Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018 / 10:23
Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi-konfransı "Bakutel-2018” başa çatıb.
 
Xeberler.az   bildirir  ki, "Bakutel-2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilib. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers” şirkəti, baş sponsoru qismində müntəzəm iştirakçısı olan "Azercell Telecom” çıxış edib.
 
Bu il sərginin fəxri qonaqları arasında Rusiya, Türkiyə, Belarus, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Özbəkistan, Latviya, Bolqarıstanın İKT sahəsi üzrə nazirləri və yüksək rütbəli nümayəndələri yer alıb.
 
Dekabrın 4-dən 7-dək keçirilən sərgidə 20 ölkədən 230 şirkət qatılıb və sərgidə şirkətlər öz maraqlı, diqqəti cəlb edən stendləri ilə yadda qalıb. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri və gənc ixtiraçılar olub. Həmçinin sərgi çərçivəsində bir sıra yeniliklər nümayiş olunub, konfranslar, tədbirlər keçirilib.
 
Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bakutel” sərgisinin fəaliyyəti, sərginin İKT sahəsinə verdiyi töhfələr və yaratdığı imkanlardan bəhs edib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin və Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stron sərginin işinə uğurlar arzu edib.
 
Dekabrın 4-də Bakı Ekspo Mərkəzinə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva "Bakutel-2018” sərgisi ilə tanış olublar.
 
Sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edib. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, "Elektron imza” infrastrukturu, "Data Mərkəzi”n "bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunub. Həmçinin kompleksin ikinci zalındakı ayrıca stenddə e-ticarət ("e-commerce”) müəssisələri fəaliyyət göstərib.
 
Sərginin keçirildiyi günlərdə Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey fəaliyyət göstərib. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, komutator telefonları, "Morze” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunub. Eyni zamanda, II Dünya müharibəsi illərinə aid poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri sərgilənib. Həmçinin ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi güşə fəaliyyət göstərib. "Azərpoçt” MMC-nin stendində sərginin bütün iştirakçıları üçün hədiyyəli lotereya keçirilib.
 
Tədbirin ikinci iş günü eksponentlərin iştirakı ilə keçiriləcək axşam ziyafəti çərçivəsində Azərbaycanın informasiya və telekommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara "AWITA 2018” "Azerbaijan - The Women in IT Award” mükafatının təqdimetmə mərasimi olub.
 
Bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq yeni müzakirə platforması "Bakutel Tech Talks” proqramını da təşkil edib. "Bakutel Tech Talks” tədbiri bir sıra faydalı məlumatlar və qeyri-adi məzmunu ilə auditoriyanın diqqətini cəlb edib. "Bizimkilər” adlı sessiya keçirilib. Sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici IT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsidir. "Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq IT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etmək olub.
 
"Bakutel Tech Talks” proqramı "Baxış bucağınızı bizimlə IT-iləyin” şüarı altında panel müzakirələri, sonra isə öz işini "Startapdan böyük biznesə” sessiyası ilə davam etdirib. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olduğuna əmin etməyə çalışıb. Beləliklə, "Tech Talks” proqramında sənayenin ən aktual məsələlərinə toxunulub və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün müasir təmayüllü platformaya çevrilib. Bundan sonra hər il sərgi çərçivəsində "Tech Talks” proqramının keçirilməsi planlaşdırılır.
 
Bu il "Bakutel-2018” sərgisində təqdim olunan yeniliklərdən biri də alman alimlərinin ixtirası olan ultramodern texnologiyası əsaslı "RoboKeeper”dir. "RoboKeeper” - dünyanın ən sürətli qapıçısı hesab edilir.
 
Sərgidə iştirak edən bir sıra qurumlar – Bakı Beynəlxalq Avtovağzalı Kompleksi, Azərbaycan Dövlət Reklam Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərpoçt” MMC və digər qurumlar bir sıra yenilikləri təqdim edib, öz stendləri ilə ziyarətçilərin maraqlarına səbəb olub.
 
Ənənəvi olaraq hər il keçirilən "Bakutel” sərgisinin media tərəfdaşı olan AZƏRTAC da sərgidə öz stendi ilə təmsil olunub. AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
"Bakutel-2018” sərgisinin ziyarətçiləri sırasında Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərinin sakinləri də yer alıb. 60-dan çox oğlan və qız sərgidə təmsil olunan pavilyon və stendləri ziyarət edib.
 
Qeyd edək ki, sərgi çərçivəsində bir sıra sənədlər imzalanıb və konfranslar keçirilib. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və sərginin təşkilatçıları olan "Iteca Caspian” və "Caspian Event Organisers” şirkətləri arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu, "Azərpoçt” MMC ilə "Rusiya Poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
 
Bu il sərginin işgüzar proqramı da yenilənərək daha dolğun olub. Proqramın açılışı Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 54-cü toplantısı ilə baş tutub. Bunun ardınca Azərbaycan, İran, Rusiya və Türkiyənin İKT nazirlərinin dördtərəfli görüşü keçirilib. Həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İKT nazirlərinin yüksək səviyyəli görüşü olub. Daha sonra estafeti "Davamlı inkişaf üçün rəqəmsal əməkdaşlıq” mövzusuna həsr olunmuş Birinci Xəzər İnnovasiya Konfransı qəbul edib. Belarus-Azərbaycan 4-cü İKT Forumu da sərgi çərçivəsində baş tutub.
 
Qeyd edək ki, Xəzər İnnovasiya Konfransı "Bakutel-2018” sərgisi çərçivəsində ilk dəfə keçirilib. Konfransın keçirilməsinin təşəbbüskarı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Tədbir "Genişzolaqlı rabitə”, "Süni intellekt”, "Əşyaların İnterneti”, "Elektron xidmətlər”, "İKT yönlü startaplar və innovativ sahibkarlıq”, "Dördüncü sənaye inqilabı”, "Elm tutumlu istehsal” və "Kiberhazırlıq” kimi mövzuları əhatə edib. Birinci Xəzər İnnovasiya Konfransı hökumət nümayəndələri, sənaye liderləri, tənzimləyici struktur və beynəlxalq təşkilatların rəsmi təmsilçilərini, o cümlədən nəhəng regional telekommunikasiya və peyk operatorlarının rəhbərlərini bir araya gətirib. Gələcəkdə bu konfransın beynəlxalq "Bakutel” sərgisi çərçivəsində hər il keçirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə