarlını məqaləsində ümumi işlətdiyi "haramxor" və "yelbeyinlər" kimi  ifadələrinə görə təqsirli bilib və jurnalistin 1 il islah işlərinə cəlb olunması ilə bağlı qərar çıxarıb. Məhkəmənin qərarı ilə Natiq Muxtarlının aylıq məvacibindən 20 faiz tutularaq, zədələnmiş ictimai nüfuz, şərəf və ləyaqətinin bərpa olunması üçün Mais Mənsimova ödəniləcək.

Hakimin qənaətinə görə Zahir Əzəmət də bu ifadələrin Fanat.az saytında yayılmasına görə günahkar bilinib və 6 ay islah işlərinə cləb ounub. Onun da məvacibindən 20 faiz tutularaq Mais Mənsmimova ödənilməsi ilə bağlı qərar çıxarılıb.

Bizim hesablamalara görə, adıçəkilən jurnalistlərin hər birinin aylıq məvacibinin 20 faizi 15 manat 34 qəpik təşkil edir.

Elmar Kərimovun verdiyi qərara görə Mais Mənsimovun şərəf və ləyaqətinin dəyəri 15manat 34 qəpikdır.

Jurnalistlər Qaynar.info-ya bildiriblər ki, onlar qərardan apellyasiya şikayəti verəcəklər.

"Azərbaycanın məhkəmə instansiyalarında ədalətli qərar qəbul edilməsə, Avropa məhkəməsinə qədər gedəcəyik. Mais Mənsimovun adını höccələyə-höccələyə dediyi və guya inteqrasiya etmək istədiyi, amma üzünü görmədiyi Avropaya da onları öz gerçək imiclərində tanıdacağıq"- deyə Zahir Əzəmət bildirib.

Natiq Muxtarlı isə hətta 15 manat 34 qəpiyin də Mais Mənsimov üçün böyük qiymət olduğunu söyləyib: "Bəlkə də 2-3 manat olsaydı, razılaşardım. Amma indiki halda hakimin yüksək qiymət qoyduğunu düşünürəm. Ona görə də qərardan şikayət verəcəyəm".

Xatırladaq ki, Mais Mənsimov  iddia ərizəsində Fanat.az-ın köşə yazarı Natiq Muxtarlının öz yazılarında özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək, həm müəllifi, həm də saytın layihə rəhbəri Zahir Əzəmətin həbs olunmasını tələb edirdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə