Azərbaycan nümayəndə heyəti “Elektron məktəb – 2011” adlı beynəlxalq konfransda iştirak edəcək
Azərbaycanın nümayəndə heyəti 2011-ci ilin 15-16 sentyabr tarixlərində Kazan şəhərində keçiriləcək “Elektron məktəb – 2011” adlı birinci beynəlxalq konfransda iştirak edəcək. Konfrans Tatarıstanın Təhsil və Elm Nazirliyi və İntel korporasiyası tərəfindən təşkil edilmişdir.
Azərbaycanı konfransda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və Veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz Abuşov, İntel korporasiyasının təhsil proqramlarının əlaqələndiricisi Teymur Məmmədov, Microsoft Azerbaijan şirkətinin təhsil proqramlarının əlaqələndiricisi Emin Axundov, Ultra şirkətinin elektron təhsil şöbəsinin rəhbəri Sərxan Məmmədov təmsil edəcək.
Konfrans zamanı rəqəmli təhsil resurslarının digər ölkələrdə də, o cümlədən Azərbaycanda istifadə olunması modelləri müzakirə olunacaq. Həmçinin İKT sahəsində müəllimlərin hazırlığının təşkili, təhsilin informasiyalaşdırılması infrastrukturunun inkişafı və onun reallaşdırılmasının ilkin nəticələri də nəzərdən keçiriləcək.
Forum həmçinin 2011-ci ildən Rusiyada ümumi ibtidai təhsilə aid federal dövlət təhsil standartının dəstəklənməsi üçün kompüter texnologiyalarının istifadəsi, təhsilin fərdiləşdirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi, həmçinin “1 şagird – 1 kompüter” konsepsiyasının reallaşdırılması kimi məsələləri əhatə edir. Qeyd etmək lazımdır ki, konfrans çərçivəsində həmçinin yüksək texnologiyalar sahəsində “İT-Park” texnoparkına və Kazan məktəblərinə ziyarət planlaşdırılmışdır.
Konfransda Rusiya, İngiltərə, Argentina, Braziliya. Makedoniya, Meksika, Sinqapur, Ukrayna və s. ölkələrin nümayəndələri iştirak edəcək