Bakı Dövlət Universitetində (BDU) beynəlxalq elmi nəşriyyat və akademik məlumat bazaları sahəsində dünyanın aparıcı platformalarından biri olan “Elsevier” şirkətinin nümayəndəsi Yasemin Solay ilə görüş keçirilib.
Xeberler.az məlumat verir ki, tərəflər görüş zamanı universitetin elmi fəaliyyətinin beynəlxalq arenada tanıdılması, tədqiqat nəticələrinin nüfuzlu akademik bazalara inteqrasiyası, elmi məhsuldarlığın artırılması və müasir idarəetmə alətlərinin tətbiqi üzrə geniş əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Müzakirələr çərçivəsində BDU-da elmi fəaliyyətin səmərəli idarə olunmasını təmin edəcək elektron platformaların tətbiqi, elmi jurnalların beynəlxalq indekslərdə yer alması, tədqiqatçılar üçün beynəlxalq standartlara uyğun elmi məqalə yazılması üzrə təlimlərin təşkili, SciVal və digər analitik platformalar üzrə praktiki təlimlərin keçirilməsi kimi mövzulara xüsusi diqqət yetirilib. Bununla yanaşı, universitetin elmi nəşrlərinin və tədqiqat nəticələrinin daha geniş beynəlxalq auditoriyaya çatdırılması yolları müzakirə olunub.
BDU rəhbərliyi görüşdə vurğulayıb ki, “Elsevier” ilə əməkdaşlıq universitetin beynəlxalq elmi reytinqlərdə mövqeyinin möhkəmlənməsinə, tədqiqatların dünya akademik ictimaiyyətinə çatdırılmasına və universitetdə müasir elmi mühitin inkişafına mühüm töhfə verəcək. Həmçinin tərəflər bu əməkdaşlığın gənc tədqiqatçılar üçün yeni imkanlar yaradacağını və BDU-nun elmi fəaliyyətində innovativ yanaşmaların tətbiqinə dəstək olacağını bildiriblər.
Görüşün sonunda tərəflər əməkdaşlığın konkret addımlarını müəyyənləşdirmək və gələcək layihələri planlaşdırmaq üzrə qarşılıqlı razılığa gəliblər.