Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

22-02-2020 / 19:09

Cari ilin 2-6 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək. 

Xeberler.az bildirir ki, mətbuat konfransında “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək tədbirlər haqqında ictimaiyyətə ətraflı məlumat verilib. Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, təhlükəsizlik real həyatda olduğu kimi, virtual aləmdə də çox önəmlidir. “Kibertəhlükəsizlik şirkəti olan “Arbor Networks”un verdiyi statistikalara görə, 2019-cu ildə baş verən kibercinayətlər son 11 ilə nəzərən 60 dəfə daha çoxdur, bu, çox ciddi rəqəmdir. Məhz bu səbəbdən dövlətlər, şirkətlər və fərdlər üçün kibertəhlükəsizlik son dərəcədə önəmli olmalıdır” – deyə mətbuat katibi qeyd edib. Onun sözlərinə görə, dünyada hər bir dəqiqədə kiberməkanda 500 milyon hücum təşkil edilir.

Mətbuat katibi vurğulayıb ki, özünün kibertəhlükəsizlik strategiyasını hazırlayan Azərbaycan, təbii ki, bu risklərdən xəbərdardır və onların qarşısının alınmasında bu strategiyadan irəli gələn müddəaların həyata keçirilməsi mühüm rol oynayacaq. “Ötən dövrdə Azərbaycan özünün kibertəhlükəsizlik indeksini də yaxşılaşdırıb. 194 ölkənin iştirak etdiyi və ilk üçlüyü Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransanın bölüşdüyü “Global Cyber Security” indeksində hazırda ölkəmiz 55-ci yerdə qərarlaşıb” – Günel Gözəlova belə deyib.

Onun sözlərinə görə, 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və YüksəkcTexnologiyalarcNazirliyi tərəfindən təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsindəcbeynəlxalq mütəxəssislərin də cəlb olunacağı 8 böyük tədbirin təşkili nəzərdə tutulur.

Daha sonra tədbir təşkilatçıları jurnalistlərin suallarını cavablandırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizovc“Kibertəhlükəsizlik strategiyası”nın hazırlanmasının yubanması ilə bağlı məsələyəcmünasibət bildirib. “Kibertəhlükəsizlik strategiyası” Nazirlər Kabinetinin iş planına uyğun olaraq aparıldığından bir qədər vaxt alıb”.

R.Əzizovun sözlərinə görə, müzakirələr zamanı bir vacib məqam, informasiya təhlükəsizliyi məsələlərinin həmin “Kibertəhlükəsizlik strategiyası”nda o qədər də əksini tapmaması ortaya çıxıb: “Amma bu, olduqca vacib məsələdir. Ona görə də hazırda bu iki məsələnin birləşdirilərək “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” adında vacib sənədin hazırlanması istiqamətində işlər aparılır.

Rəşad Əzizov, həmçinin Fərdi Məlumatların Qorunması Qaydaları haqqında sualı da cavablandırıb. “Azərbaycanda "Ümumi Məlumatların Qorunması Qaydalarının
hazırlanması üçün işçi qrupu yaradılıb”. O əlavə edib ki, bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır:
"Həmin sənəd qəbul olunandan sonra bundan irəli gələn normativ aktların qəbulu nəzərdə tutulur. Bu istiqamətdə də işlər aparılır. Xüsusi olaraq deyim ki, fərdi məlumatların qorunması istiqamətində artıq hüquqi islahatlar aparılır, yüksək səviyyəli işçi qrupu formalaşıb. Nazir müavininin rəhbərliyi altında bu proses gedir. Bu qanunlara dəyişikliklər baş verəcək. Ümumiyyətlə, fərdi məlumatların qorunmasına yanaşmamız da dəyişə bilər".

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti mütəmadi olaraq kibertəhlükəsizlik sahəsində əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir”.

Bunu mətbuat konfransında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə deyib. O bildirib ki, maarifləndirmə səviyyəsinin yüksəldilməsi, eyni zamanda sahə üzrə fəaliyyət göstərən qurumların, şirkətlərin koordinasiyalı fəaliyyətini təmin etmək məqsədini əsas tutub: “Kibertəhlükəsizlik həftəsi” ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər strategiyasında kibertəhlükəsizlik üzrə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin etmək üçün yaradılıb. Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti mütəmadi olaraq bu sahədə əhalinin maarifləndirilməsi üçün tədbirlər görür. Orta və ali məktəblərdə tərəfimizdən seminarlar təşkil olunur. Uşaqların daha çox məlumatlandırılması, müəllim və valideynlərin maarifləndirilməsi üçün mütəmadi olaraq təbdirlər keçirilir”.

“Kibertəhlükəsizlik həftəsi”ndə keçirilən tədbirlərdən biri də “Hökumət Buludu”na həsr olunub. Tədbir haqqında ətraflı məlumat verən “AzİnTelecom” şirkətinin kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, “Dövlət Buludu” dünya təcrübəsində yeni deyil: “Burada bulud texnologiyaları tətbiq olunur ki, bu da ənənəvi İT həllərdən fərqlənir. Ancaq hər iki variantda təhlükəsizlik mühüm rol oynayır. Bununla əlaqədar olaraq 3 mart tarixində keçiriləcək tədbirdə iştirakçılar “bulud texnologiyaları necə olur?”, “hökumət buludu nədir?”, “kimin üçün tətbiq olunur?” kimi suallara cavab ala biləcəklər”.

Martın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə keçiriləcək Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu haqqında isə BMT-nin İnkişaf proqramının layihə meneceri Vasif Məmmədov ətraflı məlumat verib. O bildirib ki, forumda daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq.

Kibertəhlükəsizlik sahəsində kadrların hazırlanması haqqında sualları cavablandıran “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC nin direktoru Rauf Cabbarov bunun rəhbərlik etdiyi qurum qarşısında qoyulan vacib tapşırıq olduğunu deyib. O bildirib ki, ölkədə bu sahədə mütəxəssislərin sayı kifayət deyil: “Ötən ildən başlayaraq İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi kadrların hazırlanmasına xüsusi diqqət ayırır. Treninqlər keçirilir, bu treninqləri uğurla keçənlərə beynəlxalq şirkətlərin sertifikatları təqdim edilir”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir təşkil olunan “Kibertəhlükəsizlik həftəsi”nin keçirilməsi bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin təşkili nəzərdə tutulur.

İlk tədbir 2 mart tarixində baş tutacaq “Kibertəhlükəsizlik konfransı” olacaq. Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Microsoft”, “IS3S”, “Prosol”, “Kaspersky” şirkətlərinin tərəfdaşlığı ilə keçiriləcək “Kibertəhlükəsizlik konfransı”nda günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək. Tədbir sual-cavab sessiyaları, habelə müzakirələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Konfransla paralel olaraq kibertəhlükəsizlik üzrə həllərin nümayiş etdiriləcəyi “Cyber village” sərgisi baş tutacaq. Martın 3-də “Təhlükəsiz Hökumət Buludu” tədbiri baş tutacaq. “AzInTelecom” MMC tərəfindən təşkil ediləcək “Hökumət Buludu” layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar diqqətə çatdırılacaq. Bu sahədə aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər haqqında məlumat veriləcək. Həmçinin, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində biliklərin və bacarıqların paylaşılması nəzərdə tutulur. “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.

3 mart tarixində keçiriləcək növbəti tədbir dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün Pentestinq, yəni nüfuz üzrə praktiki seminar olacaq. Nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə reallaşacaq seminarı tanınmış rusiyalı kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin aparacaq.

Seminarda “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcək. Martın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək. Tədbirdə daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq. “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 4-də, həmçinin “Hackathon” (Capture the Flag) müsabiqəsinə start veriləcək. Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, İnnovasiyalar Agentliyinin tərəfdaşlığı ilə keçiriləcək müsabiqə çərçivəsində iştirakçılara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Prosol”, “E&Y” və lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə 5 mart tarixində “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri baş tutacaq. Burada yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Requlation – “GDPR”) əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinləniləcək. Bununla yanaşı, ölkəmizdə sahə üzrə mövcud vəziyyət və həyata keçirilmiş islahatlarla bağlı məlumat veriləcək.

Martın 5-də Azərbaycan Standartlaşdırma İnstitutunun və İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə Kibertəhlükəsizlik üzrə Beynəlxalq Sertifikatlaşdırma təlimi də keçiriləcək. Bir həftə davam edəcək təlim çərçivəsində “İSO/İEC 27001 – İnformation Security Management Systems” – informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə qəbul edilmiş beynəlxalq standartın tələbləri və tətbiq üsulları yerli mütəxəssislərə öyrədiləcək.

Martın 6-da “Hackathon” müsabiqəsi üzrə mükafatlandırma mərasimi təşkil olunacaq. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim ediləcək. Bununla da “Kibertəhlükəsizlik həftəsi”nə yekun vurulacaq.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə