“Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi 11 iyunda başa çatacaq. İkinci mərhələnin imtahanına yalnız “Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramını seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Komissiyadan bildirilib ki, TQDK-nın rəsmi saytında 2013/2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün “Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi sisteminə giriş səhifəsi yaradılıb.
Sistemə daxil olan bakalavr ilk növbədə bitirdiyi bakalavr ixtisasına müvafiq qəbul proqramını müəyyənləşdirir; “tqdk.gov.az/erizemag” internet səhifəsinə daxil olur, özünə məxsus olan iş nömrəsini və şifri müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır; bakalavr üçün məlumatı oxuyur.
Əgər imtahanın birinci mərhələsindən sonra şəxsiyyət vəsiqəsi dəyişilibsə, ekrandakı “Əgər şəxsiyyət vəsiqənizi dəyişmisinizsə, buranı sıxın” düyməsini basmaqla şəxsi məlumatlarında düzəlişlər aparır; seçdiyi qəbul proqramının nömrəsini siyahıdan seçir. Ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü və tam olmasını yoxlayır və “Bəyannamə”ni oxuyur; “Ərizəni yadda saxla” düyməsini basır. Proqram məntiqi yoxlamalar nəticəsində səhvlər barəsində məlumat verərsə, müvafiq düzəlişlər aparır və yenidən “Ərizəni yadda saxla” düyməsini basır; proqram məntiqi yoxlamalar nəticəsində heç bir səhv aşkar etmədikdə, bakalavr ekranda açılan pəncərədə daxil edilən məlumatların yadda saxlanılması haqqında məlumatı oxuyur, sonra “Məlumatı oxudum” düyməsini basır. Ekranda “Ərizəni təsdiq et” düyməsi aktivləşir.
Bakalavr “Ərizəni təsdiq et” düyməsini basaraq qəbul proqramı seçimini təsdiq edir. Ərizə təsdiq edildikdən sonra ekrana ərizənin təsdiq edilməsi haqqında məlumat və yeni səhifədə təsdiq edilmiş ərizənin çap variantı çıxır. Komissiyadan vurğulanıb ki, ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.(ictnews.az)