Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya proqramına start verilib.
Xeberler.az məlumat verir ki, proqramın açılış günü böyük maraqla qarşılanıb və 200-ə yaxın gənc iştirakçı tədbirdə iştirak edib.
İlk gündə iştirakçılara “Fikirin inkişaf etdirilməsi və təsdiqlənməsi” mövzusunda praktiki və nəzəri biliklərə əsaslanan təlim təqdim olunub. Bu sessiya gənclərə ideyalarını dəyərləndirmək, onları reallaşdırmaq üçün doğru istiqamət seçmək və ilkin mərhələdə rast gəlinən problemləri effektiv şəkildə həll etmək üçün əsas anlayışlar qazandırıb.
Proqramın əsas məqsədi iştirakçıların öz startap ideyalarını sistemli şəkildə inkişaf etdirərək bazara çıxara biləcək səviyyəyə gətirmək, eyni zamanda onları mentorluq və şəbəkələşmə imkanları ilə dəstəkləməkdir.
IV “Tusi” inkubasiya proqramına “Gələcək üçün bacarıqlar” layihəsinin veb platformasından 409 iştirakçı qeydiyyatdan keçmişdir. 41 ideya qeydiyyata alınıb.
Proqrama seçilmiş iştirakçılar 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramına cəlb olunacaqlar.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, təhsil prosesində tələbələrə innovativ ideyalarını inkişaf etdirmək üçün dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.