Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) sayca dördüncü “Məzun Günü” keçirilib.
Xeberler.az məlumat verir ki, məzun günü açılış nitqində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov mərkəzin ölkənin kibertəhlükəsizlik sahəsinə verdiyi töhfələrdən bəhs edib.
“Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf Konsepsiyası rəqəmsallaşma ilə yanaşı, dövlətin, biznesin və vətəndaşların fərdi məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasını hədəf alıb. Eyni zamanda, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasında da bu sahədə kadr potensialının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən də bu prosesə uğurlu dəstəyin həyata keçirilməsi işləri davam etdirilir. Belə ki, mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin yetişdirilməsi ilə yanaşı, ekosistemlə qarşılıqlı əlaqəni gücləndirir, şirkət və qurumların prosesə cəlbini təşviq edir, bacarıqların real mühitdə sınanmasına imkan yaradan hakaton və yarışlar təşkil edir, həmçinin yerli kibertəhlükəsizlik məhsullarının inkişafını dəstəkləyərək sahənin dayanıqlı inkişafına töhfə verir”, - deyə F.Osmanov qeyd edib.
Daha sonra tərəfdaş qurumların, eləcə də “Technion”un nümayəndələri çıxış edərək proqramın əhəmiyyətini, məqsədlərini və gələcək perspektivlərini vurğulayıblar. İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev AKM-in fəaliyyəti, tərtib edilən yeni proqram və layihələr, eləcə də görülən işlərin nəticələri və əsas göstəricilərlə bağlı təqdimat həyata keçirib.
2024-cü il üzrə mərkəzdən ümumilikdə 160 nəfər təlimlərini tamamlayaraq məzun olub. Müdafiə və hücum komandalarından məzun olan 60 tələbə ötən il 2000-dən çox müraciətçi arasından bütün mərhələləri uğurla başa vuraraq AKM-də təhsil haqqı qazanıb. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər. Bu il ilk dəfə keçirilən “Purple team” təlimlərindən isə 40 nəfər məzun olub. Bu təlimlər hücum və müdafiə komandalarının təcrübələrini birləşdirir. Proqram xüsusi olaraq özəl və dövlət sektorunda 2 ildən çox təcrübəsi olan mütəxəssislər üçün nəzərdə tutulub.
Tədbirin davamında məzunlardan ibarət komanda təhsil müddətində qazandıqları bilikləri real dünya problemlərinə və mövzularına tətbiq etdikləri yekun layihələrini təqdim ediblər. Daha sonra yüksək nəticə əldə etmiş 2 məzunun mükafatlandırılması baş tutub. Sonda məzun olan 100 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.
Qeyd edək ki, hazırda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 5-ci dalğa üzrə təlimlər davam edir. Hücum və müdafiə komandaları üzrə təşkil olunan təlimlərdə 60 nəfər iştirak edir. Onlar 2400-dən çox namizəd arasından seçilərək proqramda iştirak hüququ qazanıblar.
Tədbir çərçivəsində Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlərinin iştirakı ilə HR sərgisi keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri