“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017 / 12:28

Məlumat verdiyimiz kimi, Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

Belə ki, bu təşəbbüslə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov komitənin iclasında çıxış edib.

Bu təklif ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri təklif olunan qanun layihəsinin heç bir beynəlxalq standarta uyğun olmadığını qeyd edərək narazılıqlarını bildirir.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Xeberler.az-a bildirib ki, KİV-də tənzimləmələr ilə bağlı yetərincə müddəalar var və onlar internetə də şamil olunur:

“Hazırda qanunvericilikdə Azərbaycan İnterneti və Kütləvi İnformasiya Vasitələri (KİV) hüquqi cəhətdən bərabərləşdirilib. Belə ki, mövcud Kütləvi İnformasiya Vasitələri haqqında qanunda internet həm də KİV olaraq qəbul edilib. Burdan isə belə nəticəyə gəlmək olar ki, KİV-də tənzimləmələr ilə bağlı yetərincə müddəalar var və ehtiyac olarsa onu internetə də şamil etmək olar”.

Onun sözlərinə görə, indiyədək internetdə, sosial mediada  bəzi hüquq pozuntuları ilə bağlı işlər olub ki, onlar artıq məhkəmənin predmetinə çevrilib.

Osman Gündüz qeyd edib ki, internetdə fəaliyyətin tənzimlənməsi ilə bağlı məsələlər KİV haqqında qanun ilə yanaşı, son dəyişilikliklər qəbul edilmiş Cinayət Məcəlləsində də yer alır:

“Məsələn, bu gün internet və sosial mediada anonim resurslar, profillər və hesablar vasitəsi ilə təhqir, böhtana yol verən şəxslər Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən, məsuliyyətə cəlb edilə və cərimə oluna bilər”.

Eskeprt vurğulayıb ki, əlavə bir qanunun qəbuluna ehtiyac yoxdur:

“Düşünürəm ki, son dövrlər bu istiqamətdə yetərincə qanunvericilikdə addımlar atılıb. Buna görə də, ayrıca internet və bloggerlik fəaliyyətinin tənzimlənməsinə dair yeni bir qanunun qəbuluna ehtiyac yoxdur. Dünyanın bir çox inkişaf etmiş demokratik ölkələrində bu cür qanunvericiliyə rast gəlməmişəm. Bu, insan hüquqları ilə bağlı mürəkkəb məsələ olduğuna görə, qanunun qəbuluna lüzum görmürəm. Düşünürəm ki, bu, Azərbaycan İnternetinin, ölkədə sosial medianın da inkişafını əngəlləyə bilər. Bu tip qanunların icrası kifayət qədər spesifik olduğundan, sui-istifadə halları yarana bilər ”.

İnternet Forumun prezidenti qeyd edib ki, sosial mediada olan məsələlərin, münasibətlərin tənzimlənməsi üçün mövcud mexanizmlər yetərlidir, hətta artıqlaması ilə var, yeni qanun üçün də elə bir ciddi səbəb yoxdur:

“Konkret hansısa bir məsələ, konkret elə bir yeni münasibətlər olsa idi, bu məqamda onu mövcud hüquqi mexanizmlərlə tənzimləməyin mümkün olmasını müzakirə etmək olardı. Eyni zamanda nəzərə almaq lazımdır ki,  sosial media, internet media yalnız KİV demək deyil. Bu, ölkənin inkişafı üçün əhəmiyyətli, yeni bir platformadır. İnsanlar, qurumlar bu platfromadan biznes, ictimai fəaliyyət, karyera qurmaq üçün, informasiya münasibətləri , təhsil və digər xidmətlər həyata keçirmək üçün istiafdə edir. Cəmiyyətin böyük bir hissəsi buraya inteqarsiya olunub. Düşünürəm ki, dar çərçivədə buna yanaşıb, hansısa tənzimləmələr etmək sonda daha ciddi fəsadlara səbəb ola bilər.”

Qeyd edək ki, Əflatun Amaşovun təklifini Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov dəstəkləyib:

“Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də, bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə