Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025 / 15:42
Son bir neçə gündə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin, DİN rəsmisi Elşad Hacıyevin Bank kartlarından oğurlanan vəsaitləri açıqladığı məlumatları bir daha nəzərinizə çatdırırıq.
 
7 Aprel — 66,997 AZN
8 Aprel — 87,067 AZN
10 Aprel — 24,864 AZN
 
Xeberler.az məlumat verir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, DİN-in artıq gündəlik belə bir statistikaları paylaşması özü diqqət cəlb edəndir:
 
"Əvvəllər gündəlik statistikada adətən ayrı növ cinayətlərin məlumatları gözə dəyirdi.
 
Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və banklar nəhayət ki, real vaxtda işləyən bir anti-fraud sistem qura biliblər. Bu, artıq bank sektorunda kiber cinayətkarlığa qarşı yeni bir mərhələnin başlanğıcıdır.
 
Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər tam, real vaxtda monitorinq oluna bilir.
 
Bütün bunlar isə, şübhəsiz ki, cinayətkar sxemlərin vaxtında ifşasına və qarşısının alınmasına daha yaxşı şərait yaradacaq".
 
Osman Gündüzün sözlərinə görə, açıqlanan məlumatlardan isə görünür ki, yenə həmin kordinat, həmin dalğadır.:
 
"Fırıldaqçılar müxtəlif sxemlərdən istifadə edərək vətəndaşların etibarını qazanır, müxtəlif üsullarla zəng etməklə özlərini bank işçisi, sığorta agenti, vergi əməkdaşı kimi təqdim edərək şəxsi və maliyyə məlumatlarını əldə edirlər".
 
Nələrə diqqət etmək lazımdır?
 
Ekspert cavab olaraq bildirib ki, bank kartının məlumatlarını – CVV/CVC kodunu, SMS ilə gələn OTP şifrəni, loqin və parolu, PIN kodu paylaşmaq təhlükəlidir:
 
"Özünü “bank işçisi”, hansısa dövlət qurumu nümayəndəsi kimi təqdim edən şəxslə birbaşa şəxsi və bank məlumatlarının müzakirəsinə keçmək təhlükəlidir".
 
Osman Gündüz qeyd edib ki, bank kartları ilə olan kibercinayətkarlıqda əsas vasitələrdən birisi xaricdə oturan fırıldaqçının yerli nömrə ilə zəng etməsidir:
 
"Adətən bu məqsədlə SİM-box adlanan qurğulardan istifadə edilir. Yəni cinayətkar xaricdə bir ölkədə oturur, başqa bir ölkədə server qurur, Azərbaycanda özünə tərəfdaş tapır, SİM-box-lar Azərbaycana göndərilir və hansısa bir məkanda yerləşdirilir, potensial -"yağlı müştəri" hesab olunacaq vətəndaş müəyyən olunur.
 
Onlarla, yüzlərlə mobil nömrələr -sim kartlar alınaraq SİM-box a yerləşdirilir. Fırıldaqçılar xaricdən olan zəngi məhz həmin SİM-box -la yerli zəng olaraq vətəndaşa yönəldirlər.
 
Düşünürəm ki bu tip avadanlıqların ölkəyə gətirilməsi və tətbiqi ilə bağlı məsələlər də sərtləşdirilməlidr.
 
Eyni zamanda fərdi məlumatların qorunması istiqamətində daha sərt tədbirlər görülməsinə ehtiyac var".
 
Ekspertin sözlərinə görə, gizli deyil ki, xaricdəki cinayətkarlar hansısa bank müştərisi olan, kartında vəsait olan (balansı, bank əməliyyatları diqqət cəlb edən) vətəndaşların siyahısını yalnız sosial şəbəkələrdən, internetdən əldə edə bilməz:
 
"Müşahidələr göstərir ki, fırıldaqçılar potensial hədəflərin müəyyən edilməsində daha güvənli məlumatlardan istifadə edirlər.
 
Şübhələnmək üçün əsaslar var ki, real bank əməliyyatları olan, kartlarında vəsait olan vətəndaşların siyahıları bank və ya mobil operatorlardakı mənbələrdən də sıza bilər. Qonşu ölkələrin təcrübəsinə baxanda da görmək olur ki, bu tip siyahılar qara bazarlarda satışdadır.
 
Bu baxımdan düşünürəm ki, hökumət, hüquq-mühafizə qurumları kibercinayətkaqlğa qarşı mübarizədə banklarda və mobil operatorlarda vətəndaşlarla bağlı məlumatların qorunmasına, bu tip informasiyaları fırıldaqçılara sızdıranlara qarşı daha sərt tədrbirlər görülməsinə diqqət yetirməlidirlər".
 
Sonda Osman Gündüz bildirib ki, aparılan müşahidələr də göstərir ki, qonşu ölkələrdə, Qazaxıstanda, Rusiyada bu istiqamətdə qanunvericilik xeyli sərtləşdirilib:
 
"Bu baxımdan, qonşularımızda bu sahədə olan "münbit şəraitdən" əli üzülənlər arasında ölkəmizi kiberhədəf olaraq görmək istəyənlərin sayının artacağını da proqnozlaşdırmaq olar".

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə