Gənclər Facebook-dan səmərəli yararlana bilirmi?

18-12-2014 / 21:34

Virtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. İstənilən şəbəkənin əsas istifadəçisi gənclərdir. “Gənclər Facebook-dan səmərəli yararlana bilirmi” mövzusunu  Xeberler.az araşdırıb.

Milli Məclisin deputatı Fazil Mustafa Xeberler.az-a bildirib ki, Facebook hər kəsin zövqünə, peşəsinə görə müəyyən olunmuş məkandır, insanlar sosial şəbəkədən öz seçiminə görə istifadə etməlidir: “Hər kəs informasiyanı özünün əqli mühakiməsinə görə qəbul edir. Gənclərin müəyyən qismi Facebook-da əyləncə xarakterli paylaşımlar etməyə, vaxt öldürmək üçün məlumat, şit zarafatlar paylaşmağa üstünlük verir. Facebook maşını idarəetməsinə bənzəyir. Kimi avtoşluq,  kimi özünü göstərmək, kimi isə bir yerdən başqa yerə getmək üçün istifadə edir. Təqribən eyni yanaşma burada da var. Yaxşı olar insanlar yeni texnologiyanın imkanlarından bilgi qazanmaq üçün istifadə etsinlər. Bununla belə, əyləncə üçün istifadə edənlərin sayı da az deyil”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Xeberler.az-a gənclərin müəyyən bir qisminin Facebook-u əyləncə və kommunikasiya vasitəsi kimi istifadə etdiyini bildirib: “Amma sosial şəbəkə təkcə kommunikasiya vasitəsi deyil, eyni zamanda ifadə azadlığı platformasıdır, burada onlar başqasına zərər vermədən fikir ifadə edə və bir-biri ilə fikir mübadiləsi apara bilərlər. İstifadəçi bu platformanı öz səviyyəsinə uyğun istifadə edir. Əgər onun bilik, intellektual səviyyəsi maksimum dərəcədə deyilsə, şəbəkədən az faydalanacaq, çat, kommunikasiya vasitəsi kimi istifadə edəcək”.

Ekspert bildirib ki, sosial şəbəkələrdən daha effektiv istifadə üçün müəyyən təlim, kurslar keçirilsə daha yaxşı olar.

Gənclərin Facebook-dan nə məqsədlə yaralanmasını aydınlaşdırmaq üçün Xeberler.az tələbələrə müraciət edib.

Bəyaz Məcidova, Azərbaycan Dövlət İqtisad Universiteti

Sosial şəbəkədən işdən və dərsdən sonra informasiya almaq üçün 1-2 saatlıq istifadə edirəm.

Faiq Kərimoğlu, Bakı Dövlət Universiteti

Mobildə olduğu üçün Facebook bütün günü aktiv olur. Saatlarla internetdə oturmuram, günə 1 saat vaxt keçirirəm. Birinci səbəb insanlarla virtual ünsiyyət qurmaqdırsa, ikincisi insanların musiqi zövqünü kəşf etməkdir.

Aytəkin Poladova, Bakı Slavyan Universiteti

Sosial şəbəkələrdən xəbərləri izləmək və əlaqə saxlamaq üçün istifadə edirəm. Sadəcə lazım olanda daxil oluram, saatlarla internetdə qalmıram.

Kamil Əmirli, Bakı Dövlət Universiteti

Facebook-dan işlә bağlı olaraq әn azı 3-4 saat istifadə edirəm. Bir neçə şirkətlə sosial media sahəsində əməkdaşlıq etdiyim üçün bu 6-7 saata qədər artır. Işdən kənar isə lazım olan şәxslәrlә әlaqә saxlamaq, mәlumat әldә etmәk, informasiya vә xәbәrlәri izlәmәk üçün istifadә edirәm.

Nigar Səmədli, Bakı Dövlət Universiteti

Sosial şəbəkələrdən daha çox tətil vaxtı günə 4 saat istifadə edirəm, amma indi dərslərlə əlaqəli olaraq 1-2 saat oluram. Səbəb isə öz fikirlərimi bölüşmək və işlərimlə əlaqəli paylaşımlar etməkdir.

Elnarə Salmanova, Bakı Dövlət Universiteti

Sosial şəbəkələrdən yalnız axşam yeni məlumatlar öyrənmək və qrup uşaqlarının paylaşdığı dərsləri izləmək üçün istifadə edirəm. Günə toplam 4 saat internetdə oluram və bəzən maraqlı olan məlumatlar paylaşıram.

Ülkər Eldarqızı, Bakı Slavyan Universiteti

Gündə 3-4 saat dostlarımla əlaqə saxlamaq və məni maraqlandıran insanların həyatından, ölkə gündəmindən xəbərdar olmaq üçün istifadə edirəm.

Xəyalə Bünyətova, Bakı Dövlət Universiteti

Son zamanlar Facebook sosial şəbəkəsinə yalnız bildirim gəldikdə baxıram, bir də bəzən diqqətimi çəkən informasiya və ya şəkil olduqda paylaşım edirəm.

Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə