“Elektron məktəb üçün Elektron müəllim” kursu başa çatdı

02-02-2015 / 13:31

Təhsil Problemləri İnstitutunda respublika müəllimlərinə sertifikatlar təqdim olunub

Təhsil Problemləri İnstitutunda bir ay davam edən “Elektron məktəb üçün Elektron müəllim” kursu 2015-ci ilin yanvar  ayının 30-da başa çatıb. Bu münasibətlə kursun sonunda müdavimlərə kursu müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatların təqdimatı üçün görüş  keçirilib.

 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması; distant  təhsil və s.) məzmununu əsas götürərək Təhsil Problemləri İnstitutunda uyğun kurslara start verilib. Artıq bütün Azərbaycan bölgələrini əhatə edən təhsil sahəsində çalışanların bu kurslarda iştirakçıların sayı  durmadan artmaqda davam edir.

Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən Xeberler.az-a verilən məlumata görə, “Elektron məktəb üçün elektron müəllim” təlimi Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib.

Kursun 2 günü institutun konfrans zalında auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kursda müəllimlərə mühazirə, təqdimat, müzakirə, “workshop”, debat və Veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunaraq maraqlı distant dərslər keçirilib.

Kursun keçirilməsi üçün bir sıra mövzulara toxunulub. 30 saatlıq Proqram çərçivəsində keçirilən dərslərə:  “Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”,  “Distant – məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”,  “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi” və s. daxildir.

Kursda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılıb.

İnstitutdan qeyd edilib ki, ilin ilk kursuna Bakı şəhəri ilə yanaşı, Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb.

Görüş zamanı kursa qatılan müdavimlərdən Bakı şəhəri Zərifə Əliyeva adına liseyin fiziki tərbiyə fənn müəllimi Hüseyn Hüseynov, Samux rayonu Nizami Gəncəvi adına tam orta məktəbin ibtidai sinif müəllimi Zöhrə Verdiyeva 1 ay ərzində kurs zamanı əldə etdiyi biliklərə dair nümunəvi dərsin təqdimatını etdilər. Dərsin dinlənilməsindən sonra İnstitutun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov müəllimlərin bu fəaliyyətini alqışlayaraq, bu bacarıqlarının təqdirəlayiq olduğunu bildirdi. Gələcək işlərində uğur arzuladı.  Görüş zamanı müzakirələr oldu, keçirilən kursla bağlı maraqlı fikirlər səsləndirilib.

Sonda direktor müavini Ənvər Abbasov və “Təhsil Problemləri” qəzetinin baş redaktoru Malik Rəcəb müdavimləri təbrik edərək onlara sertifikatları təqdim ediblər.

Təhsil Problemləri İnstitutu (TPI) nəzdində keçirilən təlimlərin iştirakçılarına Təhsil Nazirliyinin nömrələnmiş sertifikatları təqdim edilib. Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınıb.

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə