Sahibkarlıq və innovasiya sahəsində fəaliyyət göstərən lider və mütəxəssislər üçün “Impact Pioneers 26 EUROPE” proqramına müraciət qəbulu elan olunub.
Xeberler.az bildirir ki, proqram Şərqi Avropa, Baltik ölkələri və İsveçdən olan iştirakçıları bir araya gətirərək beynəlxalq əməkdaşlıq, bilik mübadiləsi və şəbəkələşmə imkanları təqdim edir. Təşəbbüs İsveç İnstitutu tərəfindən, yaşıl keçidə töhfə verən təşkilat və şirkətlərin dəstəyi ilə həyata keçirilir.
10 həftə davam edəcək proqram çərçivəsində iştirakçılar bir həftə İsveçdə olmaqla müxtəlif təlim və görüşlərdə iştirak edəcəklər. Layihənin əsas məqsədi sahibkarlıq və innovasiya vasitəsilə dayanıqlı gələcəyin formalaşdırılmasına töhfə vermək, həmçinin yerli və regional təsirin artırılması üçün yeni tərəfdaşlıqlar qurmaqdır.
2026-cı il üçün proqramın əsas mövzusu “Dayanıqlı gələcək üçün sahibkarlıq və innovasiya”dır. Alt istiqamətlərə bərpa olunan enerji (Renewable energy), şəhər infrastrukturu (Buildings and Urban infrastructure), tullantıların idarə olunması və dövri iqtisadiyyat (Waste and Circularity) daxildir.
Tam maliyyələşdirilən proqram iştirakçılara liderlik bacarıqlarını inkişaf etdirmək, beynəlxalq şəbəkəni genişləndirmək, İsveçin innovasiya və startap ekosistemi ilə yaxından tanış olmaq imkanı yaradır.
Proqrama qoşulmaq istəyən şəxslər aşağıdakı məlumatları [email protected] elektron ünvanına göndərə bilərlər:
- Ad, soyad
- Təşkilat
- LinkedIn profili və ya keçidi
- Fəaliyyət sektoru
- İsveçlə əvvəlki əlaqələrin olub-olmaması
Qeyd edək ki, proqram sahibkarlıq və innovasiya ekosistemində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub.