“Uğurları çox olan şagirdlərlə bağlı sosial şəbəkələrdən məlumat alırıq”

14-04-2016 / 11:04

“İKT UŞAQLAR” rubrikasının növbəti qonağı  “ALPLogo-2015” müsabiqəsində  1-ci yeri qazanan gənc proqramçı İsmayıl Hümmətovdur.

Sumqayıt şəhər 36 nömrəli orta məktəbin 7A sinif şagirdi İsmayıl rahat şəkildə kodlaşdırma ilə məşğul ola bilir.

Kiçik yaşlarından İKT sahəsində böyük işləri bacaran məktəblinin Xeberler.az-a müsahibəsini təqdim edirik:

-İsmayıl, neçə yaşından etibarən texnologiyaya marağın yarandı?

-Texnologiyaya marağım 10 yaşımdan etibarən artmağa başladı. Yeni texnologiyalarla çox maraqlanırdım. Onların iş prinsipi, görünüşü məni həddindən artıq çox maraqlandırırdı. Hətta ilk kompüterim olanda sevincimdən ağlamışdım (gülür).

-İnformasiya texnologiyaları (İT) sahəsində hansı uğurların var?

-Mən ilk dəfə “ALPLogo-2015” proqramlaşdırma müsabiqəsində iştirak etmişəm və 1-ci yerin qalibi olmuşam. 2015 ci ildə Elektron Təhsil Müsabiqəsində ALPLogo" proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur  nominasiyası üzrə ilk olaraq
Azərbaycan Respublikası Təhsil Nazirliyinin logosunu yaratdımvə nominant seçildim. Aplogo proqramında işləməkdən zövq alıram. İnformatika müəlliməmiz Bayramova Çinarə bizə dərs müddətində Alplogo proqramı ilə maraqlı fiqurlar yaratmağı öyrədir,  informatika sahəsi üzrə keçirilən yarışmalara cəlb edir.

Elə mən də onun sayəsində Aplogo proqramında işləməyi sevmişəm. 2015-ci ildə iki dəfə iştirak etmişəm. İndi də Google Sketchup müsabiqəsinə hazırlaşıram.

 -Məktəbdə texnologiya ilə bağlı lazımi avadanlıqlarla təchiz olunubsunuzmu?

-Bəli,bizim məktəbdə texnologiya ilə bağlı lazımi avadanlıqlar var , onlardan istifadə edirik.Hər gün İnformatika dərsimizdə Promethean lövhə ilə işləyirik. ActiveInspire proqramının dərinliklərini mükəmməl bilirik və bir sıra təqdimatlar hazırlayırıq. Respublikada fəaliyyət göstərən tədris müəssisələrində dərslərdə texnoloji avadanlıqlardan istifadə mövzusunda problemlər olsa da bizim məktəbimizdə belə çətinliyimiz yoxdur. Amma istəyərdim ki, hər rayonumuzda, hər şəhərimizdə yerləşən məktəblərin hamısında Promethean lövhə, kompüterlər, internet olsun ki, həmyaşıdlarım, o cümlədən texnologiyaya marağı olan hər bir şagird bu sahədə istedadını nümayiş etdirə bilsin.

-Məktəbdə internetdən necə istifadə edirsiniz?  Hər hansı bir problemlə qarşılaşırsınızmı?

-Məktəbimizdəki internetin sürəti normaldır, hələki internet problemi ilə qarşılaşmamışam. Düzdür, əvvəllər internetimizin sürəti zəif idi , amma indi isə bu çətinlik məktəbimiz direktoru Ədalət müəllim tərəfindən aradan qaldırılıb. Yenə də qeyd etmək istəyirəm ki, internet bütün məktəblərdə olsa daha yaxşı olar. Bu, bizim təhsilimizə də müsbət təsir göstərər. İnternetin təhsilə çox böyük faydası vardır. Biz şagirdlər internetin köməyilə faydalı məlumatlar əldə edir, öyrənir, tətbiq edirik. İnternetlə təmin olunmuş məktəbdə təhsil almaq bugünki gündə bütün şagirdlərin haqqıdır.

-Dostlarına İT sahəsində köməyin dəyirmi?

-Bəli, İKT ilə bağlı demək olar ki, məktəbdə hər kəsə bacardığım qədər kömək edirəm. İnformatika dərslərində logo işləməyi, fiqur hazırlamağı öyrənirik, çətinliyi olan sinif yoldaşlarıma mən də  yardım edirəm.  Çünki İKT ilə çox maraqlanıram, daima texnoloji biliklər öyrənməyə çalışıram və öyrəndiklərimi  dostlarımla paylaşmağı sevirəm. Əldə etdiyimiz ən xırda texnoloji bilik belə bizə bugünki hər yerdə lazım ola bilər. Çünki günümüzdə demək olar ki, artıq hər şey elektronlaşıb, bütün xidmətlər internet vasitəilə həyata keçirilir. Bunları bilmək həm maraqlı, həm də vacibdir.

-Gününü necə dəyərləndirirsən? Gün ərzində əsasən nə ilə məşğul olursan?

-Gün ərzində əsasən dərslərimlə məşğul oluram. İdmana və kompüterə də vaxt ayırıram. İdman sağlamlıqdır, hamı idmanla məşğul olmalıdır. Mən özüm cüdo və üzgüçülüklə  məşğul oluram. Dəfələrlə Respublika üzrə müsabiqələrdə cüdo üzrə qalibiyyətlər , diplomlar əldə etmişəm. Düşünürəm ki, xüsusən də mənim kimi kompüteri çox sevən, gününün çox hissəsini kompüter qarşısında keçirən uşaqlar idmana vaxt ayırmalıdır. Gün ərzində həm məktəbdə, həm də evdə kompüter qarşısında otururuq, bu isə təbii ki sağlamliğımıza müəyyən qədər ziyandır . İdmana da yer vermək bizim üçün faydalıdır.

-Valideynlərin texnologiya ilə bağlı sənə hansı məhdudiyyətləri qoyur?

-Valideynlərim mənə kompüterdə çox oyun oynamağa və sosial şəbəkələrdən həddindən artıq istifadə etməyə icazə vermir. Onlar bildirir ki, bunlar mənim sadəcə vaxtımı alır. Amma bu danılmaz faktdır ki, sosial şəbəkələrdən biz istifadəçilər çoxlu məlumat əldə edir, yayılan, ölkədə baş verən xəbərləri saytlardan çox sosial şəbəkələrdən izləyirik. Mənim kimi texnologiyaya marağı olan uşaqların uğurları, fəaliyyəti ilə daha çox sosial şəbəkələrdə tanış oluruq. Oyuna gəldikdə düşünürəm ki, əyləncəyə də müəyyən qədər vaxt ayırmaq lazımdır (gülür).

-Gün ərzində internetdən nə qədər istifadə edirsən?

-Gün ərzində ən az 2-3 saat arasında internetdən istifadə edirəm. İnternet mənim üçün informasiya məkanıdır. Lazım olan bütün məlumatları, dərslərimə aid materialları internetdən ala bilirəm. İnternet vasitəsilə onlayn testlər edir, biliyimi artırıram. Hesab edirəm ki, internetdən yararlandıqda da ondan düzgün qaydada istifadə etmək lazımdır. Çünki internetə faydalı məlumatlar yerləşdirən xeyirxah, savadlı insanlarla yanaşı internetdən xoşagəlməz məqsədlərlə də istifadə edənlər də az deyil. Belə istifadəçilərdən uzaq durmaq, onlarla ünsiyyət saxlamamamaq lazımdır.

-Sənin üçün internetin mənfi və müsbət tərəfləri nələrdir?

-İnternetin faydası ilə yanaşı zərəri də var. Təbii ki faydalı cəhəti saymaqla bitmir. Çünki 21-ci əsrdə internetin təhsilə, elmə qatdığı üstünlükləri danmaq olmaz. Bir şagird kimi internetdən istifadə etmək dərslərimə yaxşı çalışmağımda mənə çox köməklik göstərir. Mən internetlə yanaşı təhsilin yüksəsk səviyyədə tədrsi olunmasında kitabın rolunu da qeyd etmək istəyirəm. Kitab oxumağı da çox sevirəm. İnternetin mənfi tərəfi isə onun göz sağlamlığımıza olan ziyanıdır. İnternetə daxil olmaq üçün telefon, kompüter, planşetlərdən istifadə edirik. Bu isə gözlərimizə ziyandır.

-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən?

-Sosial şəbəkələrdən o qədər də çox istifadə etmirəm. Çalışıram ki, sosial şəbəkəyə sərf etdiyim vaxta dərs oxuyum. Əsasən Facebook-dan istifadə edirəm. Burada dostlarımla yazışıram və bəzən oyunlar oynayıram. Bu şəbəkədə dostluğa əsasən tanıdığım adamları qəbul edirəm. Tanımadığım istifadəçilər mənə maraqlı deyil. Amma informatika sahəsindən, texnoloji fəaliyyətlə məşğul olan istifadəçilərə özüm dostluq göndərirəm. Onları izləmək, işləri ilə tanış olmaq çox maraqlıdır. Çünki görülən işlər daha çox Facebook-da paylaşılır.

-Qonşuların Wi-Fi-dan istifadə etdiyin vaxtlar olubmu?

-Xeyr, hələ ki buna ehtiyacımız olmayıb. Buna normal baxıram, əgər evimizdə  Wİ-Fİ olmasa, qonşumuzdan xahiş edib şifrəni istəyə bilərəm. Əgər icazə versə istifadə edərəm. Çünki biz özümüz də qonşularıımızdan biri Wİ-Fİ şifrəmizi istəyəndə tərəddüd etmədən veririk.

-Gələcək planların, arzuların haqqında danış bizə.

-Gələcəkdə proqramçı sahəsində özümü sınamaq istərdim. Bunu qarşıma məqsəd qoymuşam. Çünki texnologiyaya həvəsim həddindən artıq çoxdur. Bu sahədə addımlamaq istərdim. Başa düşürəm ki, zaman irərilədikcə texnologiya sahəsi daha da böyüyür, bu sahədə savadlı kadrlara ehtiyac çoxalır. Ona görə də dərslərimlə ciddi məşğul oluram ki, arzuma çatım.

-İnternetdə ən çox nə üzrə axtarış edirsən? 

-İnternetdə ən çox  YouTube  köməyimə gəlir. Çünki burada öyrənmək istədiyim bir şeyi təkcə nəzəri oxumaqla deyil, tətbiq edərək öyrənmək olur. Mənə lazım olan video dərsləri  izləyirəm. Çox sevdiyim Photoshop proqramını da videolardan izləyib işləyirəm.

Ruhi Muradova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə