“Türklərin Bakıya gəlişi bizim rabitə sistemində böyük dönüş yaratdı”

06-10-2015 / 13:13

Əvvəli ötən sayımızda

Xeberler.az-ın “İKT VETERAN”  rubrikasının növbəti qonağı sabiq rabitə naziri Siruz Abasbəylidir.

Siruz Abasbəyli ilə müsahibənin ikinci hissəsini  təqdim edirik:

- Siruz müəllim, istərdim ki nazir söhbətinə yenidən qayıdaq. Necə oldu ki nazir vəzifəsinə təyin edildiniz? Bu, sizin üçün gözlənilən idi?

-Açığını deyim bu vəzifəyə təyin ediləcəyimi gözləmirdim. Həmin dövr çox ağır idi. Bütün Azərbayacanı mitinqlər bürümüşdü. Demək olar ki, heç bir müəssisə işləmirdi. Rabitə Nazirliyində də sabitlik yox idi. Vəzifəyə təyin olunanda prezidentə demişdim ki, cəbhəçi deyiləm. Bilirəm ki, işə başlayanda problemlər yaşanacaq.

Qorxduğum da başıma  gəldi. Nazir kimi işə başladığım gündən də mənə qarşı mitinqlər başladı. Məqsəd məni istefa verməyə məcbur etmək idi. Mən isə prinsipal olaraq bunun qarşısını almağı qarşıma məqsəd qoydum.

 -Necə aldınız  bu mitinqlərin qarşısını? Özünüz də istefa vermək  istədinizmi?

-Nazir postuna gəldiyim ilk gün Nazirliyin qarşısında  mitinq təşkil olundu. Elə iş  otağıma təzəcə daxil oldum ki, camaat qışqırır- “İstefa, istefa!!”. Pəncərədən baxdım ki, 500 nəfər mitinq edir. Ətrafımdakılara dedim ki, gəlin birgə çıxaq onları sakitləşdirək. Amma mənimlə heç kim çıxmadı. Tək başma  mitinqçilərin qarşısına çıxdım. Dedim ki, bircə  dəqiqə sakitləşin,  deyiləsi sözüm var. Mənə qulaq  asmadılar, başladılar yenə , -“İstefa, İstefa!”,-deyə qışırmağa. Mən çox əsəbləşdim. Yüksək səslə bir daha dedim ki, sakitləşin. Bir anlıq susdular. Dedim ki, məni  bu vəzifəyə prezident gətirib. Düzdür, cəbhəçi deyiləm, amma bu qərarı prezident verib.  İndi siz prezidentə qarşı çıxırsınız? deyərək  dönüb getdim.

Prezidentə bildirdim ki, işləmək istəmirəm.  O da dedi ki,  narahat olma artıq onlar sakitləşiblər. Get işinə davam elə.

Etiraf edim ki, ailəm də qorxu içindi idi,  deyirdilər ki, getmə işə. Amma mən məqsədimdən dönmədim.  İnsanlara vəziyyəti izah etməyə çalışırdım. Rabitəçi cəbhəçilərlə səmimi söhbətlər aparırdım. Bunların nəticəsi kimi sonra onlarla yaxın münasibətimiz oldu. Ən radikal cəbhəçi ilə yaxın dost olduq (gülür).

Sonda bu mitinqlərin təşkilatçıları  aydınlaşdı və bunların Nazirliyin vəzifəli şəxsləri olduğu üzə çıxdı. Mitinq iştirakçıları aldandıqlarını etiraf etdilər.

 -Nazir vəzifəsində çalışdığınız vaxtı rabitə sahəsində hansı fəaliyyətləriniz oldu?

-Vəzifəyə gəldiyim ilk günlərdə  Naxçıvan Ali Məclisinin  sədri Heydər Əliyevə “VÇ” telefonu ilə zəng etdim. Naxçıvana nə köməklik göstərəcəyimi soruşanda  Heydər Əliyev bir az da sərt şəkildə dedi ki, mənə telefonla kömək lazım deyil, gəl buradaca söhbət edək.  İlk növbədə isə məndən  dayanıqlı rabitə yaratmağı  tələb etdi. Sonra getdim Naxçıvana onunla görüşdüm. Heydər Əliyev  qeyd etdi ki, Naxçıvanın rabitəsi tamam yararsız hala düşüb. Məndən tələb etdi ki, tez zamanda onları yüksək rabitə ilə təmin edim.

Naxçıvandan  İrana yollandım. Rabitə naziri ilə görüşdüm. Ondan Naxçıvana rabitə xətti verilməsini xahiş etdim. İran tərəfi  bunun qarşılığında bizdən mazut  istədilər.  Biz İran Astarasına mazut, onlar da bizə rabitə xətti.  Elə də razılaşdıq. İrandan bir xətt aldıq və həmin rabitə xəti ilə Naxçıvanı  rabitə ilə təmin edə bildik.

1992-ci ildə Rabitə Nazirliyinə NETAŞ və TELETAŞ şirkətlərinin nümayəndələri gəldi. Onlarla əməkdaşlıq yaratdıq. Sonra məni Türkiyəyə dəvət etdilər. Hər iki şirkətin Türkiyədə ofislərində oldum və əlaqələrimizi daha da möhkəmləndirdik. Həmin vaxtlar respublikanın rabitə sistemində istifadə olunan avadanlıqlar köhnə idi. Onları təcili dəyişdirmək lazım idi. Rabitədə elə vəziyyət yaranmışdı ki, bir telefondan o biri telefona zəng etmək qeyri-mümkün idi. Şəhərlərarası Beynəlxalq rabitə sistemi Moskvaya bağlı idi. Hər hansı bir xarici ölkəyə telefon açmaq üçün mütləq Moskva üzərindən sifariş vermək lazım  gəlirdi. Bu problemi aradan qaldırmaq üçün bir neçə ölkəyə müraciət etdik.

 -Maraqlıdır ki, o zaman əsasən hansı ölkələr sizinlə əməkdaşlığa meyilli idi?

 -İlk olaraq Türkiyənin  “Poçt, Telefon, Teleqraf” şirkətinin rəhbərini və daha sonra Türkiyənin rabitə nazirini Bakıya dəvət etdik. Onlar böyük nümayəndə  heyəti ilə Bakıya gəldilər. Onların gəlişi bizim rabitə sistemində böyük dönüş yaratdı. Belə ki, tez bir zamanda Bakıda “Aztelekom”un binasında peyk rabitə sistemi quraşdırıldı və biz bu peykə qoşularaq bütün dünya ilə ilk müstəqil beynəlxalq rabitəmizi yaratdıq.

Daha sonra isə İtaliyanın Telespasio şirkəti ilə birgə peyk rabitəsi quraşdırdıq. Bir müddət sonra isə daha bir beynəlxalq peyk rabitəsi yaratdıq. Bu dəfə İngiltərə üzərindən BT (British  Telekom) şirkətinin peykindən istifadə etdik. Daha sonra Amerikanın İDB şikəti ilə müqavilə bağlayaraq daha bir alternativ peyk rabitəsi yaratdıq.

 -Siruz müəllim, bildiyimiz kimi o zaman əsas texnologiya olaraq analoq sistemdən istifadə olunurdu. Rəqəmsala keçid nə zaman başladı ?Necə oldu bu fəaliyyət?

 -Bəli, həmin vaxtlar rəqəmsal telefon xidməti yaratmaq baha başa gəlirdi. Bunun üçün vəsait lazım idi. Biz Türkiyənin köməyi ilə ilk  dəfə 1992-ci ildə  93-98 ATS stansiyanı elektronlaşdırdıq. Bu yollala  Bakının hər bir telefon stansiyanda mobil rabitəyə   çıxış texniki şərait yaratdıq.  Bütün köhnə ATS-ləri də elektron ATS-lərlə əvəz etməyə başladıq. Gəncədə, Sumqayıtda rəqamsal telefonlar işlədi. İlk dəfə  Bakı və Sumqayıt arasında fiber optik kabel xəti çəkdik.  Televizya Qülləsini istifadəyə verdik. Heydər Əliyev də bu açılış mərasimində iştirak etdi.

 -Nazirlik postunu 1997-ci ildən təhvil verdiniz. Sonra hansı işlərlə məşğul oldunuz?

 -Bəli, sonra Pepsi- Kola zavodunu tikdim.  Texniki Universitetdə  dərs də dedim. Daha sonra isə Rabitə və İnformasiya Mütəxəssisləri İctimai Birliyini yaratdım. İndi bu birlikdə çalışıram.

Eyni zamanda, Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidentiyəm. İctimai Birlik və Akademiyanın  fəalları ilə birgə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin   həyata keçirdiyi layihələrdə iştirak edirik və müxtəlif konfrans, simpoziumlar keçiririk. Araşdırma, sorğular aparır, Respublikada təşkil olunan sərgilərdə iştirak edirik.

 -Hazırda ailənizdə bu səhənin davamçısı varmı?

-Tam bu sahə ilə məşğul olan ailə üzvüm yoxdur. Amma qızım və gəlinim Azercell, Nar mobil operatorlarında çalışırlar. Övladlarıma heç vaxt bu yöndə təsir  göstərməmişəm ki, hansısa sahə ilə məşğul olsunlar. Amma davamçılarımın olmasını  çox istərdim. Hazırda  böyük nəvəmin, Camalın  14 yaşı var və texnologiyalara daha çox meyillidir.

-Bildiyimiz qədər hazırda   musiqi ilə , bəstəkarlıqla da məşğulsunuz. Tez-tez mahnı bəstələyirsinizmi ? Hansı sənətçilərimizlə daha yaxın münasibətiniz var? Hansı sizin üçün daha asan gəlir -  İKT, ya peşəkar musiqi ?

-Bəli, bu gün də  mahnılar bəstələyirəm. Mən incəsənətə sevgimin tarixini sizə danışdım ( gülür). Əvvəldən musiqi ilə məşğul olurdum,  piano çalırdım. Uşaqlıqdan Flora Kərimovanı çox sevmişəm. Sonra onunla  görüşdük.  Bir neçə mahnılarımı ona verdim,  məsləhətləşdik. İlhamə Quliyeva ilə də münasibətimiz çox yaxşdır. Həmçinin  Nisə Qasımova  da mənim mahnılarımı  oxuyub. Cavan müğənilər  da daxil olmaqla təxminən ilə  20-25 mahnım oxunub. Hazırda da bir neçə yeni mahnı üzərində çalışıram. Aybəniz Haşımova, Firuzə İbadova, Elza Seyidcahan, Flora Kərimova, Nisə Qasımova, İlhamə Quliyeva  ilə sıx yaradıcılıq əlaqələrim var.

İndi də   gəlirəm  üçüncü  sualınızın cavabına. İKT artıq mənim qanıma işləyib. Həyatım ondan başlayıb. Əlbəttə ki, İKT...(gülür).

 -Xaricdə tez-tez səfərlərdə olursunuzmu? Səfər vaxtı yaddınızda qalan ən maraqlı məqamları bizimlə bölüşərdiniz.

-Düzdür, səfərlərdə  tez-tez oluram. Əsasən  Moskva, Almaniyaya gedirəm. Yadımda qalan ən maraqlı səfərimiz Heydər Əliyevlə  Türkiyənin Netas şirkətinin tədbirinə qatılmağımız olub. Şirkət yeni telefon stansiyasıyaları quraşdırır.  Orada məni təəccübləndirən Heydər Əliyevin çıxışı oldu. Heydər Əliyev zavod haqda elə çıxış etdi ki, sanki bu zavodu özü yaradıb . Düşünürdüm ki, Heydər Əliyev tədbirdə  siyasi mövzuda çıxış edəcək. Amma onun texnoloji bilikləri hamının ağzını açıq qoydu.

- İKT sahəsində yetişdirdiyiniz kadrlar varmı?

-Çox kadrlar yetişdirmişik. Mən bir neçə qurumda çalışmışam. Bu müddətdə bütün biliklərimi hər kəslə bölüşməyə çalışdım. Əksər vaxt işçilərimizə İKT ilə bağlı seminarlar keçiridik. Seminarları mən də  aparırdım. O baxımdan bu sahədə tələbələrimiz çoxdur(gülür).

-Rabitə ilə bağlı kitablar yazmısınızmı?

-Əlbəttə, bu günəqədər rabitə sahəsi ilə bağlı 3 kitab yazmışam. Hazırda isə yeni  bir kitabım da hazırlanır. Adı  belədir: “ O gəlib Azərbaycanı xilas etdi”. Bu kitabım da  Heydər Əliyevlə İlham Əliyevə həsr olunub. Heydər Əliyevlə 5 il təmasda olmuşam. Onun kimi şəxsiyyətlə işləməyimdən  böyük qürur duyuram. Rabitə naziri olduğum vaxtlarda Heydər Əliyev  9 dəfə Rabitə Nazirliyin  müxtəlif rəsmi açılış mərasimlərində iştirak edib.

-Fəaliyyətinizə verilən qiymətlə razısınızmı ? Hansısa rəsmi mükafatınız varmı?

-İşlədiyim dövrlərdə yüzlərlə  rabitəçiyə müxtəlif rəsmi fəxri adlar verilməsi üçün təqdimatlar yazmışam. Nazir olana qədər çox mükafatlarım olub.  Amma  nazir olandan sonra... (gülür).

-Bu günə qədər hər hansı haqqsızlıqla , ədalətsizliklə rastlaşıbsınızmı?

- Bəli, çox haqsızlıqlar görmüşəm. Amma bunlar həyat təcrübəsidir. İnsan məsuliyyətli işlə məşğul olanda dəyişilir.

Amma heç vaxt həmin insanlara qarşı məndə kin olmayıb. Məncə, bu hiss iradəsiz insanlarda olur. Məndə kin yoxdur, onsuzda  zaman hər kəsə  öz layiqli  qiymətini verir(gülür) .

-Hazırda sizi kimlər xatırlayır, tez-tez yad edir. Güman ki fəaliyyətiniz dövründə çox adamlara yaxşılıqlar etmisiniz. İndi onlardan Sizi xatırlayanlar varmı?

-Bu bir faktdır ki, hazırki dövrdə hər kəsin başı özünə qarışıb. Ona görə mən heç kimi günahkar saymıram. İndi köhnə tanışlarımla telefonla əlaqə saxlayırıq. Lakin  yadıma gəlir ki, nazir olan kimi, məktəb uşaqlarını və müəllimlərimi bir araya topladım. Belə bir ənənəyə dönən görüş təyin etdik. Belə ki, hər il may ayın 25-i məktəb yoldaşları  ilə görüşərdik.  1993-cü ildə Gəncəyə gəldim və sinif yoldaşımlarla görüşdüm. Müəllimlərmizi də görüşə dəvət etdik. gətirdik. Oxuduğumuz sinifə girdik. Çox maraqlı keçdi. Yaxın illərə qədər  sinif yoldaşlarımızla görüşürdük. Sonra onların sayı azaldı və sinif nümayəndəmiz də rəhmətə getdi deyə indi görüşə bilmirik.

 

-Uzun illər İKT sahəsində aktiv  fəaliyyətləriniz  olub. Hazırda həmin faəliyyətləriniz üçün darıxırsınzımı?

-Hərdən darıxıram. Amma indi də vaxtımdan səmərəli istifadə edirəm. Boş vaxtlarımda kitablar oxuyuram. Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyində işlərimiz çox olur. Birliyin daxilində yeniyetmələr arasında kompüter kursları təşkil etməyi düşünürük.  İl ərzində Birlikdə müxtəlif  simpozumlar, konfranslar təşkil etməyi düşünürük.

-İşdən kənar  vaxtınızı necə keçirirsiniz?

- Həmişəki kimi mahnı bəstələyirəm. ( gülür).  Hazırda 6 nəvəm var. Əsasən onlarla vaxt keçirməyə çalışıram. Dostlarım hərdən bizə  gəlir. Bütün həyat  fəaliyyətimdə Nuru müəllimin böyük rolu olub. Hazırda biz onunla tez-tez görüşür, söhbətləşirik. Onunla şox yaxşı dostuq. 

-Sosial mediadan, Facebook-dan , Twitter-dən necə istifadə edirsiniz ?

-Demək olar ki, hər gün  sosial mediadan çox aktiv istifadə edirəm. Instagram, Facebook, Twitter  kimi sosial medialardan istifadə edirəm. Facebook-da tez-tez dostluq təklifləri alıram. Köhnə tanışlar məni Facebook-dan tapır və çox müsbət rəylər yazırlar. Çox  maraqlı  rəylər  alıram. Kim deyirsə tərifi sevmirəm, inanmayın( gülür). Çox şad oluram ki, belə müsbət rəylər alıram.

 

 Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.