“İnformasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın qəbuluna ehtiyac var”

26-12-2015 / 14:45

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Yevlaxda keçirilən konfransda məruzə ilə çıxış edib.

Xeberler.az-ın məlumatına görə, Əflatun Amaşov bildirib ki, Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri də informasiyalı cəmiyyətin yaradılmasıdır:

"İnformasiyalı cəmiyyətin yaradılmasına verilən önəm ilk növbədə Azərbaycanın 1995-ci il konstitusiyasında əksini tapıb. "İnformasiya əldə etmək haqqında" qanun da Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunan məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək məqsədi daşıyır. Həmçinin, qanuna əsasən, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaq da ön plandadır".

Deputat qanunun beynəlxalq standartlara tam cavab verdiyini xatırladıb:

"Qanundan söz açarkən ilk olaraq, informasiya əldə etmək azadlığı məsələsinə diqqət yetirməliyik. Qanunda da qeyd edilir ki, ölkədə informasiyanın əldə edilməsi azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Düşünürəm ki, qanunun qəbulundan ötən müddətdə mövcud istiqamətdə kifayət qədər irəliləyiş əldə olunub. Bu irəliləyişin əldə edilməsi isə təkcə media fəaliyyəti baxımdan önəmli deyil. Qanun ümumən cəmiyyətin informasiya tələbatının ödənilməsinə xidmət edir".

Əflatun Amaşov, həmçinin informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması məsələlərinə diqqət yönəldib:

"İstər ötən ilin avqustunda cəbhədə atəşkəsin geniş miqyaslı pozulması yaşananda, istərsə də bu il "MTN işi" ilə bağlı məsələyə kifayət qədər həssas yanaşılmadığı nəzərə çarpdı. Nəticə etibarilə ortaya daha bir zərurət çıxdı. Bu zərurət informasiya təhlükəsizliyi məsələsinə xüsusi yanaşılmasından ibarətdir. Bildiyiniz kimi, Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında" qanun var. Lakin bu qanunlarda informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır. Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, ictimaiyyət olaraq mövcud istiqamətdə daha fundamental yanaşmanın əldə olunmasına töhfə verə bilərik. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın qəbuluna ehtiyac var". 

Xeberler.az

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə