Akif Süleymanov: “Əvvəllər bilik mənbəyi müəllimlər idi. İndi isə internetdir”.

21-10-2010 / 08:11

Xeberler.az portalının bu günkü müsahibi Azərbaycan Texniki Universiteti İnformatika və informasiya texnologiyaları kafedrasının müdiri, texnika elmləri namizədi, əməkdar müəllim Akif Şamil oğlu Süleymanovdur.

-Akif müəllim, bu günlərdə Azərbaycan Texniki Universitetinin rəsmi saytının (aztu.edu.az) təqdimat mərasimi keçirildi. Bu barədə bir az məlumat verərdiz.

-Elektron Universitet layihəmiz artıq hazırdır. Bu haqda rektor tərəfindən də komissiya yaradılıb. Bizim statistik olaraq AZTU.az saytımız var idi. Burada əsasən statistik məlumatlar yerləşdirilirdi. Bu saytda biz daha çox tələbələrə lazım olan statistik göstəricilər və bir sıra mətnləri yerləşdirmişdik. Indi isə AZTU.edu.az saytı yarıdılıb. Məhz elektron universitet layihəsinin bizim təhsilin yaxşılaşdırılmasına gətirib çıxardacağına inanıram. Bizim bu günə qədər ən böyük uğurlarımızdan biri də tələbələrin testlə imtahan verməsidir. Baloniya sisteminin ən əsas tələblərindən biri də tələbələrin kompüterlə test imtahanının keçirilməsidir ki, biz bunu etdik. İmtahanlar testlə olduğu üçün biz bütün mühazirələri, bütün internet resurslarını bir mərkəzdə yığmaq qərarına gəldik. Və təbii ki, kompüterlə imtahan tələbələrin müəllimdən asılılığını azaldır.

-Elektron universitet layihəsini elektron dövlətə daxil edə bilərikmi?

-Elektron dövlətə qoşula bilər. Bunun üçün ilk olaraq Elektron Universitet Elektron Nazirliyə birləşdirilməlidir. Sonda isə elektron dövlətə birləşdirilməlidir. Çünki bütün universitetlərin portalları məhz Təhsil Nazirliyinin mərkəzində birləşməlidir.

- Texniki Universitetdə onlayn imtahanlar nə vaxt keçiriləcək?

-Bizim ən ali məqsədlərimizdən biri də məhz onlayn imtahanın keçirilməsidir. Yəni, tələbə dərsə gəlmədən müəlliminə imtahan verə bilsin. Bizim gələcəkdə məhz bu layihəni həyata keçirmək istəyirik.

- Tələbələrin kompüter bilikləri sizi qanə edirmi?

- Son dövrlər imtahanların elektron testlə keçirilməsi, artıq tələbələrdə kompüterə marağı artırır. Tələbə elektron testi vermək üçün ən azından kompüter biliklərinə sahib olmalıdır. Bu da bəzi narazılıqların qarşısını alır. Bu proses şəffaflığı və düzgünlüyü qoruyur. Həm də psixoloji cəhətdən tələbələrə sərf edir.  Əvvəllər bilik mənbəyi müəllimlər idi. İndi isə, bilik mənbəyi internetdir. Tələbə istədiyi vaxt internetə girərək istədiyi mühazirə mətnini əldə edə bilir. Az öncə dediyim kimi, imtahanların elektron formada keçirilməsi kompüterdən istifadə edən tələbələrin sayını artırır.

- Universitetdə internetin keyfiyyəti qənaətbəxşdirmi?

- Hazırda elektron universitet layihəsini həyata keçiririk. Bunlardan biri internetin sürətinin daha da yaxşılaşdırılması digəri isə, internet resurslarının yaradılmasıdır. Yəni bunlar olmasa elektron universiteti yaratmaq mümkün deyil. Biz ümumiyyətlə, bütöv universitet üzrə 10 mb sürət alırıq. 500-ə yaxın kompüter şəbəkəyə qoşulub. Və bu sürət demək olar ki, hamıya bərabər paylanır.  Hətta, rektora belə tələbələrlə birlikdə eyni sürət verilir. Sadəcə olaraq bizim 10 mb sürətin bölünməsində bəzi problemlərimiz var. Belə ki, biz kompüterləri qeydiyyatdan keçirməliyik, onları hər birinin serverini qeyd etməliyik. Daha sonra bütün kompüterlər bir mərkəzdən idarə edilməlidir. Bu zaman hər bir kompüterə istədiyim sürəti vermək imkanım daha da artır. İndiki vəziyyətdə isə saat 11-də internetə girmək olmur. Kimsə hardasa internetin sürətini endirir. Bu da problemlər yaradır.

- Xəbərlər.az portalına sonda hansı sözləri söyləyə bilərsiniz?

- Bu portalın varlığı Azərbaycanda İKT sahəsinin inkişaf etdiyini bir daha göstərir. Xeberlər.az portalının olması, müsbət haldır. Mən sizin portala uzunömürlülük arzu edirəm. İnsanlara İKT-nin doğru yönlərini göstərməkdə bu portalın əvəzsiz rol oynayacağı heç şübhə doğurmur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə