Xarici startapları ölkəyə gətirək, yoxsa yerli startapları dəstəkləyək?-Müzakirə

10-10-2016 / 12:52

Son dövrlərdə Azərbaycanda startap eskosisteminin inkişafı, bu bazarda olan layihələrin fəaliyyəti müzakirə mövzusuna çevrilib.

Məlum olduğu kimi, Azərbaycanın startap bazarı son 4-5 ildir ki, formalaşmağa başlayıb, hazırda yerli startap bazarında az-çox layihələr formalaşıb.

Bəzi layihələr yerli bazarda fəaliyyət göstərir, bəzi ilə isə layihələrini qlobal bazara çıxarıb və həmin bazarlarda çalışırlar. Lakin xaricdə fəaliyyət göstərən layihələrimizin əksəriyyəti də Azərbaycan yox, digər ölkələrin adı ilə qeydiyyatdan keçib.

Nəticə etibariylə isə Azərbaycan adı ilə qlobal bazara çıxan layihələrmizin sayı çox az və hətta yox dərəcəsindədir.

Ekspertlər də vurğulayır ki, ölkəmizdə startap sektoruna həm maddi, həm də digər məqamlarla bağlı dəstəyi artırmaq lazımdır.

Məlum olduğu kimi, hazırda startap layihələrinə maddi dəstək göstərən qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Bu mərhələdən sonra layihələr dəstək göstərən qurum, təşkilat, investor yoxdur. Bəzi inkubasiya qurumları da kiçik məbləğlə layihələrə dəstək versə də, bu da müəyyən mənada layihələrin inkişafına təkan verə bilmir. Bunların da səbəbləri artıq ayrıca müzakirə ediləsi mövzudur.

Xeberler.az məlumat verir ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi rəhbəri İmran Bağırov təklif edib ki, xaricdə olan startapları ölkəyə cəlb edib burada yerləşdirmək üçün şərait yaratmalıyıq ki, ölkəmiz vergidən gəlir qazansın.

İmran Bağırovun bu təklifi ekspertlər arasında da müzakirələrə səbəb olub.

Hazırda Almaniyada Big Data sahəsində çalışan həmyerlimiz Tural Salahov deyir ki, bu, çox yaxşı fikirdir:

“Fikir çox yaxşıdır. Amma xaricdə olan startaplar invetsorlar olan ölkəyə üz tuturlar. Məncə investorların olması vacib amildir”.

İmran Bağırov isə buna cavab verərək deyib ki, ölkəmiz azad texno ticarət zonası olmalıdır ki, həm startaplar, həm də investorlar buraya köçmək istəsinlər.

Ekspert Fərid Kazımov isə bu təklifə münasibət bildirərək deyib ki, hazırda sadəcə Azərbaycanda real startaplara dəstək verməliyik:

“ Təəssüflər olsun ki əksər dəstəklənən startaplar ilk baxışdan "ölü uşaq" olur. Amma görəsən nəyə görə, bu və ya digər qurumlar həmin layihələri dəstəkləyir, pul ayırır? Məncə, bu, həmin insanların startap eskosistemi ilə bağlı məlumatlarının az olmasndan irəli gəlir. Korporativ sektorda "böyüyən" menecer üçün bu çətin olur”.

Müzakirə zamanı xaricdən Azərbayacan müştəri cəlb etmək üçün startap layihələri yaratmaq və mövcud imkanları dəyərləndirmək fikrinə gəlincə isə Fərid Kazımov deyir ki, xarici startapları Azərbaycana gətirməkdənsə, onlarla sadəcə əməkdaşlıq edib, əsasən yerli startapları dəstəkləmək lazımdır:

“Xaricdən Azərbaycan müştəri gətirmək üçün xarici startapları Azərbaycana gətirmək lazım deyil, qlobal platformalarla əməkdaşlıq edərək - turizmi, mallarımızı və s. satışını təşkil etmək lazımdır. Nəyə görə artıq zəhmət çəkərək sonu naməlum olan xarici startaplara dəstək etmək lazımdır? Sadəcə olaraq booking.com, tripadviser və s. layihələrə partnyor olmaq, turizmi cəlbedici etmək, yaxud da e-ticarət platoformaları ilə (b2b, b2c) əlaqələri inkişaf etdirmək lazımdır. Əgər məqsəd varsa, ona çatmaq üçün ən effektiv alətlərdən istifadə etmək daha məqsədəuyğundur”.

Ekspert vurğulayır ki, ölkəmizdə bu sahədəki bütün problemlərin kökündə məhz dəstəyin olmaması dayanır:

“Siz istəyirsiniz ki, 10 startap yaransın və onların heç olmasa 1-i qlobal olsun? Bu, mümkün deyil. Heç 100 startapdan biri də qlobal ola bilməz. Yalnız 300-400 və daha çox startap yaranarsa, onlardan qlobal startap çıxa bilər. Bunu yaratmaq, Azərbaycan startaplarnın qlobal arenaya çıxması üçün investisiya mühiti olmaldır. Daha sonra isə yeni mərhələli maliyyələşmə mexanizmi yardılmalıdır. Amma real olaraq bu gün Azərbaycanda ilk 10-20 min investisiya alan startap nəsə yaradır və onun inkişafı üçün növbəti investisiya lazımdır. Amma bunun üçün mənbə yoxdur. Yəni, startapın 2-ci mərhələsində investisiya cəlb olunması üçün heç bir qurum yoxdur. Amerikada isə heç kim Azərbaycan startapına (2-ci mərhələdə) investisiya verməyəcək. Ona görə də indi iri şirkətlərdə oturub, startapları tənqid etməkdən asan nəsə yoxdur”.

İmran Bağırov isə bildirir ki, Azərbaycan balaca ölkədir və hazırda burada mentallıq "harasa işə düzəlim, 500 manat maaş alım" olan halda keyfiyyetli startapların az olması sürpriz deyil.

O, hesab edir ki, ölkədə mentallığı dəyişməliyik və bununla yanaşı, xaricdən startapları cəlb etməliyik ki, qısa müddətdə çarx dönə bilsin.

Fərid Kazımov isə deyir ki, heç bir xarici startap buraya gələməyəcək. Çünki Azərbaycanda startaplara veriləcək böyük məbləğlər yoxdur, vergi sistemi startaplara loyal deyildir və ümumiyyətlə, Azərbaycan qlobal startap mərkəzlərindən "uzaqdadır":

“Gəlin öz startaplarımızı dəstəkləyin və inanın, onların arasında normal komandalar artıq var. Normal komanda varsa, normal startap yaratmaq olar”.

Ekspert hazırda startapların daxili bazara yönəlmələrinin səbəbini də izah edib:

“ Startapların daxili bazara yönəlmələrinin bir neçə səbəbi var. Bunları hamımız gözəl bilirik. Amma xarici bazara fokuslanan startaplara ölkədən heç bir dəstək yoxdur. Kiçik bir misal – Kvotter tətbiqi ( yəqin tanıyırsınız). Onlar sırf olaraq qlobal, xüsusən də Amerika bazarına ünvanlanan layihədir. Burada onlara heç kim dəstək vermir. Onlar da axırda gedib ya Estoniyada, ya ABŞ və yaxud Kanadada öz şirkətlərini yaradacaq və həmin ölkələrin layihəsi kimi fəaliyyət göstərəcək. Yaxud da keepface.com - sırf Azərbaycan startapıdır. Amma Denverde indi qeydiyyatdan keçib. Yəni, amerika şirkəti kimi fəaliyyət göstərəcəklər. Bu komandalar daha təcrübəlidir və artıq uğurlu-uğursuz layihələ yaradaraq təcrübə əldə ediblər. Bu, reallıqdır. Startaplara sosial dəstək verməklə çox az məqsədlərə nail olmaq olur.  Əslində, startapa dəstək verib, pay almaq və onun inkişafında bir payçı kimi maraqli olmaq bütün bu CSR-söhbətlərindən effektiv olardı.. CSR isə sosial startaplara ünvanlananlardır”.

Fərid Kazımov Azərbaycan startaplarının dəstək almasının daha məqsədəuyğun olduğunu deyib:

“ Çünki inanıram ki, azərbaycanlı gənclər arasında uğurlu startaplar yaratmağı bacaranlar az deyil. Nəyə görə Barama kimi sturkturlar, yaxud da başqaları xarici startapları dəstəkləməlidir? Xarici startaplara yatırım normal haldır, amma onları Azərbaycana gətirib burada dəstəkləməyin nə mənası var? Gəlin birgə özümüzünkünü yetişdirək. Və sonra həmin komandalara maliyyə dəstəyi göstərək. Bizdə isə nə yetişdirmək üçün, nə də maliyyə üçün maxanizm var. Yaxşı ki ,İKT Fondu var, onlar maliyyə verir. Yoxsa , ümumiyətlə, bu sahədə maliyyə sıfıra bərabər olardı. Ölkədə bir dənə də olsun real vençur, startaplara ünvanlanan tədris proqramı şirkəti yoxdur. Bəs bu komandalar harada yetişsin? Bir, iki seminar, master-klass təşkil etməklə kiməsə nəsə öyrətmək olmur. Biliklər sistematik və məntiqi ardıcıllıqla verilməlidir. Hissə-hissə verilən biliklər yalnız sonrakı mərhələlərdə effekt verə bilər. Başa düşmək lazımdır ki, Azərbaycanda sahibkarlıq ənənələri yoxdur, bizdə biznes-layihələr, xüsusən də kiçik və orta biznesdə xaotik reallaşmağa başlayır. Ona görə də hər hansı 20-22 yaşlı gəncin normal startap yaradıb nəinki qlobal bazarı, hətta yerli bazarı tutmağı böyük sual altındadır”.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə