Rabitə Nazirliyi : Azercell indiyədək, Dövlət Tezlikləri Komissiyasından tezlik almayıb
Azercell: «Tezliyin alınması üçün nazirlik tərəfindən sertifikat verilməlidir
Osman Gündüz: Azercell-in bu bəyanatının səsi çıxacaq»
Azərbaycanda mobil telefon həvəskarları neçə illərdir ki, 3G (üçüncü nəsil mobil rabitə) texnologiyası üzrə mobil rabitə xidmətlərinin tətbiqi ediləcəyini gözləyir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həvəskarların intizarına nəhayət ki son qoydu. Ötən ay ölkənin üçüncü Mobil rabitə operatoru olan Azerfon-a 3G texnologiyasının tətbiqi ilə bağlı lisenziya təqdim edildi.
Sözügedən lisenziyanın alınması üçün iki il öncə nazirliyə müraciət etsə də, indiyədək icazə ala bilməyən Azercell şirkəti isə qurumu ayrıseçkilik salmaqla ittiham edir. Şirkətin yaydığı məlumata görə, Azercell 3G texnologiyasının təqdimatına artıq iki ildən çoxdur ki, hazırdır. Şirkətin məlumatında qeyd olunur ki, BakuTel-2008 sərgisində 3G, 2009-cu ildə isə 4G mobil texnologiyası sınaqdan keçirilib. Şirkət nazirlik tərəfindən bütün mobil operatorlara bərabər şəraitin yaradılmamasından şikayət edir.
Müşfiq Əmirov: «Nə vaxt bütün sənədlər qaydasında olar, o zaman nazirlik lisenziya verməyə hazırdır»
İttihamlara cavab verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov açıqlamasında şirkəti günahlandırdı. Onun sözlərinə görə, Azercell lisenziya almaq üçün lazım olan sənədləri tam olaraq təqdim etməyib: «Lisenziyanın alınması üçün şərtlər var. Şirkət bəyan edir ki, texniki imkanlar baxımdan tam hazırdı. Amma texniki imkanlar tələb olunan şərtin biridir. Azercell indiyədək, Dövlət Tezlikləri Komissiyasından tezlik almayıb. Buna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi baxmır. Nazirlik şərtlərdə tələb olunan sənədlərə baxaraq, lisenziya verir. «Azercell» şirkətinin isə şərtlərdə tələb olunan bir neçə sənədləri qaydasında deyil. Onlardan biri, dediyim kimi, tezliyin alınmasıdır. Nə vaxt bütün sənədlər qaydasında olar, o zaman da nazirlik lisenziya verməyə hazırdır».
«Azercell»: «Lisenziyanın alınması üçün tələb olunan sənədləri necə təqdim edək ki, bunun üçün sertifikatı bizə vermirlər»
«Azercell» şirkətinin korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə isə «Bizim Yol»a bildirdi ki, tezliyin alınması üçün nazirlik tərəfindən sertifikat verilməlidir: «Nazirlik bizə sertifikat verməlidir ki, şirkət sənədləri tam olaraq təqdim edə bilsin. 3G lisenziyasının almaqdan ötrü müvafiq uyğunluq sertifikatı əldə etmək üçün bir neçə dəfə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etsək də, cavab gəlməyib. Artıq bunun üzərindən 2 il keçib. İndi lisenziyanın alınması üçün tələb olunan sənədləri necə təqdim edək ki, bunun üçün sertifikatı bizə vermirlər».
Ekspert: «Rabitə Nazirliyinin 3G ilə bağlı apardığı siyasətin bir adı var, o da biabırçılıq»
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azercell arasında yaranan gərginliyə münasibət isə fərqlidir. Bəzi ekspertlər bunu siyasi, bir qismi isə kommersiya amilləri ilə bağlayır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, burada iqtisadi səbəblər siyasi səbəblərdən daha çoxdur. O.Gündüzün fikrincə, nazirliyin Azercell-ə qarşı münasibəti qeyri-sağlamdır: «Rabitə Nazirliyinin 3G ilə bağlı apardığı siyasətin bir adı var, o da biabırçılıq. Misli görünməmiş hal ondan ibarətdir ki, nazirlik heç bir auksion, tender keçirmədən dövlətin lisenziyasını bir şirkətə verib. Halbuki, bunu almaq üçün 2-3 il bundan öncə müraciət edənlər kənarda qalıb. Başa düşmək olmur ki, nə baş verir. Bu dərəcə haqsızlıq, məsuliyyətsizlik olmaz. Azercell Azərbaycana 1 milyard dollar investisiya yatırıb.
Bu bazarda kimsə iqtisadi maraqlar güdür. Kiminsə lisenziya alan şirktədə maraqları var. Çünki 3G-ni tətbiq edən şirkət bazarda daha üstün rəqabət mühiti əldə edəcək. Ona görə də, burada iqtisadi maraqlar çoxdur».
Ekspert lisenziyanın birbaşa «Azerfon»a verilməsi zamanı qanunvericilik prosedurlarının pozulduğunu qeyd etdi: «Qanunvericiliyə görə burada tender, müsabiqə olmalı idi. Çünki bazarda üç iddiaçı var idi. Əslində, Rabitə Nazirliyi Azerfon-a lisenziyanı hədiyyə edib. Özü də lizensiya çox ucuz satıldı».
Ekspert Azercell-in son bəyanatının beynəlxalq aləmdə ciddi rizonans doğuracağını düşünür: «Azercell»in bu bəyanatının səsi çıxacaq. Çünki beynəlxalq əhəmiyyətli, dünyada dayağı olan bir şirkətdir. Şirkətin Avropadakı dayaqlarından biri olan Telyo Sonera prezident İlham Əliyevlə də görüşüb. O, Bakıya gəlib gedəndən sonra şirkətə qarşı münasibət dəyişmişdi. Ondan sonra prezidentin qərarı ilə 3G-nin listenziyasının qiyməti bəlli oldu. Azərbaycanda bu texnologiyanın tətbiqi üçün lisenziyanın dəyəri 11 min dollardır. Bu, çox ucuzdur və bu qiyməti necə müəyyənləşdirdikləri mənim üçün maraqlıdır. Başqa ölkələrdə həmin lisenziyaların qiyməti bizdəkindin 100-200 dəfə bahadır».
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri