“İnternet mənim üçün hər şeydir”- İKT uşaqlar

30-05-2017 / 14:14

Məlumat verdiyimiz kimi, bu il Azərbaycanda 5-ci dəfə məktəblilər arasında Google SketchUp qrafik redaktorunda ən yaxşı üçölçülü model hazırlamaq üzrə müsabiqə keçirildi.

Belə ki, builki yarışda respublikanın 16 rayonundan 102 şagird iştirak edib. 13 müsabiqə mərkəzi yaradılıb.

Müsabiqənin qalibi isə E.Məmmədov adına 3 nömrəli məktəb-liseyinin 8-ci sinif şagirdi Şaiq Süleymanlı oldu.

Xeberler.az olaraq İKT sahəsi ilə yaxından maraqlanan müsabiqənin qalibi ilə ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Şaiq, neçə yaşından texnologiya ilə maraqlanırsan?

- Məktəbdə I sinifdən İnformatika fənni keçirik. Elə İnformatika fənninə marağım o vaxtlardan yarandı. Artıq 8-9 yaşımdan texnologiya ilə maraqlanmağa başladım. Bu sahəni özüm öyrənməyə çalışdım. Öz üzərimdə çox işlədim. Artıq Word, Power Point, Google Sketchup, Photoshop kimi bir çox proqramlarda sərbəst işləyə bilirəm.

-İndiyədək İT sahəsində hansı uğurların olub?

-Qunduz müsabiqəsində və Kod Saatında iştirak edərək sertifikat əldə etmişəm. Daha sonra,  2016-cı ildə Respublika üzrə Google SketchUp proqramında hazırlanmış ən yaxşı üçölçülü modelin hazırlanması müsabiqəsində iştirak edərək II yerə, 2017-ci  ildə isə I yerə layiq görüldüm.

-Google SketchUp müsabiqəsində necə oldu ki, qalib oldun? Hazırladığın modelə nə qədər vaxt sərf etdin? Çətin oldu, yoxsa maraqlı idi?

- Google SketchUp proqramında 2013-cü ildən başlayaraq professional şəkildə işləyirəm. İndiyə qədər bu proqramda 80-ə yaxın model hazırlamışam. Hazırladığım modellər bir-birindən maraqlı və proffesionallıq tələb edən işlərdir. 2016-cı ildə bizə təqdim olunan model Kukla Teatrının binası idi. İş çox çətin olmasına baxmayaraq öhdəsindən gələ bildim. Tələsdiyim üçün bəzi səhvlər edərək II yerə layiq görüldüm. 2017-ci ildə yenidən bu müsbiqədə iştirak etdim. Bu il isə bizə verilən tapşırıq Axundov adına Milli Kitabxana binasının modeli idi. Modelin hazırlanması üçün 2 saat vaxt verildi. Lakin 2 saat tam olmadan işi bitirdim. Müsabiqədən əvvəl qarşıma məqsəd qoymuşdum ki, bu il I olmalıyam və istəyimə də nail oldum. Hazırladığım model çətin olsa da, maraqlı idi.

-Valideynlərin texnologiya ilə bağlı sənə məhdudiyyətlər qoyurmu?

-Bəli, buna məhdudiyyət deməyək, valideynlərim texnologiyalardan istifadədə bəzi qaydalar müəyyən edib. Belə ki, yalnız dərslərimi bitirdikdən sonra kompüterdən istifadə edə bilərəm. Valideynlərim kompüterdən 2 saatdan artıq istifadə etməyimə icazə vermir. Ona görə də bu vaxtdan planlı şəkildə istifadə etməyə çalışıram. Belə ki, həmin vaxt ərzində həm müxtəlif proqramlarda işləməyi öyrənirəm, həm də vaxtın az bir hissəsini oyun oynamağa sərf edirəm (gülür).

-Məktəb-liseyində texnologiya ilə bağlı lazımi avadanlıqlarla təchiz olunursunuzmu?

-Məktəb-liseyimiz əsaslı təmir olunduqdan sonra bir çox İKT avadanlıqları ilə təchiz olundu. Hazırda məktəbimiz müasir tələblərə cavab verir. Burada 3 kompüter otağı var. Kompüterlərin hər biri işlək vəziyyətdədir. Biz lazım olanda onlardan istifadə edə bilirik. Dərs zamanı da elektron lövhələrdən istifadə edirik. Məktəb-liseyimizdə sürtəli internet xəti var. İstədiyimiz məlumatı əldə etmək üçün internetdən istifadə edə bilirik.

-Dostlarına da İT sahəsində köməyin dəyirmi?

- Bəli, dostlarımın İT sahəsində çətinlikləri olanda mənə müraciət edirlər. Mən də bu sahədə onlara kömək edirəm.

-Müəllimlərin sənə bu sahədə dəstək olurmu?

-Təhsil aldığım məktəb-liseyin direktoru dəstəyini hər zaman hiss edirik. Əldə etdiyimiz ən kiçik uğura belə sevinən, bu uğuru hər kəslə paylaşmağa çalışan direktorumuz bu nailiyyətlərimizdə müstəsna rol oynayır. Riyaziyyat-informatika müəlliməmiz Aynurə Kərimova müəllimə bu sahədə mənə çox dəstək olur. Müəllimənin dəstəyi ilə müsabiqələrdə iştirak etdim və uğurlar qazandım. Həm məktəb rəhbərliyi, həm də müəlliməm tərəfdən fəxri fərman və hədiyyələrlə təltif olunmuşam. Bu məni daha da sevindirir və yeni uğurlara ruhlandırır.

-Gününü necə dəyərləndirirsən? Gün ərzində əsasən nə ilə məşğul olursan?

-Günümün müəyyən bir hissəsini məktəbdə oluram. Məktəbdən gəldikdən sonra bir saat istirahət edib, sonra da dərslərimi hazırlayıram.Dərslərimi bitirdikdən sonra ya kompüterlə, ya da dostlarımla vaxt keçirməyə çalışıram. Boş vaxtlarımda  isə bədii kitablar oxumağı sevirəm.

-Gündə neçə saat internetdə olursan? İnternet sənin üçün nədir?

-İnternetdən 1 saat, bəzi günlərdə isə 2 saat istifadə edirəm. İnternet mənim üçün hər şeydir. İnternetdə daha çox video izləyir, musiqiyə qulaq asır, boş vaxtlarımda da oyun oynayıram. Bəzən də SketchUp proqramında müəyyən bir modeli hazırlayıram.

-Səncə, internetin mənfi və müsbət tərəfləri nədir?

- İnternetdən lazım olandan çox istifadə edirəm. Bununda həm mənfi, həm də müsbət cəhətləri var. Mənfi cəhətləri bunlardır ki, bəzən bizi dərslərimizdən yayındırır və çoxlu oyunlar oynayırıq. Bu, həm də gözlərimiz üçün ziyandır. İnternetdəki bir çox oyun psixologiyamızı korlayır. İnternetdən yaxşı şeylər üçün də istifadə edə bilərik. Biz internetdə bir çox layihələr hazırlayıb, proqramlaşdırma və animasiya kimi resursları öyrənə bilərik. Bununla da gələcəyin kompüter mühəndisi və ya proqramçı ola bilərik.

-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən?

-Sosial şəbəkələrdən daha çox Facebook-dan istifadə edirəm. Facebook-da çox da aktiv deyiləm. Burada dostlarımla yazışır, xəbərlərlə tanış oluram.

-Mobil telefonda oyun çoxmu oynayırsan?

-Xeyir, mobil telefonda oyun oynamıram.

-Facebook-da dostları necə qəbul edirsən? Qruplarda iştirak edirsənmi? Əsasən nələri müzakirə edirsən?

-Facebook-da çoxlarının dostluğunu qəbul edirəm. Əsasən məktəbimizin qrupunda iştirak edirəm. Qrupda ən çox məktəbimizdə olan xəbərlər və tədbirlər müzakirə olunur.

-Dərs zamanı əsasən hansı saytlardan istifadə edirsiniz?

-Əsasən YouTube-dan istifadə edirik. Burada dərslərimizlə  bağlı daha çox video izləyirik. Bəzən də hazırladığımız videoları YouTube-a yerləşdiririk.

-İnternetdə alış-veriş edirsənmi? Haradan edirsən?

-İnternetdə alış-veriş etməmişəm.

-İnformasiya təhlükəsizliyini necə qoruyursan? Kimlər bu barədə sənə kömək edir? Olubmu ki, şifrəni unudasan?

-İnformasiya təhlükəsizliyimi hər vaxt qorumağa çalışıram. Sosial şəbəkələrdəki şifrələrim elədə asan deyil. Əsasən çətin və qarışıq şifrələrdən istifadə edirəm.

- Oxucularımız üçün maraqlıdır, bu sahədə özünün gələcəyini necə görürsən? Hansı planların var?

-Qarşıma məqsəd qoymuşa ki, əvvəlcə çox yaxşı oxuyub, tədris edilən bütün bilikləri mənimsəməliyəm. I qrup üzrə öz istədiyim ixtisasa yiyələnib,istədiyim universitetdə oxumaq istəyirəm. Gələcəyin memarlarından biri, ən əsas da faydalı işlərimlə tanınmış bir şəxsiyyət olmaq ən böyük arzumdur.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə