"Elektron Azərbaycan" iflasa uğrayacaq. Milli peykdən keyfiyyətli internet gözləməyə dəyməz

08-09-2010 / 00:35

- Bildiyiniz kimi bu yaxınlarda 2010-1012 –ci illərdə Azərbaycan da İKT-nin
   inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan) qəbul edildi.   
   Ölkədə hazırda bu sahədəki vəziyyəti necə dəyərləndirirsiniz? Bu
   Proqramın reallaşması ölkədə nəyi dəyişəcək.? Nə kimi yeniliklər
   gözlənilə bilər?
- Əgər söhbət ali hakimiyyətdən gedirsə təbii ki, İKT prioritet elan olunub və deyərdim ki, müəyyən diqqət də var. Məsələn, son dövrlərdə  Kosmik resursların bölünməsində ölkəmizin də iştirakına yönələn addımlar, dövlət büdcəsindən İKT sahəsinə xeyli vəsaitlərin yönəldilməsi, təhsildə və digər müxtəlif sahələrdə İKT- nin tətbiqinə əsaslanan dövlət proqramlarının və layihələrinin qəbulu buna misal ola bilər. Elə yenicə qəbul olunan Elektron Azərbaycan Proqramı da bu sahənin hakimiyyətin diqqət mərkəzində olduğunu göstərir.
Amma təəssüf ki, Layihəsi RİTN tərəfindən hazırlanan bu Proqram xeyli qüsurludur.
İlk öncə qeyd edim ki, əvvəlki illərdən fərqli olaraq RİTN bu dəfə Proqramın layihəsinin hazırlanmasına və müzakirələrə vətəndaş cəmiyyətini cəlb etməyib. Qeyd  edim ki, mən bu Proqrama baxanda xeyli təəccübləndim. Təsəvvür edin ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunan və 2005-2008-ci illər üçün nəzərdə tutulan əvvəlki Elektron Azərbaycan Proqramındakı tədbirlərin böyük əksəriyyəti təkrar olaraq burada da qeyd olunub. Hansı ki, bu köhnə Proqramın uğurla həyata keçirilməsini demək düzgün olmazdı. Amma indiki Proqramın preambulasında deyilir ki, əvvəlki  Proqram uğurla həyata keçirilib, hər  şey əladır. Bəs, görəsən onda oradakı tədbirləri yenidən yazıb, yenidən büdcə vəsaiti istəmək nəyə lazımdır. Digər  tərəfdən fikrimcə Proqramda məqsəd düzgün qoyulmayıb, ümumiyyətlə fikrimcə Proqram mahiyyətcə vətəndaşlara istiqamətlənən yox, daha çox hakimiyyət qurumlarının özünün rahatlığına istiqamətlənib.

-Siz qeyd etdiniz  ki, əvvəlki Dövlət Proqramı – 2005 – 2008-ci illəri nəzərdə tutan Proqram uğurlu olmayıb, bir sıra məsələlər həllini tapmadı, konkretləşdirə bilərsinizmi ?
-Diqqət yetirin. Əvvəlki Proqramda nəzərdə tutulurdu ki, İKT –nin bir infrastruktur olaraq inkişafı üçün, təşkilati, hüquqi–normativ və texniki-texnoloji əsaslar yaradılsın. İqtİsadi-struktur islahatları aparılmalı idi.
Amma biz bunları müşahidə etmədik. Özəlləşdirilməsi nəzərdə tutulan qurumlar əvvəlki statusdadır, Proqramda nəzərdə tutulan müstəqil tənzimləyici qurum yaradılmayıb. Vergilər Nazirliyi və TQDK–nın bir - iki xidmətini çıxmaq şərtilə, hələ də  vətəndaşlar əksəriyyət dövlət xidmətlərini, hətta adicə bir arayış almaq üçün saatlarla  növbədə durmalı, nazirliklərə və dövlət idarələrinə getməlidirlər. Elektron imza ilə  bağlı məsələni götürək. Xeyli miqdarda vəsait ayrılmasına baxmayaraq, 2009-cu ildə  reallaşması nəzərdə tutulsa da hələ də elektron imzadan bir xəbər yoxdur.
Azərbaycanda az qala hər bir dövlət qurumunun özəl informasiya sistemləri, vətəndaşlar haqqında məlumat bazaları mövcuddur ki, dünyanın heç yerində indi  belə şey yoxdur. Özü də tam fərqli platformalar, texnologiyalar əsasında. Bunların inteqrasiyası indi ciddi problemə çevrilib.
"AzDATACOM" şəbəkəsinin məqsədi respublikanın regionlarında ucuz və keyfiyyətli internet xidmətlərinin göstərilməsi olmalı idi. Ən effektsiz layihələrdən biri olan “AzDATACOM” Layihəsinə son illərdə RİTN 10 milyonlarla büdcə vəsaiti xərcləyib, amma heç bir səmərə, heç bir effekt , hələ də yoxdur. Əksinə onun yerinə yetirməli olduğu funksiyaları, TAE layihəsi, Delta Telekom, AzTelekom kimi qurumlar yerinə yetirir. Milyonlarla xərc çəkilərək “Regional İnnovasiya Zonası” – İT texnoparkının  yaradılması ilə bağlı təkliflər hazırlandı, amma nəticəsi yoxdur, az  qala bu layihələr  artıq unudulub. Bildiyim qədər  bəzi nazirliklər bu təkliflərin səmərəsiz olduğunu əsas gətirərək dəstəkləməkdən imtina edib. 
Son illərdə İnternetin qiyməti 7-8 dəfə endirildi. Bununla  belə problemlər  qalmaqdadır. Ölkənin real imkanları baxımından  cəmi 3-4% genişzolaqlı internet istifadəçisinin olmasının ümumiyyətlə izahı yoxdur. Telefon xəttindən istifadə etmədən,  Provayderə məxsus ayrıca optik xətlə internetə qoşulmaq istəyənlər, bu xəttin RİTN-ə məxsus  kanalizasiyadan keçməsinə görə, hər km.-ə  görə hər ay RİTN -ə 100 manat ödəməlidir. Bu qonşu ölkələrdən 10 dəfələrlə  bahadır.  Dövlət Statistika Komitəsi deyir ki, 01 yanvar 2010-cu il tarixdə ölkədə əhalinin 27% İnternetdən istifadə edib, RİTN isə deyir ki, yox bu 44%-dir. 

-Ümid etmək olarmı ki, Milli peykimiz orbitə çıxarılandan sonra, həmçinin də yeni gündəmə gətirilən Supermagistral layihəsi nəticəsində ölkədə İnternet problemi birdəfəlik həll olunacaq?
-Təəssüf ki, belə ümidlər üçün ciddi əsasların olduğunu düşünmürəm. Ən yaxşı halda  bir peykin verə biləcəyi internet trafikin həcmi 2 Gb-dən çox deyil. Amma tək bir Delta Telekom şirkətinin optik kanallarla indi ölkəyə gətirdiyi internet trafikinin həcmi, səhv eləmirəmsə 45 Gb-dən çoxdur. İndi  baxın İnternet probleminin həllini  biz göydə axtaraq, yoxsa yerdə.
Kosmik resursların bölünməsi ilə bağlı prezidentin sərəncamı kifayət qədər əhəmiyyətli  və düzgün bir addımdır. Amma RİTN tərəfindən bütün fəaliyyətin məhz telekommunikasiya yönümlü Peykin hazırlanmasına yönəldilməsini qüsurlu hesab edirəm. Fikrimcə bu addımlar həm biznes cəhətdən, həm milli təhlükəsizlik cəhətdən, həm də ölkənin sosial-iqtisadi problemlərinin həlli cəhətdən uğurlu nəticə vəd etmir.
Qeyd  etdiyim faktorlara görə Azərbaycan üçün indi daha çox kəşfiyyat-təhlükəsizlik yönümlü, lap elə ekoloji-meteoroloji yönümlü Peyk daha faydalı və gəlirli olardı. Artıq dünyada indiki dövrdə bizim kimi balaca ölkələrin öz telekommunikasiya probleminin  Peyklə həllinə ciddi yanaşmırlar. RİTN –nin bu məsələyə indiki yanaşması dünyada optik telekommunikasiya infrastrukturunun inkişaf etmədiyi 20-30 il öncəki vəziyyətə uyğundur.

-Bəs RİTN –nin təklif etdiyi  İnformasiya Supermagistralı necə, İnternet probleminin, effektiv informasiya münasibətlərinin həllinə  kömək edəcəkmi ?
-Supermagistral Layihəsi ilk baxışdan belə görsənir ki, ölkə üçün faydalıdır. Amma diqqətinizə  çatdırıram ki, bu tip iki nəhəng Layihə, TAE və Delta Telekom – məhz elə Nazirin qeyd etdiyi Supermagisrtrallardır da. 30 milyon  büdcə vəsaiti sərf olunan, 20-dən çox ölkənin ərazisindən keçən, Avropa və Asiyanı birləşdirən  TAE Supermagistralından görən nə üçün effektiv istifadə olunmur?  Bu magistralla ötürüləcək lokal resursların da yetərincə inkişaf etmədiyi indiki durumda mən yeni Supermagistralın da elə bir əhəmiyyətini görmürəm. Lap tutaq ki, bu yeni təklif olunan Supermagistral üçün maliyyə də xaricdən alınacaq. Belə olan halda isə məntiqlə düşünmək olar ki, xarici vəsaitlə qurulan bu infrastruktur görən ölkə üçün nə dərəcədə təhlükəsizdir, kim onu idarə edəcək, bəlkə o elə mövcud yerli infrastrukturun sıradan çıxmasına səbəb olacaq. Bildiyim qədər Rusiya məhz bu faktoru nəzərə alaraq bu tip layihəni dəstəkləməyib. Hər halda fikrimcə bunlar ciddi araşdırılmalı məsələlərdir.

-İndiki yeni proqramda Elektron hökumət məsələsinə nə dərəcədə diqqət yetirilib ?,

-Elə ən qəribəsi odur ki , Elektron Azərbaycanın özəyini təşkil etməli olan Elektron hökumətlə bağlı məsələyə bu yeni Proqramda də ötəri bir diqqət yetirilib.
Konkretlik yoxdur. Bilinmir ki, konkret hansı sayda dövlət xidməti hansı müddətdən sonra elektron formaya keçiriləcək. Məsələn, Rusiyada bu tip Proqram çərçivəsində qərara alınıb ki, konkret 2 il ərzində 72  növ dövlət xidməti elektron formada vətəndaşlara təqdim olunacaq. Estoniyada da belə olub. Vahid dövlət xidmətləri Portalı nəzərdə tutulmur. Ümumiyyətlə bu Proqram fikrimcə “Elektron hökumət” yaradılması ilə bağlı məsələlərin effektiv həllinə imkan  vermir.
 Əslində vətəndaşlar arasında sorğu keçirilməli idi ki, ilk növbədə hansı  xidmətlər  elektron formaya keçirilməlidir. Axı bu xidməti alan vətəndaşdır. Dövlətin göstərdiyi  xidmətlər haqqında Qanun hazırlamaq vacib idi.

-Hazırkı Elektron Azərbaycan Proqramın idarə edilməsi necə olacaq? Vətəndaş Cəmiyyəti iştirak edirmi bu prosesdə? Ümumiyyətlə siz Proqramın uğurla başa  çatdırılması üçün nə təklif edərdiniz ?
A-rtıq qeyd etdim ki, vətəndaş cəmiyyəti bu prosesdən kənardadır. Yalnız dövlət  qurumlarının nümayəndələri daxil olan bir Əlaqələndirmə qurumu yaradılıb. Ötən dövr göstərir ki, bu qayda və bu yanaşma ilə heç bir uğur gözləməyə dəyməz. Əgər  dövlət büdcəsindən bu dəfə vəsaitlər ayrılsa fikrimcə bu cür geniş radiusda olan, təkrarçılığa yol verilən və hər bir layihə üzrə konkret gözlənilən nəticələr bilinməyən indiki halda ancaq büdcə vəsaitləri effektsiz formada israf ediləcək.
Proqramdan və tədbirlərdən bilinmir ki, Layihələrin ekspertizası necə həyata keçiriləcək. Layihələrin konkret büdcəsi nə qədər olacaq. Hər bir Layihə üzrə konkret hansı gözləntilər olacaq. Proqram çərçivəsində Layihələr hansı qayda ilə maliyyələşəcək. Bu maliyyələşmə RİTN- nin mərkəzləşdirilmiş Fondu  hesabına olacaq, yoxsa Büdcədən olacaq.
Fikrimcə, Proqramın uğurlu gerçəkləşməsi üçün ilk öncə iqtisadi struktur islahatı, Proqramın effektiv idarəetmə mexanizmi qurulmalıdır.

-Konkret hansı tədbirlər nəzərdə tutulmalıdır ?
Düşünürəm ki, Elektron hökumət və Elektron Azərbaycan kimi ölkə səviyyəli Proqramların RİTN-nin idarəetməsinə verilməsi ciddi qüsurdur. Heç bir ölkədə bu tip yanaşma uğur gətirməyib. Ən axırıncı ölkə ki, bu cür addım atmışdı, bu Rusiya  idi. Cari ildən Rusiyada da Rabitə Nazirliyi yox, elə birbaşa hökumət özü  bu işlə məşğul olacaq.
Fikrimcə bizdə də Prezident yanında Elektron hökumətlə bağlı məsuliyyət daşıyan ciddi bir struktur formalaşdırılmalıdır. Nəzərə alsaq ki, yaxın müddətdə AzTelekom və BTRİB kimi nəhəng strukturların özəlləşdirilməsi gözlənilir, bir sıra hallarda Elektron Hökumət yönümlü tədbirlər sərt yanaşma və ciddi koordinasiya tələb edir, onda görərik ki, bu cür qurumun yaradılması çox zəruridir.
Ümumiyyətlə isə RİTN- nin səlahiyyətlərinə nəhayət  ki, aydınlıq gətirilməlidir. Nə vaxta qədər ki, bu qurum kommersiya, dövlət idarəetməsi və tənzimləmə  funksiyalarını bir əldə cəmləyib, ciddi uğurlardan danışmaq mümkünsüzdür. Bildiyim qədər artıq təkcə Türkmənistan və Belarusda deyəsən bu tip Nazirlik var. Odur ki, daha sürətli, çevik islahatlar üçün bu qurum ya ləğv edilməli, ya da səlahiyyətləri xeyli məhdudlaşdırılmalıdır. Beynəlxalq təcrübəyə əsaslanaraq Müstəqil tənzimləyici qurum olan Milli Telekommunikasiya Şurası yaradılmalı, kommersiya səlahiyyətləri RİTN-nin əlindən alınmalıdır. Əks halda heç bir ciddi nəticə əldə olunmadan vəsaitlər səmərəsiz olaraq xərclənəcək, rəqabətyönümlü bir mühit formalaşmayacaq.

Gülnarə Əmirqızı
Bizim yol qəzeti, 07.09.2010

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə