Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq

20-11-2025 / 12:46

Azərbaycanda rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, rəqəmsal fırıldaqçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə banklar, ödəniş təşkilatları və hüquq-mühafizə orqanları arasında avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş sistemin yaradılması nəzərdə tutulur.

E.Cuvarov qeyd edib ki, hazırda bu istiqamətdə ilkin müzakirələr aparılır və sistemin tətbiqi ölkədə fırıldaqçılıq hallarına qarşı mübarizədə mühüm dönüş nöqtəsi olacaq: "Təcrübə göstərir ki, bir çox hallarda vətəndaşlar şikayətlərini ya banka, ya da polisə bildirir. Bu isə real mənzərənin tam görünməsinə imkan vermir. Mərkəzləşdirilmiş sistem sayəsində bütün məlumatlar vahid platformada toplanacaq və avtomatik şəkildə müqayisə ediləcək".

AMB rəsmisi yeni sistemin üstünlüklərini də açıqlayıb. Onun sözlərinə görə, sistem banklar və polis arasında məlumat mübadiləsinin real vaxt rejimində aparılmasına imkan verəcək: "Bu, fırıldaqçılıq hallarının daha operativ aşkarlanmasını təmin edəcək və risklərin daha dəqiq qiymətləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, mərkəzləşdirilmiş platforma statistikanın tam və operativ formada hazırlanmasını mümkün edəcək. Yeni sistem sayəsində vətəndaşların şikayətlərinin bank və polis arasında itirilməsi hallarının da qarşısı alınacaq".

E. Cuvarov vurğulayıb ki, bu addım ölkədə rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və fırıldaqçılıq hallarının minimuma endirilməsi baxımından vacib infrastruktur yeniliyi olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə