Xeberler.az “İKT Qadınlar” rubrikası çərçivəsində SİNAM şirkətində biznes araşdırmaçı vəzifəsini icra edən Roza Həmzəyeva ilə müsahibəni təqdim edir:
-Roza xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər. İKT sektorunda qadın olmaq çətindir?
-Qeyd edim ki, ailəmizdə hər kəs texniki sahəyə meyillidir. Məktəb vaxtlarımdan texniki fənnlərə çox böyük həvəsim vardı. Xüsusilə, riyaziyyatla mütəmadi maraqlanırdım. Yadıma gəlir ki, qəbul imtahanına gedərkən düşünürdüm ki, riyaziyyat müəllimi olacam. Daha sonra öyrətməyin mənim üçün çətin bir fəaliyyət olduğunu anladım və müəllimlərimin də məsləhəti ilə Qafqaz Universitetində Mühəndislik Fakültəsi Kompüter Mühəndisliyi bölümünü seçdim.
-Tələbəlik illəri. Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ünsiyyətcil olmurlar. Siz necə? Tələbəlik illərində qrup yoldaşlarınızla münasibət qura bilirdinizmi?
-Universitetdə təhsil aldığım vaxtlarda qrupumuzda cəmi 4 qız vardı. Amma oğlan qrup yoldaşlarımızla da münasibətimiz, ünsiyyətimiz çox yaxşı idi. Düşünürəm ki, İT sahəsini seçən xanımlar özləri üçün müəyyən etməlidirlər ki, istər təhsil aldıqları məkanda, istərsə də bu sahə ilə bağlı iş yerlərində çalışanların əksəriyyəti kişilərdir. Bu baxımdan da bu sahəni seçən xanımlar hər kəslə, xüsusən də kişilərlə ünsiyyəti bacarmalıdır.
Tələbəlik illərimiz çox şən və əyləncəli keçib. Qrup yoldaşlarımla çox yaxşı münasibətim olub və hazırda da tez-tez onlarla görüşməyə çalışıram.
-İxtisasınızı seçərkən çox düşündünüzmü, yoxsa əvvəldən qərar vermişdiniz?
-Xeyr, bu sahəyə çox böyük həvəsim vardı. Universitetə qəbul olduğum ilk vaxtlarda texniki dərslər keçilməsə də sonrakı illərdə alqoritm, proqramlaşdırma, şəbəkə, verilənlər bazası kimi fənlər keçdik. Bu dərslərdən sonra ixtisasıma daha çox bağlandım. IV kursda isə tanınmış İT mütəxəssis Kamran Ağayevdən Oracle üzrə biliklər aldım. Kamran müəllimin verilənlər bazasının idarəolunması fənnini tədris etməyi məni bu sahəyə daha da həvəsləndirdi. Ondan bu sahə ilə bağlı geniş məlumatlar aldım, təcrübəsindən yararlandım. Kamran müəllim bizə Oracle database və SQL proqramını da öyrətdi.
-Sizcə, Azərbaycanda universitetlər İT sahəsində oxuyan tələbəyə yetərincə təhsil verə bilirmi?
-Çox istərdim bu mövzuda pozitiv danışım, amma təəssüf ki, Azərbaycanda İT sahəsində təhsil o qədər də ürəkaçan deyil. Digər universitetlərdə İT sahəsində təhsil alan çox tanışlarım var. Müşahidələrim göstərir ki, Azərbaycanda Qafqaz universiteti İT bilikləri verən ən yaxşı universitetdir. İstər nəzəri, istər praktik baxımdan tələbələrə fərdi yanaşma universitet üçün prioritetdir. Bu, yalnız dərslərdə yox, iş şəraitində özünü göstərir. Sevindirici haldır ki, son dövrlərdə ADA Universitetində İT ilə bağlı ixtisaslar açılıb.
-İKT sahəsində ilk iş yeriniz hara olub? İlk dəfə hansı vəzifəni icra edibsiniz?
-İlk iş təcrübəmə Qafqaz Universitetində tələbə olanda başladım. Qeyd etdiyim kimi, universitetin elektronika məntiq laboratoriyasında laborant vəzifəsində çalışdım. Onda II kursda oxuyurdum. Həmin vaxtlar çox maraqlı idi. Laboratoriyada tələbələrlə bərabər dövrələr qururduq. Tələbələrə kömək etmək üçün onlara lazım olan detalları axtarıb tapırdım, laboratoriya işlərində tələbələrə kömək edirdim. Universiteti bitirdikdən sonra isə SİNAM şirkətində BI proqramçı (report developer) vəzifəsində çalışmağa başladım. SİNAM-da ilk vaxtlar Oracle Business İntellegence proqramını öyrəndim və həmin sistemdə analitik hesabatlar hazırlamağa başladım. Bu təcrübələrim mənim uğur qazanmağıma kömək etdi. Hazırda isə SİNAM-da biznes araşdırmaçı (business analitic) vəzifəsində çalışıram.
-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?
-Universiteti bitirdikdən sonra ailə həyatı qurdum. Lakin bu, mənim karyerama mane olmadı. Əksinə daha da işimə bağlandım. Sonra Oracle DBA kimi iş axtarışına başladım. Şirkətlərin müsahibələrindən texniki testlərdən yaxşı keçsəm də şirkətlər məni qəbul etmək istəmədi. Bütün şirkətlərdən də eyni tipli imtina cavabları alırdım. Bildirirdilər ki, Oracle DBA işinin xüsusiyyəti elədir ki, gecə işləri çox olur. Yəni, ailə qurduğum və qadın olduğum üçün şirkətlər düşünürdü ki, işdə məhsuldarlığım aşağı olacaq və evli olmağım işimə maneə yaradacaq. Şirkətlər düşünürdülər ki, ailə fərdlərinin sayı artdıqdan sonra işimdə problemlər yarana bilər . Bunları nəzərə alaraq hesabatlılıq sistemləri (reporting) sahəsinə yönəlmək qərarına gəldim və artıq 4 ildən çoxdur ki, bu sahədə çalışıram.
-İşinizdə ən sevmədiyiniz xüsusiyyət nədir?
-Ümumiyyətlə, düşünürəm ki, insan gərək sevdiyi işlə məşğul olsun. Hesabatlılıq sistemlərini (reporting-i) sevirəm. İşimlə əlaqədar həm texniki komanda ilə, həm də müştərilərlə çox ünsiyyətdə oluram. Bəzən müştəriləri razı salmaq və ya onların istəklərinin doğru seçim olmadığını başa salmaq çox çətin olur (gülür). Düşünürəm ki, bu da zaman və təcrübə ilə formalaşacaq.
-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?
-Etiraf edim ki, xarici səfərlərdə çox iştirak etmirəm. İT ilə bağlı ölkəmizdə olan seminarlara getməyə çalışıram. Danılmaz faktdır ki, belə tədbirlərdə kişilər çoxluq təşkil edir. Lakin son zamanlar müşahidələrim göstərir ki, qadınların da İT-yə olan marağı və bu sektorda iştirakı günü-gündən artır. Bu sevindirici haldır.
-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?
-Fikrimcə, qadınlar hər bir işə daha məsuliyyətli yanaşırlar və daha iddialıdırlar. Məlumdur ki, bizim sahədə çalışanların əksəriyyətini kişilər təşkil edir. Ona görə qadınlar bu sahədə cinsi diskriminasiyanın mənasız olduğunu göstəmək üçün əllərindən gələni edirlər. Ümumiyyətlə, iş mühitində qadın həmkarlar olanda kişilər daha təmkinli və ehtiyatlı davranmağa məcbur olur. Bu zaman işdə ab-hava daha səmimi olur (gülür). İşgüzar qadınlar həmişə kişiləri məsuliyyətli olmağa məcbur edir.
-İKT sahəsindən əlavə hansısa biznesiniz varmı?
-İş həyatına önəm verdiyimiz kimi, ailəyə də diqqət etmək vacibdir. Vaxt məhdudiyyəti olduğu üçün əlavə işlərlə məşğul ola bilmirəm. Hətta evdə şəxsi kompüterim də yoxdur (gülür). Yəni, evə gələndə yalnız ailəmlə maraqlanıram. İşlə bağlı təcili bir şey etmək lazım olduqda yoldaşımın kompüterindən istifadə edirəm. Hazırda daha yaxşı mütəxəssis olmaq üçün öz üzərimdə çox çalışıram. Bu səbəblərdən dolayı əlavə işlərə vaxtım olmur. Lakin gələcəkdə tələbələrə və bu sahəyə maraq göstərənlərə təlimlər keçməyi düşünürəm.
-Bu sahəni öyrətdiyiniz tələbəniz var?
-Vaxt məhdudiyyəti olduğu üçün hansısa tələbə ilə mütəmadi məşğul ola bilmirəm. Yalnız bir tələb olub. Ona Skype üzərindən Oracle SQL proqramını tədris etmişəm. Bununla yanaşı, SİNAM-a yeni gələn əməkdaşlara təlimlər keçmişəm. Hazırda Mərkəzi Bankın işçilərinə mütəmadi olaraq treninqlər keçirəm. Bacardığım qədər bildiklərimi paylaşmağa çalışıram.
-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?
-Ümumiyyətlə, telefonumda internet hər zaman açıq olur. WhatsApp-ım isə həmişə aktivdir. Skype-dan daha çox iş vaxtlarında aktiv yararlanıram. İş və işdən kənar vaxtları nəzərə alsaq, gün ərzində 10-12 saat internetdən istifadə edirəm.
-Sosial şəbəkələrdən hansından daha çox istifadə edirsiniz və səbəbi?
-Daha çox Facebook-dan aktiv istifadə edirəm. Yeri gəlmişkən, sizinlə də orada tanış olduq (gülür). Facebook-dan daha çox xəbər oxumaq üçün istifadə edirəm. Sağlam həyat tərzi, idman, məhşurlar və s. səhifələri də Facebook-dan izləyirəm. Instagram-da makeup blogger-ləri, idman ilə bağlı profilləri izləyirəm. Sosial şəbəkələrin daha bir üstünlüyü isə saytlardan daha əlçatımlı olmasıdır. Hər şey birinci sosial şəbəkələrdə yayılır. Ona görə sosial şəbəkələri mütəmadi izləyirəm. LinkedIn-dən isə professional səviyyədə istifadə edirəm. Etiraf edim ki, bu sosial mediadan arada iş təklifləri gəlir (gülür).
-Dostluğunuza qəbul etdiyiniz adamları necə seçirsiniz?
-Hər hansı şəxsin dostluğunu qəbul edərkən ilk öncə ortaq dostlarımızın sayına baxıram. Bəzən deyirlər ki, Facebook-da şəkil paylaşmaq olmaz və s. Lakin sosial şəbəkədə Roza adı ilə onlarla hesab ola bilər. Axı hesabında istifadəçinin öz şəkli olmasa onu axtaran adam necə müəyyən etsin ki, o kimdir. Ona görə öz şəklini profilə qoymayan insanlara ciddi yanaşmıram. Dostluğumda olanları şəxsən tanımasam da yoldaşım da İKT sahəsində çalışdığı üçün bəzən onların kimliyini yoldaşımla dəqiqləşdirirəm. Ən çox tələbələrimiz, tanışlarımız, seminarlarda tanış olduğumuz şəxslər dostluq göndərir. Onların hesablarına baxıram. Əgər saxta profil deyilsə və paylaşımları məni narahat etmirsə, qəbul etməyə çalışıram.
-Şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiniz? Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?
-İşdə korporativ mailimiz İT mütəxəssislər tərəfindən qorunur. Facebook hesabım indiyə qədər oğurlanmayıb. Demək olar ki, heç vaxt mənim profilim ilə spam da yayılmayıb. İT-də olmağın müsbət cəhətlərindən biri də bu sahəni yaxşı bildiyimiz üçün belə təhlükələrdən özümüzü qoruya bilməkdir (gülür). Çalışıram ki, şifrəmi təyin edərkən müxtəlif simvollardan, qarışıq işarələrdən çox istifadə edim.
Əksər hallarda işarə olunduğum videoları açmıram. Son zamanlarda Facebook-da spamlar çoxalıb, ehtiyyatlı olmaq lazımdır.
-Sizə kişilərlə yoxsa qadınlarla işləmək daha rahatdır?
-Əlbəttə ki, kişilərlə (gülür). Universitetə hazırlaşdığım vaxtlarda da qrup yoldaşlarımın əksəriyyəti oğlanlar idi. Həmçinin universitetdə də İT ixtisas olduğu üçün əksəriyyət oğlanlar təşkil edirdi. Ona görə bu ünsiyyətə alışmışam. Oğlanlarla daha tez dil tapıram. Daha maraqlı və məhsuldar fikir mübadiləsi edirəm. Amma o demək deyil ki, qadınlarla yola getmirəm (gülür). İşdə həm qadınlarla, həm də kişilərlə ünsiyyətdə oluram və münasibətim çox yaxşıdır.
Texnoloji avadanlıq alarkən nəyə daha çox fikir verirsiniz?
-Qadın olduğum üçün ilk növbədə dizaynına fikir verirəm. İT sahəsində olduğum üçün işimlə əlaqəli olaraq telefonun sürəti mənim üçün vacibdir. Həmçinin, yaddaşına xüsusi diqqət yetirirəm. Çalışıram ki, telefonuma lazımsız proqramlar yükləməyim.
-Qadınların həyatında texnologiya nəyi asanlaşdırıb?
-Məsələn, paltaryuyan maşın və mikrodalğalı soba olmasa qadınlar nə edər? (gülür). Bəli, haqlı olaraq düşünürsüz ki, bəs keçmişdə xanımlar bu qədər işi necə çatdırırdılar? Keçmişdə xanımların bütün vaxtları yemək bişirməyə, paltar yuyub-ütüləməyə gedirdi. O baxımdan texnologiyalar qadınların iş həyatında uğur qazanmasında bir nömrəli köməkçi vasitədir. İstərdim ki, ütüləmək prosesi tam avtomatlaşsın ki, məişət işlərində xanımlara ehtiyac qalmasın (gülür).
-İKT sahəsində mükafatlarınız varmı?
-Bəli, Oracle Business Intelligence ilə bağlı sertifikatlar almışam. İT sahəsində daha da böyük uğurlar qazanmaq üçün tənbəl olmamaq lazımdır. Daim yeni texnologiyaları öyrənməyə meyilli olmaq lazımdır.
-İT sahəsində çalışanlar əsasən axşamlar işləməyə üstünlük verir. Bu, ailə həyatınızda problem yaradırmı?
-Yadıma gəlir ki, işləmək istədiyimi deyəndə yoldaşım mənim gecə işləməyimə, əlavə işlərimə narazılıq etməmişdi. İT sahəsində çalışdığı üçün istəyimi anlayışla qarşılamışdı. Bəzən olur ki, işi vaxtında çatdırmaq üçün kompüteri evə aparıb səhərə kimi işləməli oluram. Yoldaşım da mənə kömək edir. Onun da kompüter mühəndisi olması bu zaman çox köməyə gəlir.
-Özünüzə vaxt ayıra bilirsinizmi?
-Baxımlı olmağı hər xanım istəyir. Ancaq bunu işlə balanslaşdırmaq istedad tələb edir (gülür). Təbii ki, bəzən işlərin çoxluğundan özümə və ailəmə vaxt ayırmaq çətin olur. Sağlam həyat tərzimi qorumağa çalışıram. Baxmayaraq ki, İT sahəsində çalışanlar sağlamlıqlarına o qədər də önəm vermirlər. Çalışıram mən bunu qoruyum. İnanıram ki, bacaracağam.
-Deyirlər ki, bu sahədə çalışanların aylıq gəliri digərlərindən daha çoxdur. Bu doğrudurmu ?
-Düşünürəm ki, indi texnologiya dövrü olduğu üçün bu sahəyə tələbat çoxdur. Lakin İT-də mütəxəssislər azdır. Məlumdur ki, hər şeyin azı daha qiymətli olur. Şirkətlər də istəyir ki, bu sahədə olan ən yaxşı mütəxəssisləri işə cəlb etsinlər və təbii ki, bunun üçün yüksək maaş və başqa təminatlar verirlər.
-Qərar qəbul edərkən kiminləsə məsləhətləşirsiniz?
-İş barəsində bütün qərarlarımı şirkətimizin meneceri ilə məsləhətləşirəm. Şəxsi qərarlarımı isə yoldaşımla razılığa gəlib qəbul edirəm. Yoldaşım Ramin Orucov İT sahəsində tanınmış adamlardan biridir. Çox insanlar onunla məsləhətləşir, fikirlərini alır. Mən də təbii ki, bu fürsətdən yararlanıram, əks halda özümə ziyan etmiş olaram (gülür).
-Roza xanım, bu sahəyə yeni başlamaq istəyən xanımlarımıza nə məsləhət görərdiniz?
-İT-yə yeni başlayan xanımlara məsləhətim odur ki, tələbəlik vaxtlarından yeni texnologiyalarla maraqlansınlar. Bu bazarın tələbatını özləri üçün müəyyən etsinlər. Heç vaxt sual verməyə utanmasınlar. Müəllimlərindən mümkün qədər məlumat toplamağa , faydalanmağa çalışsınlar. Ən əsası isə odur ki, ölkənin tanınmış İT mütəxəssisləri ilə ünsiyyətdə olmağa çalışsınlar. Xanımlara məsləhətim, vaxt müəyyən edib çoxlu seminarlarda iştirak etsinlər. Əksər vaxt seminarlar ödənişsiz olur. Hətta tələbə oğlanlardan daha aktiv olsunlar (gülür).
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri