“Çox adam pulunun üstünü “açmağa” qorxur” – Müsahibə

26-01-2015 / 17:15

“Azərbaycanda “pulumu ver, sonra işləyim” mexanizmi ilə işləyirlər”

Müsahibimiz “BethClip” layihəsinin rəhbəri, bir neçə startapların müəllifi  Rəşid Əliyevdir. Hələ məktəb illərindən radiotexnika ilə maraqlanıb, hətta radioqəbuledicilər, müxtəlif radioqurğular yığıb.

Dediyinə görə,  testləri həll edəndən sonra, digər şagirdlərin yerinə də həll edərmiş. Bunu etməmək üçün müəllim onu müəllimlər otağına göndərirdi.

Bu sahədə bacarığı olduğu üçün də ali və magistr təhsilini də  elə bu sahə üzrə alıb. İKT sahəsində bilikləri isə heç kimin köməyi olmadan özü qazanıb.

Tanınmış startapçı Rəşid Əliyev ilə müsahibəni təqdim edirik:

 -İlk əmək fəaliyyətinə İKT ilə başladığınızı deyirsiniz. Bizə internetlə tanışlığınızdan danışın bir az.

-2000-ci illər İKT sahəsi Azərbaycan cəmiyyəti üçün bir qədər yeni idi. Bununla bağlı tez-tez bəzi problemlər ortaya çıxırdı. İnternet bugünkü kimi geniş yayılmamışdı və insanların xeyli hissəsi bu sahədən xəbərsiz idilər. İnternetə çıxış əldə edə bilmirdim, məcbur qalıb internet klublara gedib məlumatları floppy disklərlə kodlaşdırırdım, sonra evdə istifadə edirdim. İKT ilə bağlı həmişə axtarışda olmuşam, özüm öyrənmişəm. Sadəcə bir məsləhətçim olub – İT mütəxəssisi Elxan Alışanov. O həmişə mənə bu sahədə dəstək olub, stimul verib. Magistaturada  oxuduğum zaman marketinq mütəxəssisiliyi üzrə ilk işimə başladım və  ilk maaşın da dadını burada gördüm. Əvvəllər , iş üçün müraciət edəndə sınaq müddəti deyərək başımı aldadırdılar (gülür) .

-Rəşid bəy, bir sıra startap layihələrinin müəllifisiniz, həmçinin  həmtəsisçisi olduğunuz BethClip   startap layihəsi  də  kifayət qədər tanınaraq  “Startup Azərbaycan 2014”, “Yeni Fikir 2014 və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb.  Maraqlıdır, necə oldu ki, belə bir layihəni yaratdınız?

BetchClip layihəsinin ilk toxumları  Royal Bankda ( 2007-2008) işlədiyim  vaxtlarda qoyulub. Belə desək,  layihənin yaranması ehtiyaclardan qaynaqlandı. Bankda işlədiyim vaxt digər kompüterlər və serverlər üzərindən rahat  işləmək üçün şəbəkə üzərindən “clipboard”-ın ötürülməsi üçün kiçik bir tətbiq yazdım.  Bu proqram yalnız Windows ƏS üçün tətbiq oluna bilirdi.  Həmin vaxtlar hər hansı mətnləri, əsasən də böyük mətnləri bir kompüterdən digərinə  köçürən zaman texniki səhflər (hərf və ya səhf simvollar dail olunurdu), yalnışlıqlar yaşanırdı. Fikirləşdim ki, elə sistem yaratmaq olar ki, bu kompüterdə məlumatları kopyalasın, digər kompüterdə yapışdırsın. 2013-cü ildə layihə üçün komanda yığdım və layihəni formalaşdırmaq üçün fəaliyyətə başladıq.. Birinci komandamız  "dağıldı" və və elə həmin zamanda Android klientinin hazırlandığı kompyüterdə problem yarandı. Tətbiqin Play Stora yerləşdirdiyimi açarı itdi, kodlarn bəzi hissələri itdi və s. problemlər yarandı. İkinci dəfə komanda yığa bildim, bu dəfə isə layihəni tam maliyyələşdirə bilmədim. Nəhayət, ötən il Lahiyyə “Yeni Fikir” müsabiqəsində qalib oldu. Bu qalibiyyət bizə imkan verdi ki, layihəmizi geniş sferada təqdim edək və əldə olunmuş vəsaitlə bəzi xidmətlərin haqlarını ödəyək.

 -Layihələrinizi  yaradanda ilk vaxtlar   startap bazarında hansı çətinliklərlə üzləşdiniz?

-Kadr və  maliyyə tapmaq problemi ilə üzləşdim. Bizim ölkədə bu sahədə bazar  tam formalaşmayıb. İnsanlar  startap layihələrinə maraqla yanaşmırlar.  Boş vaxtlarının müəyyən  hissəsini belə layihələrə xərcləmirlər ki, gələcəkdə gəlir əldə etsinlər. Xaricdə elə layihələr var ki,  komanda 2 ilə yaxın pulsuz işləyir. Düzdür, komandadan ayrılanlar olur, amma sona qədər qalıb milyonlar qazanan da olur. Azərbaycanda “pulumu ver, sonra işləyim” mexanizmi ilə işləyirlər. Buna görə də layihənin  sonuna qədər qalmırlar.

-Uğurlu fəaliyyət göstərən Bethclip layihənizdə qarşınıza qoyduğunuz məqsədlərinizi bütünlüklə həyata keçirə bilmisiniz?

-Əsas odur ki, layihəni yaratdım və komandanı yığdım. Hazırda komandanın genişləndirilməsinə ehtiyac var. Layihənin planına görə işin 50% faizini yerinə yetirmişik. 20% faizini də fevrala qədər tamamlamağı düşünürük. Bu ilin sonuna qədər planlaşdırdığımız  istifadəçi sayı və sistemə hazırlıqdan sonra  gələn ildən  layihəni bazara buraxacağıq. Hazırda startapımızın  aktiv istifadəçiləri olsa da, passivlər də var. Planımız  odur ki, maya qədər sistemə 5 min aktiv istifadəçi cəlb edək.  Bu da startap üçün böyük rəqəmdir.

-Startapınızdan istifadəçilər necə yararlanırlar?Layihənin  maliyyəsini necə müəyyən edirsiniz?

-Hazırda layihə pulsuzdur. İstifadəçi cəlb etmək üçün  layihəni müəyyən müddət  də pulsuz edəcəyik. Biz hər  hansı problemlə üzləşiriksə,  onu müzakirə edirik ki,  bu əngəli necə keçə bilərik. Hazırda bu istiqamatdə də işlər aparılır. Winows,  Android, İOS platformalarında fəaliyyət göstəririk. MacOS, Linux, WebClient üzərində də hazırda iş gedir. May ayından sonra bu platformalarda da təmsil olunacağıq.

-İlk yaranan BethClip ilə hazırda fəaliyyət göstərən BethClip arasındakı fərqi necə müqayisə edərdiniz?

-Fərq çoxdur. Təhlükəsizlik  baxımdan layihə tam inkişaf edib. Dizayn fərqləri var. Əvvəllər  startap texniki baxımdan yaxşı dizayn olunsa da, qrafik dizayn bərbad idi. Dizaynı optimallaşdırdıq. Çalışırıq ki, daha müasir  platformalara   uyğun hərəkət edək.

-BethClip layihəsinin gələcəyini  necə proqnozlaşdırırsınız?

-Layihə ötən il ABŞ-da qeydiyyatdan keçdi. Hazırda bir neçə investorlarla danışıqlar   aparırıq. Planımız  layihəni daha genişləndirmək, baş offisi San-Fransiskoya keçirməkdir. Və oradan başlayaraq  Avropada və digər  regional istiqamətlərdə təmsil olunmaq, təmsilçi şirkəti açmağı düşünürük. İstəklərimizi həyata keçirmək üçün ABŞ ilə texniki məhdudiyyətlərin aradan qaldırılmasına ehtiyac var. Çünki, bizim qanunvericilikdə kommersiya məsələləri ilə  bağlı problemlər olur.

-Bu layihə ilə yanaşı, hazırda  başqa hansı istiqamətli layihələr üzərində işləyirsiniz? Startap bazarına hansı yeniliklərə çıxacaqsınız?

-Görmə qabilyyətini itirmiş və ya görmə qabilyyətində problemi olan şəxslər üçün Braille Pad planşetini  hazırlayırıq. Startapın komandası  artıq müəyyən formada hazırlanıb. Bu planşetdən yalnız əlifbanın oxunması üçün yox, həmçinin məlumatıninteraktiv şəildə fərqli-fərqli resuslardann əldə olunması üçün istifadə olunacaq. Braille Pad  2 hissədən ibarətdir: Braile əlifbasına uyğun olaraq hərflər standarta uyğun olaraq əks etdirən taktil display və mətnin daxil edilməsi üçün brail klaviaturası. İstifadəçilər braile klaviaturası ilə naviqasiya etməklə əks olunan məlumatı taktil displeydən barmaqları ilə oxuya bilirlər. Layihə ilə bağlı Azərbaycan Korlar Cəmiyyəti ilə də əməkdaşlıq edirik.  

-Layihələriniz üçün  üçün investor axtarışı nə yerdədir? Bu sahədə istədiyiniz naliyyətləri   qazana bilmisiniz?

-İnvestorlar bir ayrı təbəqədir. Onun yanına məsləhət üçün gedirsən, o sənə pul verir. Pul dalınca gedirsən, məsləhət verir. Betchclip üçün  ilk investisyanı "Imperious Group"da almışıq. Hazırda növbəti investorlar daha böyük məbləğlərlə danışıqlarımız davam edir. Startup Wise Guys, digərlərinin adını hələki açıqlamaq istəmirəm. Berkley universiteti ilə əməkdaşlığa hazırlaşırıq. Azərbaycanda Qafqaz Universiteti və Bakcellə əməkdaşlıq etməyə hazırlaşırıq. Avropada CEED və Bostonda TechStar-la danışıqlarımız davam edir.

Xarici şirkətlərdən də başqa təkliflər var, amma tərəfdaşlıq şərtləri uyğun olmadığı üçün bu məsələ qalıb. Layihə elədir ki, ya gərək səni kimsə məsləhət görsün, ya da fantastik nəsə göstərəsən.

-Bəs məşhur olan ayaqqabı.az startapınız-da necə, sizi kimsə məsləhət görmüşdü?

- Həyat yoldaşımla  formalaşdırdığımız ilk məşhur startapımız idi (2008-2009) . Ayaqqabı haqqında bütün məlumatlar burada var idi. Saytda müxtəlif dildə tərcümələr yerləşdirilmişdi, sual-cavab şəklində fəaliyyət göstərirdi.  Bu, Azərbaycanda ayaqqabılarla bağlı ilk vikipedik səhifə idi, gündəlik 3 minə yaxın ziyarətçimiz var idi. Layihəni il yarım işlətdikdən sonra Türkiyədən yaxşı qiymətlə təklif gəldi və satdım. Satışdan gələn gəlir ilə xərclərimizi  ödədik. Saytı alan adam 6 aydan sonra layihəmi “öldürdü”.

-Əməkdaşlıqda hansı məsələlərə diqqət edirsiniz?

-Əsas olan əməkdaşın tələbədir. Müqavilənin şərtlərində bəzən elə maddələr göstərilir ki, əməkdaşlıqda problemlər yaradır. Bu kimi problemlərlə əsasən daxili bazarda qarşılaşırıq. Xaricilər isə  özəllik istəyirlər ki,  bu istəklər  inkişafı dayandıra bilər.

-Yeri gəlmişkən, qarşıdan “Startap Azərbaycan 2015” müsabiqəsi gəlir.Yenidən müsabiqəyə qatılacaqsınızmı?Müsabiqə üçün hansısa layihə nəzərdə tutulub?

-Bir dəfə qalib olmuşam, yenə də qalib layihəmlə qoşula bilərəm.( gülür) Braille Pad startapı ilə  layihəyə qatılmağı düşünürəm. Qalib gəlməsək də, layihəmiz mediaya çıxacaq, tanınacaq və bu bizə investor gətirə bilər.

-Sosial şəbəkələrdə tez-tez ölkəmizdəki startapları tənqid edən fikirlərinizlə rastlaşırıq. Sizi buna nə vadar edir?

-Həqiqəti deyirəm və tənqidlərə açıq biriyəm. Bizim startaplar özləri istədikləri pəncərədən ətrafa baxırlar, istifadəçi, partnyor gözü ilə baxmaq istəmirlər, realığı qəbul etmirlər. Qulaq asmırlar, bir-iki aydan sonra dediyimə gəlib çıxırlar. Azərbaycanda xaricə inkubasiya  etmiş layihə tanımıram.

-Ölkədə milli  startap  infrastrukturunun  inkişafına  necə  qiymət  verərdiniz? Hazırda bu sektorda hansı trendlər üstünlük təşkil edir?

-Ölkəmizdə hələlik startapın inkişafı çox zəifdir. Startaplar yalnız ad çıxarıb, ortadan qeyb olurlar. Mən  Betchclip layihəsini xaricə çıxarandan sonra layihəmizin uğuruna inandılar. Azərbaycandakı investoru inandırmaq üçün gərək mütləq layihənlə xaricə çıxasan.

-Milli startaplarımız uğur əldə etmək, investisiya və dəstək qazanmaq üçün  hansı tələblərə cavab verməlidirlər?

-Startap layihəsi boş olmamalı, minimal dəyərli məhsul olmalıdır. Startapa dəstəyə gəlincə, bu dəstək yalnız maliyyə ilə bitməməlidir. Bu il İKT üçün ayrılan maliyyə prosesində bəzi yanlışlıqlar oldu. Belə ki, hər bir layihəyə eyni məbləğ ayrıldı. Halbuki bu bölgü layihənin dəyəri və fəaliyyətinə görə aparılmalı idi. Elə layihələr vardı ki, onlar o pulu götürüb startap yaratmaq adı ilə xərcləyəcəklər. Amma elə layihə də var ki, ayrılan vəsait onun ehtiyaclarını ödəməyəcək. Bu baxımdan fərqlillik olarsa, daha obyektivlik olar.

-Xaricdə  fəaliyyət göstərən startapları, bu sahədəki irəliləyişləri  izləyirsiniz....Ölkəmizə bu sahadə hansı yeniliklərin gətirilməsini istərdiniz?

-Xarici inkubatorlarda iştirak etmək, mentorlara çıxmaq lazımdır.Bazara giriş formalarını, inteqrasiya  və startap  məsələlərini düzgün formalaşdırmaq lazımdır.

-Nə üçün bizdə xarici ölkələrdə olduğu kimi startaplara investisiya yatıran fərdi investorlar – mələk yatırımçılar yoxdur?

-Azərbaycanda investorlar açıq yatırım etməkdən qorxurlar. Çoxları  pulunun üstünü “açmağa” qorxurlar. Bizim qanunlarda şəxsi yatırım etmək haqda müddəa yoxdur. Ona görə də, investisiya yatırımı etmək istəyən investor ya açıq və ya qapalı Səhmdar cəmiyyəti  yaratmalıdır. Bununla yanaşı, böyük risk etməkdən qorxurlar, çünki onlar bu sahədə profesional deyillər.  Bəzən ortada məhsul olmur, söz olur. Buna görə uduzurlar. Bu baxımdan mələk yatırımçılar gözə dəymir.

-Bəzi ekspertlər qeyd edir ki, uğurlu milli startupların komanda məsələsində problemi olduğu sezilir.  Startap komandasının parçalanması, komanda formalaşdırmağın çətinliyi nə ilə bağlıdır?

-Sosial məsuliyyət məsələləri, iş yerləri, daha çox komanda üzvlərinin pula görə komandaya gəlməsi kimi məsələlər. Hazırda məvacibə işləyənlər çoxdur. Komanda rəhbəri olsam da, ən az məvacibi mən alıram ( gülür). Komanda iki səbəbdən dağıla bilir. Birincisi, komandada qeyri-peşəkar adamlar olur. İkincisi isə peşəkar adamlar olsa da, yalnız maddi  marağı düşünürlər, bu da  komandanın dayanıqlığını azaldır.  Bəzən isə belə də olur:  bir komandada iştirak edən şəxslər  digər layihələrdə də təmsil olunurlar və iki işə vaxt ayıra bilmirlər. Komanda da təməl olmalıdır. Komanda bilməlidir ki, pul həmişə olmaya da bilər.

Sizcə, niyə Azərbaycanda startap bazarı digər ölkələrdəki kimi arzuolunan səviyyədə deyil? Buna maraq və ya şərait yoxdur?

-Bu gün kifayət qədər bu sahəyə şərait yaradıblar. Məkanlar çoxdur, amma inkubatorlar üçün şərait yoxdur. Sahə və internet vermək hələ hər şey demək deyil. Xaricdən mütəxəssislər  dəvət olunmalıdır. Media tərəfdaşları tapmaq lazımdır. Ukraynada iki həftə ərzində olduğum zaman bizim inkubotlarlarla  onlar arasındakı fərqi əsaslı şəkildə  hiss etdim.

-Bəs istifadəçilərə hansı özəllikləri təqdim edirsiniz ki, onlar sizi seçsinlər?

-Clipboard-un  tarixçəsi  yalnız bizdədir. Hazırda daha çox platformaları əhatə edirik. Kanalları şifrələməkdə bizim sistemlər daha  təhlükəsizdir. Digər sosial şəbəkələrə də application etməyi düşünürük. Bu, ilk vaxtlar pulsuz olacaq. PUSH sisteminə keçməyi də planlaşdırırıq. Artıq cliboard-da alternativ pəncərə açmaq məcburiyyətində qalmayacaqsınız. Məlumat gələndə sadəcə klik edib daxil ola biləcəksiniz.

Bizim milli startaplar dünya bazarına çıxmaq üçün daha çox Türkiyə bazarına üz tuturlar. Amma hələlik elə bir uğurları yoxdur. Rusiyada böhran yaşandığı bir vaxtda bizim internet biznes sektoru, milli startuplar bundan necə bəhrələnə bilərlər? Rusiya, Qazaxıstan və Ukrayna  bazarları onlar üçün maraqlı ola bilərmi?

-Qazaxıstan bazarı  ola bilər. Orada İT həqiqətən yaxşı inkişaf edib. Rusiyadakı böhrana görə, seçim etməyə dəyməz. Həmçinin ruslar daha çox iri layihələrə maraqlıdırlar. Ukrayna yaxşı seçim ola bilər. Startap bazarı üçün  Amerika və Avropa bazarını tutmaq, onlara daxil olmaq lazımdır.

-Bir yerdə uğur varsa, orada səhvlər də var təbii ki. Sizin səhvləriniz nələr olub? Startap yaratmaq istəyən həmkarlarınıza səhv etməmək üçün nələri tövsiyyə edərdiniz?

-Əvvəlcə vacib olan şərt startapı komanda üzvlərinə sevdirməkdir. İkincisi, komanda bilməlidir ki, ola bilsin ki onlar bir neçə vaxt  susuz, çörəksiz yol gedəcəklər. Buna hazır olmalıdırlar. Vaxt bölgülərini düzgün etməlidirlər. Problemlə qarşılaşanda onu ötüb keçməyi bacarmalıdırlar. Mentorların qoşulmasını əsaslı təşkil etmək lazımdır. Hər hansı layihəyə başlamadan öncə, istiqaməti düzgün  müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Komanadını düzgün toplamaq lazımdır. Komandanın ayrıca  texnik, marketoloq, icraçı qüvvəsi olmalıdır. Onlar  bilməlidir ki, yalnız rüzgara  möhtac olub dənizə çıxmaq olmaz, ola bilər ki, kürəklərini özləri çəkməli olacaqlar. Bu baxımdan startap komandası birlik olmağı bacarmalıdır.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə