“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025 / 16:40

Yanvar 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "Demo Day" tədbiri təşkil edilib.

Xeberler.az məlumat verir ki, “İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində keçirilən tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramının yekunlarına, eləcə də illik hesabatın təqdimatına həsr olunub.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Bilişim Vadisi”nin direktoru Erkam Tüzgen və ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Əvvəlcə rəsmilər startap komandalarının layihələrinin təqdim olunduğu stendlərə baxıblar. Bundan sonra Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə rəsmilər çıxış ediblər və layihə çərçivəsində həyata keçirilmiş işləri əks etdirən videoçarx nümayiş olunub.

10 startap komandasının layihə təqdimatından sonra münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ən yaxşı 5 layihə “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunub.

Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdan keçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququ qazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindən müxtəlif sahələrdə təlimlər təşkil edilib.

2021-ci ilin aprelindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında əhəmiyyətli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihə müddətində 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilib, 2 mindən çox tələbə tərəfindən 181 startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. İnkubasiya proqramlarının yekunu olaraq 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilmə nəticəsində 3 komanda mükafatlandırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə