"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

12-04-2025 / 09:22

Bu gün dünyada süni intellekt texnologiyaları sürətlə inkişaf edir. Bu sahədə baş verən yeniliklər qlobal miqyasda həm elmi, həm də iqtisadi, tibbi, sosial və digər proseslərə ciddi təsir göstərir. Süni intellekt ictimai həyatın bütün sahələrinə nüfuz edərək insanların həyat tərzini və iş prinsiplərini dəyişməkdədir. Azərbaycanda da bu tendensiyalar geniş şəkildə müşahidə olunur, həm dövlət, həm də özəl sektorda süni intellektin tətbiqinə və inkişafına diqqət yetirilir. Dövlət əhəmiyyətli sənədlərdə bu məsələlərə xüsusi yer ayrılır. Süni intellektin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, innovativ layihələr və aparılan tədqiqatlar bu sahənin inkişafı üçün geniş perspektivlər açır.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamının əsas məqsədi də ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, yüksəkixtisaslı kadr potensialını gücləndirmək, eləcə də süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etməkdir. Bu strategiya müvafiq dövlət qurumları, elmi müəssisələr, bu sahədə tədqiqat aparan alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyur. Süni intellekt strategiyasının təsdiq edilməsi həm də ölkənin bu sahədəki inkişaf prioritetlərinin müəyyən edilməsi baxımından mühüm qərardır.

Xeberler.az məlumat verir ki, bu fikirlər AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Azərbaycan Milli Elmlər Akademiyasında süni intellekt məsələlərinə böyük diqqət ayrılır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

AMEA da dünyada və ölkəmizdə süni intellekt sahəsində baş verən köklü dəyişiklikləri, həmçinin süni intellekt strategiyasından irəli gələn hədəf və vəzifələri nəzərə alaraq, bu istiqamətdə fəaliyyətini yenidən qurur, kompleks islahatlar aparır. Akademiyada süni intellektin elmin müxtəlif sahələrinə təsiri, onun imkanlarının Azərbaycan elmi və cəmiyyətinə verdiyi töhfələrə dair araşdırmalar aparılır, süni intellektlə bağlı yeni şöbələr yaradılır, dissertasiya işləri yazılır.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə humanitar sahələrdə süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli addımlar atılır. Süni intellektdən tarix, dilçilik, ədəbiyyat, fəlsəfə və digər elm sahələrdə istifadə edilməsi həmin sahələrin daha sürətli şəkildə öyrənilməsinə yeni imkanlar yaradır. Bu kontekstdə AMEA-nın müxtəlif elmi qurumları süni intellektin nəzəri və praktiki aspektlərinin araşdırılması, multidisiplinar tədqiqatların aparılması, bu sahədə elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində konkret addımlar atır. Akademiyada keçirilən beynəlxalq və yerli elmi konfranslar, seminarlar və təlimlərdə süni intellektin inkişafına xidmət edən məsələlərə diqqət ayrılır.

Elmin müasir çağırışlarını daim rəhbər tutan, yenilikləri dəstəkləyən akademik İsa Həbibbəyli AMEA-da elektron elmin inkişafına, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinə, süni intellekt texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, AMEA-nın Rəyasət Heyəti aparatında Elektron akademiya şöbəsi yaradılıb. Bu şöbədə həyata keçirilən işlər nəticəsində elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profilləri yaradılıb, elmi nəşrlərin veb-saytları hazırlanıb, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOI identifikatoru verilib və digər mühüm işlər görülüb.

Elektron akademiya şöbəsi robot texnologiyaları sahəsində mühüm işlər aparır. “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) robotu məhz bu şöbənin mütəxəssisləri tərəfindən hazırlanıb.

2024-cü ildə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türkiyə və Rusiya alimlərinin iştirakı ilə “Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda “Süni intellekt və gender”, “Süni intellekt-cəmiyyətdə insanlıq meyarı”, “Müasir dünyada insanın və süni intellektin rəqabəti” və digər mövzularda məruzələr təqdim olunub.

Həmçinin ötən ilin iyul ayında AMEA-da “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bu, eyni zamanda, ilk dəfə olaraq Rəyasət Heyətində süni intellekt və rəqəmsal inkişafa həsr edilmiş elmi konfrans idi. Konfransın məqsədi qloballaşan dünyanın çağırışlarından olan rəqəmsal transformasiyanın trendlərini və gələcək istiqamətlərini təhlil edərək, ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatları, onların nailiyyətlərinin öyrənilməsini, mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələri tanıtmaq olub. Tədbirdə “Süni intellekt və rəqəmsal transformasiya: trendlər və gələcəyə baxış; rəqəmsal transformasiyada çətinliklər; robototexnika” və “Obrazların tanınması, maşın öyrənməsi, təbii dilin işlənməsi” adlı seksiyalarda süni intellekt və rəqəmsal inkişafla bağlı ölkənin çağırışlarına cavab verən əhəmiyyətli müzakirələr aparılıb.

Cari ilin mart ayında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilən “Suverenlik, süni intellekt və müasir şüur problemi” mövzusunda beynəlxalq konfransda fəlsəfə elminin süni intellektlə əlaqəsinə dair müzakirələr aparılıb. Tədbirdə vurğulanıb ki, bu gün fəlsəfə süni intellektdən kənarda qala bilməz. Demək olar ki, bütün sahələrdə süni intellektin xidmətlərindən istifadə olunur. Hər şey inkişaf edir, modernləşir. Belə olduğu təqdirdə alimlər də öz işlərini inkişaf etdirmək üçün müasir texnologiyalardan faydalanmalıdırlar.

Bu yaxınlarda AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Məsud Mahmudovun “Süni intellektin linqvistik problemləri” monoqrafiyası çapdan çıxıb. Monoqrafiyada süni intellektin yaranması, mahiyyəti, başqa elm sahələri, eləcə də dilçiliklə əlaqəli olan sahələri araşdırılıb.

Bundan başqa, AMEA-nın Dilçilik İnstitutunda türk dövlətləri arasında ilk dəfə olaraq Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunur. Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri və Dilçilik institutlarının əməkdaşlığı çərçivəsində süni intellektin köməyilə Orfoqrafiya lüğəti üzərində iş aparılır. Lüğətin ilin sonuna qədər nəşr olunması nəzərdə tutulur. Həmçinin Dilçilik İnstitutunda Kompüter dilçiliyi şöbəsi fəaliyyətə başlayıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda isə İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbəsi yaradılıb.

Aprelin 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirin açılış mərasimində çıxış edən akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər sahəsində süni intellektin tətbiqinin vacibliyini bir daha vurğulayıb. Bildirib ki, AMEA-da rəqəmsal arxeologiya, rəqəmsal ədəbiyyat, rəqəmsal tarix və digər istiqamətlərdə yeni qurumların yaradılması, onların fəaliyyətinin təmin edilməsi üçün təşkilati tədbirlər davam etdirilir: “Qarşımızda duran əsas vəzifələrdən biri də süni intellekt və rəqəmsal inkişafın humanitar və ictimai elmlərə tətbiqini genişləndirməkdir. Müasir çağırışlara cavab verə bilmək üçün ədəbiyyat, dilçilik və tarix kimi sahələrdə süni intellekt texnologiyalarından istifadə genişləndirilməlidir. Bu kimi konfranslar isə süni intellektin humanitar elmlər üçün zəruri və əhəmiyyətli olduğunu bir daha sübut edir”.

Bütün bunlar AMEA-nın öz fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqinə, onun müxtəlif elmi, texnoloji və ictimai aspektlərinin hərtərəfli araşdırılmasına xüsusi önəm verdiyini göstərir. Süni intellektlə bağlı aparılan tədqiqatlar, bu sahənin ölkəmizdə elmi tərəqqiyə və rəqəmsal transformasiyaya töhfəsini artırmaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün də möhkəm zəmin formalaşdırır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə