Məlum olduğu kimi, hazırda ali təhsil müəssisələrinə abituriyentlərin qeydiyyatı davam edir.
Bu il ixtisas seçimlərində abituriyentlərin texnologiya sahəsinə böyük marağı müşahidə edilir. Belə ki, əvvəlki illərlə müqayisədə yüksək bal toplayanlar İT ixtisasları seçməyə üstünlük verir. Xüsusən də xanımların bu sahəyə maraq göstərməsi diqqət çəkir.
Lalə Əsgərova da həmin abituriyentlərdəndir. O, 695 bal toplayaraq ADA Universitetinin İnformasiya Texnogiyaları və Mühəndislik fakültəsində “İnformasiya Texnologiyaları” üzrə təhsil almağı seçib.
Qeyd edək ki, L.Əsgərova ADA Universitetində bu fakültəyə ən yüksək bal ilə qəbul olan tələbədir.
Xeberler.az olaraq yüksək nəticə göstərmiş abituriyentimizlə həm bu uğuru, həm də gələcək fəaliyyəti, məqsədləri barədə ətraflı söhbət etdik.
Müsahibəni təqdim edirik:
-Lalə, xanımların əksəriyyəti humanitar fənləri sevir. Görünür, sənin marağın konkret fənlərə olub.
- Bəli, məktəbdə humanitar fənlərə çox çətinliklə hazırlaşırdım. Ən çox sevdiyim Riyaziyyat, Fizika İnformatika və İngilis dili fənni idi. Tarix fənnini heç oxuya bilmirdim. İmtahanlarda da Azərbaycan dili və Rus dilindən aşağı bal toplayırdım. Konkret fənlərə çox marağım var idi.
- Humanitar fənləri xoşlamadığın üçün bu sahəni seçdin, yoxsa İT-yə çoxdan hazırlaşırsan?
- Hər ikisi deyə bilərik. Çünki konkret sahələri sevdiyim üçün düşünürdüm ki, İT tam mənə görədir. Məktəb vaxtı da ən həvəslə getdiyim dərs İnformatika idi. Sonradan İT ilə bağlı daha çox araşdırma apardım və baxdım ki, bu sahədə daim inkişaf var. Özümü də İT-də gördüyüm üçün seçimim bu ixtisas oldu.
- Lalə, hansı məktəbdə təhsil alıbsan? Məktəbin İKT imkanları necə idi? Kompüter, internetdən aktif istifadə etmək imkanınız var idi?
- Bakıda 6 nömrəli məktəbdə təhsil almışam. Bəli, məktəbin İKT infrastrukturu çox yaxşı idi. Müəllimlərimiz də çox savadlı idi. Kompüter otaqlarımızda da bütün şərait yaradılmışdı. Rabitə xidmətlərindən rahat istifadə edə bilirdik. İnternetin sürət və keyfiyyəti də yüksək idi.
- Hansı proqramlaşdırma dillərini öyrənirdiniz? Proqramlar yaradırdınızmı?
- Bəli, əsasən Paskal dilini öyərənirdik. Kiçik, sadə tətbiq və proqramlar yaradırdıq.
- Məktəbdə yoldaşlarına texologiyalarla bağlı yardım edirdinmi?
- Yoldaşlarımın telefonunda, kompüterində problem olanda mən maraqlanırdım. Telefon və kompüter format edə bilirəm. Onlara da yardım edirdim. Öz telefonumu da tez-tez format edirdim. Ona görə, bir telefonu 3-4 il işlədərəm, amma ona heç nə olmaz. Məsələn, elə vaxt olur ki, evə valideynlərimin telefonu internetə qoşulmur, amma mənim telefonum avtomatik özü qoşulur. Deyəsən, texnologiyalar da məni çox xoşlayır (gülür).
-Ailənizdə texnologiya ilə maraqlanıb, bu sahədə çalışan varmı?
-Atam və anam həkimdir. Demək olar ki, texnologiyalar ilə o qədər də maraqlanmırlar. Mən özüm bu sahə ilə maraqlanırdım. Məktəbdə də İnformatika dərslərinə böyük marağım vardı. 8-ci sinifdə Milli Byte şirkəti məktəbimizə gəldi. Məktəb şagirdləri arasında test aparıldı. O testdə ən yüksək bal topladım. Sonra proqramlaşdırma ilə maraqlanmağa başladım. Məktəbdə müəllimlərin köməyi ilə kiçik, sadə proqramlar hazırlayırdım.
- Lalə, niyə məhz İT?
- Açığı, həmişə mənə saytların yaradılması maraqlı gəlib. Yəni, düşünmüşəm ki, necə belə platforma yaradırlar və çox sayda funksiyaları olur. Həm də bəzən hansısa mövzuda proqrama ehtiyacım olub, araşdırmışam ki, o proqramlar mövcud deyil. İstəmişəm ki, həmin proqramlar da telefonumda olsun.
- Yeri gəlmişkən, telefonda ən çox hansı mobil tətbiqdən istifadə edirsən?
- Ən çox Google Maps və Uber-dən istifadə edirəm. Onların tətbiqi telefonumda var. Maps mənə çox kömək edir. Uber-in də aktiv istifadəçisiyəm, xidmətlərindən çox razıyam.
- Lalə, internetdən istifadədə valideynlərin qadağalar tətbiq edirdimi?
- Belə deyim, evdə gecə saat 00:00-dan Wi-Fi söndürülürdü. Amma bu da mənim internetdən istifadə etməyimə maneə olmurdu. Hər zaman mobil internetim olurdu. Ondan istifadə edirdim (gülür). Valideynlərim bəzən telefonla çox vaxt keçirdiyim üçün məni danlayırdı. Onlar elə bilirdi ki, qəbul imtahanı çox pis verəcəm. Çünki buraxılışı imtahanında Azərbaycan dilindən aşağı nəticə göstərmişdim. Onlar da elə düşünürdü ki, qəbulda da 400, 500 bal toplayacam. Çünki bütün gün telefonla idim (gülür).
- Adətən valideynlər istəyir ki, övladları onların davamçısı olsun. Nə yaxşı onlar sənin bu ixtisası seçməyinə razı oldular?
-Valideynlərim bu sahəni seçəndə çox sevindi. Çünki onlar da bilir ki, İT potensialı olan, inkişaf edən sahədir. Həm də yaxınlarımız, ətrafımızdakı insanlar deyirdi ki, Lalə bu sahəni seçmək istəyirsə, qoyun seçsin. Onlar da elə düşünür ki, bu sahənin böyük gələcəyi var. Özüm də valideynlərimə söhbət edirdim ki, yaxşı İT mütəxəssis heç vaxt geridə qalmaz. Anam arada deyir ki, bizim hamımız həkim, indi qızım İT-şnik oldu? (gülür). Çünk anam Fizikanı, Riyaziyyatı xoşlamır. Hamı düşünür ki, İT oğlanların sahəsidir. Cəmiyyətdə belə bir yanaşma var ki, qız yüksək bal topladısa, hüquqşünas olmalıdır.
- Lalə, 695 bal çox yüksək nəticədir. Kənardan elə görünə bilir ki, bütün gün çalışmaqla belə bal toplayıbsınız. Deyə bilərik ki, çox oxumaqla buna nail oldun? Vaxtını necə bölürdün?
- Əslində, xeyir. Tam elə deyil. Bütün gün dərs oxumurdum. Əksinə, demək olar ki, dərs oxumağa az vaxt ayırırdım. Günün 3-4 saatını müəllim yanında keçirirdim. Evə gələndə isə uzaqbaşı 2 saat dərs çalışırdım. Hətta bir qrup yoldaşıma Fizika ilə bağlı yardım edirdim. Gündə 3 saat onunla birgə işləyirdik.
-Bu arada, 700 bala 5 balın qalırdı. Hansı sualda səhv etdin?
-Səhvim rus dili ilə bağlı idi. Dediyim kimi, hümanitar fənləri sevə bilmirdim. Amma bu səhv də çox sadə idi. Başqa vaxt həmin sualda bəlkə də səhv etməzdim. İmtahan həyacanına görə, 5 balı elə itirdim (gülür).
- Bu müddətdə sosial şəbəkələrdən istifadə edə bilirdinmi? Mobil telefonla nə qədər vaxt keçirirdin?
- Bəli, əksər sosial şəbəkədə hesabım var. Facebook və WhatsApp-ın demək olar ki, bütün funksiyalarından istifadə edirdim. Instagram-da da eyni ilə, aktiv idim.
- Facebook və Instagram-da ilk dəfə qeydiyyatdan nə vaxt keçibsən?
-Facebook 6-7-ci sinifdə olanda daxil olmuşam. Instagram-da isə 3 ildir varam.Gündə ən azı 1-2 saat Facebook-da olurdum. Foto paylaşırdım, status yazırdım. Dostlarımın paylaşımlarını bəyənirdim. Əvvəl 250 izləyicim vardı. Şəxsi hesablarımda çalışıram, yalnız tanıdıqlarımı qəbul edim. Amma ADA-nın təqdimatından sonra dostluq istəyi göndərənlərin sayı artır (gülür).
- Bəs ilk telefonun, kompüterin nə vaxt olub?
-İlk telefonum 4-5-ci sinifdə oxuyanda olub. Düzdür, sadə telefon idi. Amma əlimdən tuturdu. İlk ağıllı telefonumu isə 8-9-cu sinifdə oxuyanda aldım. Kompüterim də kiçik yaşımdan olub. Elə həmin vaxtlarda Power Point-də təqdimatlar hazırlayırdım, Word-də yazılar yazırdım, həmçinin Paint-də işləyə bilirdim.
-Deyirlər, çox oxuyanlar özlərinə və dostlarına vaxt ayıra bilmir. Bu fikirlə razısan?
-Xeyir, çünki insan özünə də vaxt ayıra bilməlidir. Mən elə düşünürəm ki, adam yaxşı oxusa da, yaxşı görünməlidir. Yəni, hərtərəfli yaxşı olmalıdır. Yaxşı oxuyub, amma dostlarının olmaması, özünə baxmamağı qəbul etmirəm. Mən demək olar ki, hər gün kafedə idim. Dostlarımla vaxt keçirirdim.
-Bu sahəyə marağı olanlar biraz qapalı olur. Səndə necədir?
- Bəli, biraz qapalıyam. Tam da sosial deyə bilmərəm. Amma dostlarım çaya və ya hansısa bir yerə dəvət edəndə mütləq gedirəm, onlarla vaxt keçirirəm.
- ADA-nı imtahan verdikdən sonra seçdin, yoxsa?
- ADA Universiteti, təhsil imkanları ilə 8-9-cu sinifdən maraqlanıram. Elə həmin vaxtdan qərar verdim ki, bu universitetə hazırlaşacam. Universitetin saytını həmişə izləyirdim. ADA barədə çox araşdırma apardım. Baxdım ki, buradan digər ölkələrə rahat çıxış, xaricdə təhsil imkanları genişdir. Mən də İT-də dünyagörüşümü artıraraq bu sahədə biliklərimi genişləndirməyi hədəfləyirəm. Bilirəm ki, tələbələr ADA-nı çox sevir və qəbul olanlar burada təhsil alıb, bitirmir. Əksinə, burada təhsil aldıqca daha çox yeni maraqlar yaranır. Özünü inkişaf etdirmək istəyirsən. Bəzi tələbələr var ki, onlar üçün yüksək bal toplayandan sonra hər şey bitir. ADA-da isə bilirəm ki, elə olmur.
-Hansı ölkədə təhsil almaq istəyirsən?
- Araşdırdığım qədəriylə hazırda İT sahəsində ABŞ və Cənubi Koreya sürətlə inkişaf edir. Bu ölkələrdən birində təhsilimi davam etdirməyi hədəfləyirəm.
-Lalə, deyəsən artıq İELTS nəticən də var...
-Bəli, 10-cu sinifdə oxuyanda imtahana daxil oldum və ümumi 9 bal üzərindən 7 topladım.
-Bu, yüksək nəticədir. Necə hazırlaşırdın ingilis dilinə? Bu bacarığını necə təkmilləşdirdin?
- İngilis dilində çoxlu filmlərə, videolara baxırdım. Onların təsiri böyük oldu. Belə ki, bu videolar dili başa düşməyimə və sərbəst danışmağa yardım etdi. Bundan əlavə, tez-tez dostlarımla bu dildə danışırdıq.
-Dövlət İmtahan Mərkəzi və ADA-nın elektron ərizə qeydiyyatından özün keçə bildin, yoxsa?
-Bəli, DİM-in saytından da özüm keçdim. ADA-nın onlayn qeydiyyatını da özüm etdim. Hətta, hamıya kömək edirdim. Nədənsə, dostlarım elektron ərizə ilə baş edə bilmirdi, çətinlik çəkirdi.
-Lalə, hazırda yaratmağa hazırlaşdığın bir proqram varmı?
- Bəli, anam məndən səhiyyə ilə bağlı bir proqram istəyib. Araşdırdım ki, Azəbaycanda bununla bağlı hanısa tətbiq, proqram mövcud deyil. Hazırda həmin proqramı yaratmağa hazırlaşıram.
-Özünü İT-də hansı vəzifədə görürsən?
-Özümü hanısa bir İT şirkətində saytları, proqramı redaktə edən mütəxəssis kimi görürəm. Düşünürəm ki, xaricdə də təhsil alıb, dünyagörüşümü artırdıqdan, təcrübə topladıqdan sonra bunu bacaracam.
-Bu sahədə kimin fəaliyyəti daha çox diqqətini çəkir və onun kimi olmaq istəyirsən?
-Stive Jobs-un bütün fəaliyyətlərini, həyata keçirdiyi işləri izləmişəm. Mənə çox maraqlıdır ki, necə belə sadə platforma (iOS) yaradıb. Özüm də iPhone işlədirəm və çox bəyənirəm. iOS-u heç vaxt dəyişmərəm (gülür). Fəaliyyətimdə ona bənzəməyə çalışacam.
-Lalə, sonda bu sahəni seçmək istəyib, amma tərəddüd edənlərə nə tövsiyyə edərdin?
-Deyərdim ki, məlumat toplayıb bir sahəni seçsinlər. Əsas sevdikləri ixtisası seçib, ona doğru getsinlər. Bir məqsəd qoymaq lazımdır. Bir neçə məqsəd olanda adam çətinlik çəkir. Və seçəcəyiniz universiteti, ixtisası çox yaxşı, dərindən araşdırıb, öyrənin.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri