Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi və Strateji Araşdırma Mərkəzinin (SAM) ortaq nəşri olan “Caucasus International” jurnalının növbəti sayı Türkiyədə işıq üzü gördü.
Artıq ikinci sayı çap olunan jurnalın nəşr olunması barədə ilk məlumat Türkiyənin nüfuzlu “Hürriyet Daily News” və “Today’s Zaman” qəzetlərində yer alıb.
Jurnalın bu sayında Avrasiya regionunda ənənəvi medianın transformasiyası, sosial medianın rolu, ərəb regionundakı inqilablarda Əl-Cəzirə kimi media quruluşlarının təsiri, eyni zamanda Qafqaz regionundakı konfliktlər nəzərdən keçirilib.
Jurnalın redaksiya heyəti tərəfindən ilk olaraq “Twitter-100”- dünyada Twitter-dən ən effektiv istifadə edən nüfuzlu şəxslər, dövlət adamları, ekspertlər, jurnalistlər və bloqqerlərin siyahısı hazırlanıb.
Jurnalda həmçinin 2004 və 2010-cu illərdə nüfuzlu Pulitzer mükafatının sahibi olmuş, "Nyu-York Times" qəzetinin jurnalisti Antoni Şadid qələmə aldığı məqaləsində Yaxın Şərq regionundakı son hadisələri, Suriyadakı vəziyyəti, Türkiyənin regiondakı rolunu şərh edir.
Burada eləcə də, "Əl-Cəzirə" televiziyasının jurnalisti Ayman Mohyeldinin müəllifi olduğu məqalədə "Əl-Cəzirə"nin Misir inqilabdakı mövqeyi və ümumiyyətlə Ərəb ölkələrinə bu kanalın islahatçı rolundan bəhs olunur.
Bundan əlavə, dərgidə ADA-nın professoru Randall Bekerin siyasət və media əlaqəsindən bəhs edən məqaləsi, Gürcüstanın məşhur politoloqu Gia Nodiya ilə müsahibə, Türkiyənin Kadir Has Universitetinin sosial media məsələləri üzrə müəllimi İsmail Hakki Polatın Türkiyə cəmiyyətində sosial medianın funksionallığı barədə, Svante Kornelin Cənubi Qafqaz regionundakı münaqişələrdə Rusiyanın rolu və siyasəti mövzusunda, eləcə də Gülşən Paşayevanın “Aland Presedenti”, Stratfor Elmi Korporasiyasının Avrasiya regionu üzrə analisti Yucin Çausovskinin “Avrasiya regionunda sosial medianin geosiyasəti”, SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyevin “Kiber Müharibə: Beynəlxalq Hüquqda Yeni Mərhələ” kimi yazıları və digər məqalələr yer almaqdadır.
Qeyd edək ki, "Caucasus International" jurnalı təkcə Qafqaz regionunda deyil, dünyada gedən qlobal məsələlərin intellektual müzakirəsini təşviq edir və artıq Türkiyənin kitab satış dükanlarından, www.amazon.com satış saytından, eyni zamanda Bakının kitab mağazalarından jurnalı əldə etmək mümkündür.