ABŞ-nin “Google” korporasiyası Hindistanın Vişakhapatnam şəhərində ölkənin ən böyük məlumat emalı mərkəzinin tikintisinə başlayıb. Layihəyə yatırılacaq investisiyanın həcmi 15 milyard dollar qiymətləndirilir. Lakin tikinti işləri demək olar ki, başlanan kimi etirazlara və məhkəmə çəkişmələrinə səbəb olub.
Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, fəallar məlumat emalı mərkəzinin su qıtlığını daha da dərinləşdirəcəyindən və yaxınlıqdakı qoruğa ziyan vuracağından narahatdırlar.
Fəalların əsas narahatlığı məlumat emalı mərkəzinin yerli su təchizatı sisteminə düşəcək əlavə yük ilə bağlıdır. Bölgədə onsuz da suyun verilişi normativ qaydada həyata keçirilir. Rəsmi məlumatlara görə, təxminən 2,5 milyon əhalisi olan Vişakhapatnam şəhərinə gündəlik tələbat 480 milyon litr olduğu halda, cəmi 410 milyon litr su verilir.
Son həftələrdə Vişakhapatnamda etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları “Biz məlumatları içə bilmirik” şüarları yazılmış plakatlarla çıxış edərək bildiriblər ki, layihə şəhərin su ehtiyatlarına düşən yükü daha da artıra bilər. Ekoloji təşkilatlar, həmçinin iri tikinti işlərinin bəbirlərin və panqolinlərin məskunlaşdığı Kambalakonda qoruğundan bir kilometrdən də az məsafədə aparılmasından narahat olduqlarını bildiriblər.
“Cal Biradari” ictimai təşkilatının iddiasına artıq Andhra-Pradeş ştatının Ali Məhkəməsində baxılır. Fəallar məhkəmədən məlumat emalı mərkəzinin regionun su təchizatına təsirinin qiymətləndirilməsini tələb edirlər. Növbəti məhkəmə iclası avqustun 24-nə təyin olunub. Bundan əlavə, Hindistanın Milli Ekoloji Tribunalına daha üç iddia təqdim edilib. İddiaçılar layihənin icrasının dayandırılmasına nail olmağa çalışırlar.
Ştatın hakimiyyət orqanları fəalların iradlarını qəbul etmir və bildirir ki, layihə bütün zəruri icazələri alıb. Rəsmilərin sözlərinə görə, məlumat emalı mərkəzi əhali və ya kənd təsərrüfatı üçün nəzərdə tutulan su ehtiyatlarından istifadə etməyəcək. Bununla yanaşı, hökumət ictimaiyyətin arqumentlərini araşdıracağını və zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görəcəyini vəd edib.
“Google” şirkəti isə öz növbəsində məlumat emalı mərkəzinin qanunvericiliyin bütün tələblərinə uyğun fəaliyyət göstərəcəyini bəyan edib. Obyektin su sərfiyyatını azaltmağa imkan verən müasir hava soyutma sistemləri ilə təchiz olunması planlaşdırılır. Şirkət, həmçinin kompleksin ətraf mühitə təsirini minimuma endirmək məqsədilə səs-küy səviyyəsinin azaldılacağını bildirib.
Layihənin tikintisi üzrə “Google”un tərəfdaşı hindistanlı milyarder Qautam Adaniyə məxsus “Adani Group” olub. Hakimiyyət hesab edir ki, layihənin həyata keçirilməsi nəticəsində 188 minədək yeni iş yeri yaradılacaq. Bununla belə, məlumat emalı mərkəzinə qarşı çıxanlar layihənin yalnız iqtisadi baxımdan qiymətləndirilməsinin düzgün olmadığını vurğulayırlar. Onların fikrincə, yeni investisiyalar və iş yerləri ekoloji vəziyyətin pisləşməsi və su qıtlığının daha da dərinləşməsi bahasına yaradılmamalıdır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları