Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesi başlayıb.
Xeberler.az bildirir ki, abituriyentlər sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Bu gündən həmçinin sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Qeyd edək ki. elektron sistemin yaradılmasına baxmayaraq, hələ də bəzi universitetlər qeydiyyatla bağlı tələbələrdən kağız formada sənədlər tələb edir.
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
Ekspert qeyd edib ki, bir neçə ay öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti qeydiyyat prosesində kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdi:
"Bildirilmişdi ki, ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-in
Portal.edu.az platforması üzərindən olacaq. Universitetlər tələbələrdən, magistrlərdən və 2-ci ali təhsil alanlardan heç bir kağız sənəd tələb etməməliydi".
Qeyd edək ki, indiyədək universitetlərə qəbul üzrə qeydiyyat 3 mərhələdə həyata keçirilirdi :
1. Mərkəzləşdirilmiş qaydada, ETN-in
Portal.edu.az platforması vasitəısilə
2. Əksər universitetlər paralel olaraq qeydiyyat aparırdı, özləri üçün kağız sənədlər tələb edirdilər.
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər.
Osman Gündüz bildirib ki, magistarturaya qəbuldan sonra aparılan monitorinqlər onu deməyə əsas verdi ki, bu istiqamətdə atılan addımlar özünü doğrultmuş, on minlərlə tələbələrdən paralel olaraq kağız sənədlər tələb edilməmişdi.
Görəsən hazırda, bakalavr təhsili alanlarla bağlı vəziyyət necədir?
Ekspert qeyd edib kii, hələ ki, yalnız bir universitetin elanında qeyri-adi bir durumla rastlaşıb.
"ADPU rəhbərliyi tələbələri qedyiyyatla bağlı
Portal.edu.az –a yönəltsə də, maraqlıdır ki, elanda belə bir qeyd də yerləşdiriblər:
“Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər”.
Düşünürəm ki, bunlar yolverilməzdir və bu, paralel qeydiyyat, həm də kağız formada yenidən qeydiyyat deməkdir".
Osman Gündüzün sözlərinə görə, Elm və Təhdil nazirliyinin rəqəmsal platformasında olan sənədləri, bu platformadakı bütün sənədlərə ADPU-nun sərbəst girişi olduğu halda yenidən onları kağız formada tələbələrdən tələb etmək, hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır:
"Ümid edirəm ADPU rəhbərliyi, paralel qeydiyyata meyl edən digər universitetlər də bunu nəzərə alacaqlar.
Eyni zamanda İRİA və ETN tərəfindən də bu istiqamətdə monitorinqlərin aparılması, universitetlərə bu istiqamətdə bir daha tövsiyələrin verilməsi doğru olardı. İRİA və ETN-in universitetlərə sənəd qəbulu prosesini tam olaraq rəqəmsallaşdırması, paralelçilikdən imtina edilməsi, kağız formada sənədləşmədən tam imtina edilməsi istiqamətində addımları çox təqdirəlayiqdir".