"Elektron-hökumət" üzrə Təlim Mərkəzinin yaradılması başa çatmaq üzrədir.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycanda həyata keçirdiyi “Elektron hökumət” üzrə Təlim Mərkəzinin yaradılması layihəsi çərçivəsində işlər yekun mərhələsindədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildirilib ki, koreyalı mütəxəssislər tərəfindən hazırda Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Qazax, Zaqatala, Lənkəran, İmişli, Qəbələ, Göyçay, Şirvan, Qusar, Şamaxı və Şəkidə telekommunikasiya qovşaqlarının binasında Təlim mərkəzlərinin yaradılması üçün avadanlıq qurulur. Eyni zamanda, mərkəzlərdə çalışacaq mütəxəssislərin zəruri bilik və bacarıqlarının artırılması işləri də həyata keçirilir.
Azərbaycanda “Elektron hökumət” üzrə Təlim Mərkəzinin yaradılması layihəsi ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasındakı qrant razılaşması ötən il imzalanıb. KOICA tərəfindən həyata keçirilən layihənin dəyəri 3,7 milyon ABŞ dollarıdır. (AzərTAc)