Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasına hazırlaşır”

05-05-2021 / 19:07

COVID-19 pandemiyasına baxmayaraq, Asiya İnkişaf Bankı (AİB), CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) üzvü olan ölkələr və onun inkişaf tərəfdaşları CAREC regionunda regional əməkdaşlığı daha da gücləndirmək üçün effektiv addımlar atırlar.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AİB-nin illik ümumi yığıncağı zamanı baş tutan “CAREC-in 20 ili: rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” CAREC-in yüksək səviyyəli onlayn görüşü zamanı bildirib:

“2021-ci ildə CAREC-in sədri olaraq Azərbaycanın regional əməkdaşlığı və inteqrasiyanı daha da gücləndirmək öhdəliyinə sadiqliyini aydın şəkildə ifadə etmək istəyirəm.

CAREC proqramı iyirmi ildir regionun inkişafına fəal şəkildə töhfə verir və şübhəsiz ki, pandemiyadan sonra onun bərpası üçün həlledici olaraq qalacaq. Proqram yeni prioritet sahələrdə fəaliyyətlər də daxil olmaqla, müxtəlif klasterlərdə yüksək keyfiyyətli layihələrə investisiya qoymaqla və tədqiqat, bilik, qabaqcıl təcrübə mübadiləsi kimi sahələrdə regional əməkdaşlığın katalizatoru rolunu artırmaqla regional qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini dəstəkləyir.

Bu gün CAREC-in 20 illiyinə həsr olunmuş çox vacib mövzunu – “Rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” mövzusunu müzakirə edirik. Ölkəmiz rəqəmsallaşmanın artan roluna və zəruriliyinə, bununla əlaqədar iqtisadiyyatın transformasiyasına böyük diqqət ayırır. Bu, şübhəsiz ki, CAREC regionunda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün vasitə olacaq”.

Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasına yönəlmiş bir sıra proqramlar qəbul edib və hazırda onlar üzərində iş gedir.

2021-ci ilin fevralında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Strategiyası təsdiq edildi ki, o, beş əsas istiqaməti əhatə edir:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

M.Cabbarovun vurğuladığı kimi, qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

“Bundan əlavə, Prezidentin son fərmanları ilə hökumət qarşısında “Ağıllı şəhər” və “Ağıllı kənd” Konsepsiyasının, eləcə də Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması vəzifəsi qoyuldu. Qeyd etmək lazımdır ki, 2021-ci ilin yanvarında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb. Onun əsas vəzifəsi qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında ölkənin mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasını təmin etmək, ölkəmizdə Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyat texnologiyalarının tətbiqi ilə bağlı səylərin koordinasiyasıdır.

Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu (WEF) arasında martın 30-da imzalanan təsis sənədlərinə əsasən, sözügedən mərkəzdə Dünya İqtisadi Forumunun Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin Azərbaycan filialı (C4IR Azerbaijan) da fəaliyyət göstərir. “C4IR Azerbaijan” artıq aprelin 1-dən işə başlayıb və Tərəfdaş Mərkəzinin əsasən süni intellekt, əşyaların interneti, rəqəmsal iqtisadiyyat və ticarətlə əlaqəli məsələlərə və layihələrə diqqət ayıracağı planlaşdırılır.

Bu arada, Dünya İqtisadi Forumu və CAREC İnstitutunun “Rəqəmsal CAREC” adlı ortaq təşəbbüsünü eşitdiyimiz üçün sevindik. Ümid edirik ki, bu təşəbbüs CAREC üzvü olan ölkələr arasında rəqəmsal ticarətin və investisiyaların təşviqi və regionda Dördüncü Sənaye İnqilabı texnologiyalarının bütün potensialının açılması üçün dəstək görəcək və inkişaf edəcək”, - M.Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti hazırda pandemiya ilə mübarizə istiqamətində intensiv iş aparır. “2021-ci ilin yanvarında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul edilib, 18 yanvar 2021-ci il tarixindən isə əhaliyə COVID-19-a qarşı vaksin vurulması prosesi başladılıb və uğurla həyata keçirilir”, - nazir deyib.

2 may 2021-ci il tarixinə olan duruma görə, Azərbaycanda 1 milyon 516 min 923 nəfər aşılanıb ki, bu da ölkə əhalisinin 15,2%-ni təşkil edir. 541 min 715 nəfər, başqa sözlə əhalinin 5,4%-i isə tam vaksinasiya olunub.

“Pandemiya və mürəkkəb qlobal iqtisadi proseslər fonunda rəqəmsallaşma, şübhəsiz ki, postpandemiya mühitində praktik əhəmiyyətə sahib olacaq, effektiv transformasiya isə bütün CAREC regionunda çiçəklənməyə töhfə verərək proqramın hədəflərinə çatmasını dəstəkləyəcək və sürətləndirəcək”, - M.Cabbarov fikrini tamamlayıb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan artıq üçüncü dəfədir ki, CAREC-ə sədrlik edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə