Milli axtarış sisteminin yaradılması ölkəmizə nə verəcək?

10-11-2015 / 12:43

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə həyata keçirilən Dilmanc layihəsi çərçivəsində milli axtarış sisteminin yaradılması işlərinə başlanıb.  

Xeberler.az Nazirliyin rəsmi saytına istinadən bildirir ki, layihənin direktoru Əbülfət Fətullayev layihənin hansı zərurətdən irəli gəldiyinə aydınlıq gətirib.

Əbülfət Fətullayev verdiyi açıqlamada milli axtarış sistemlərinin yaradılmasının zəruriliyini bir neçə səbəblə əlaqələndirib.

O, ilk növbədə milli təhlükəsizlik, informasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunması amili üzərində dayanıb:

 “Milli təhlükəsizlik, informasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunması həm yerli provayderlərin və həm də istifadəçinin imkanı xaricindədir, hər bir istifadəçinin (xüsusilə yüksək vəzifəli istifadəçilərin) internetdə iş, axtarış və digər statistik məlumatlarını izləmək imkanı olduğundan, belə məlumatların xüsusi xidmət orqanlarına ötürülməsi təhlükəsi var. Bu yaxınlarda FBR Apple və Google-dan belə məlumatların əldə edilməsi prosesini asanlaşdırmağı tələb etmişdi”.

Layihə direktorunun sözlərinə görə, izlənmənin qarşısının alınması əsas faktorlardan biridir.

Əbülfət Fətullayev qeyd edib ki, axtarış sistemlərinin və onların digər xidmətlərinin (e-mail, xəritələr, sosial şəbəkələr və s.) bütün istifadəçilərinin nə ilə maraqlanması, axtarış sorğuları, yazışmaları, sənədləri, əlaqədə olduğu şəxslər və s. izlənilir. Mobil qurğular vasitəsilə hətta GPS söndürülmüş halda da hərəkət trayektoriyası, lazım olarsa, gizli şəkildə mikrofonun açılması ilə danışığı, zəngləri və s. xarici serverlərə ötürülür. Bu yaxınlarda əksər hökumət başçılarının telefonlarının ABŞ xüsusi orqanları tərəfindən dinlənilməsi ciddi qalmaqal yaratmışdı.

Layihənin direktoru əlavə edib ki, milli dillərdə servis proqramlar yox dərəcəsindədir və ya onların keyfiyyəti çox aşağıdır. Ən populyar axtarış sistemləri olan Google, Baidu, Yandex və digər axtarış sistemləri bizim milli internet resurslarının indeksasiyasını o qədər də dərin yerinə yetirmir və bunun nəticəsi olaraq axtarış kriteriyasına relevant cavabların xeyli hissəsi əhatə edilmir, məsələn, Azərbaycan dilinin morfoloji zənginliyi nəzərə alınmır. Belə bir axtarış sisteminin yaradılması həm də dilimizin qloballaşma şəraitində inkişafına kömək edəcək,

 Əbülfət  Fətullayev trafik xərclərinə qənaətin də önəmini vurğulayıb.

Onun sözlərinə görə, bütün ölkələrdə internet trafikinin böyük bir hissəsi axtarış sistemləri və onların təqdim etdiyi xidmətlərin payına düşür. Milli axtarış sisteminin yaradılması nəticəsində xarici trafik xərclərinə qənaət olunur, xarici dillərin sistemə əlavə edilməsi hesabına isə ölkəyə girən trafikdən əlavə gəlir əldə edilir.

Layihə rəhbəri bu sistemin ticarətin və elektron ticarətin artmasına da zəmin yaradacağını qeyd edib:

 “Uzun illərdir ki, istifadəçilər onlara lazım olan məhsul və xidmətləri internetdə axtarmağa üstünlük verirlər. Hal-hazırda şirkətlərin çox cüzi hissəsi haqqında internetdə məlumat var. İnkişaf etmiş ölkələrdə isə demək olar ki, bütün şirkətlər, onların məhsul və xidmətləri axtarış sistemlərinin kataloqunda yerləşdirilir. İstifadəçi hər hansı məhsul və ya xidməti axtardıqda olduğu yerə ən yaxın şirkətlər haqqında məlumatlar ona göstərilir. Bu, həm ticarətin, həm də elektron ticarətin artmasına təkan verir”.

Bu məsələlərin hər biri önəmli olsa da, onlardan ikisi – informasiya təhlükəsizliyi və reklam xüsusilə aktualdır, - deyə Əbülfət Fətullayev vurğulayıb.

Qeyd edək ki,  RYTN tərəfindən təklif olunmuş TASİM layihəsinin həyata keçirilməsi gələcəkdə Azərbaycanda milli axtarış sisteminin yaradılması və populyarlıq qazanması üçün vacib bir mərhələyə çevrilə bilər.

Milli axtarış sisteminin yaradılması həm milli təhlükəsizliyə, həm ölkəmizin İT sektorunun dünya miqyasında daha geniş avtoritet qazanmasına, həm rəqəmsal geriliyin aradan qaldırılmasına, Azərbaycanın informasiya alıcısından informasiya satıcısına çevrilməsinə imkan yaradacaq.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə